NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası “Yaşıl enerji zonası” kimi

...

Azərbaycan Respublikasının COP29 çərçivəsində apardığı çoxşaxəli istiqamətlərdən biri də “yaşıl enerji”ni ölkədaxili ərazilərdə daha da inkişaf etdirmək və Azərbaycanı bu sahədə lider ölkəyə çevirməkdir. Bərpa olunan və alternativ enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanda enerji sahəsində aparılan islahatlar üçün yeni eranın başlanğıcı hesab olunur. 2030-cu ilədək isə həmin enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Naxçıvan Muxtar Respublikası da böyük enerji potensialına malikdir və “yaşıl enerji”nin əsas mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji zonalar”ı elan edilib.

Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən bərpa olunan və alternativ enerji mənbələrinin sayı da kifayət qədərdir. Bu enerji mənbələri külək, su və günəş elektrik stansiyaları olaraq kateqoriyalara bölünür. Əgər həmin elektrik stansiyalarını sıralasaq muxtar respublika ərazisində Dövlət Energetika Xidmətinin istismar sahəsində alternativ və bərpa olunan enerji mənbələri üzrə 5 su elektrik stansiyası, 3 günəş elektrik stansiyası, 1 külək-günəş hibrid elektrik stansiyası və 1 külək elektrik stansiyası olduğunu görə bilərik. Birinci yerdə 22 meqavat gücə malik olan Araz Su Elektrik Stansiyası və eyni güclü Naxçıvan Günəş Elektrik Stansiyası dayanır. Daha sonra həmin siyahını 20,5 meqavat gücə malik “Arpaçay-1” Su Elektrik Stansiyası və 20 meqavat güclü Biləv Su Elektrik Stansiyası davam etdirir. Bunlardan başqa muxtar respublika ərazisində 11 meqavat gücə malik Şərur Günəş Elektrik Stansiyası, 5 meqavat gücə sahib Kəngərli Günəş Elektrik Stansiyası, 4,5 meqavat güclü Heydər Əliyev Su Anbarı üzərində olan su elektrik stansiyası və 1,4 meqavat olan “Arpaçay-2” Su Elektrik Stansiyaları fəaliyyət göstərir. Həmin siyahını 1,1 meqavat gücə sahib olan Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası və 0,3 meqavat gücə malik olan Culfa Külək Elektrik Stansiyasının sonlandırdığını görə bilərik. Həmin enerji mənbələri Naxçıvan Muxtar Respublikası ərazisini, ümumilikdə, 107,8 meqavat elektriklə təmin edir.

Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikamızda ekoloji cəhətdən təmiz, bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən verilən məlumata görə, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində yeni müvafiq tədbirlər həyata keçirilir. Yuxarıda sadaladığımız bərpa olunan və alternativ enerji mənbələrinin davamı olaraq muxtar respublikanın Ordubad rayonunda 36 meqavat, Tivi kəndində isə 15,6 meqavat gücə malik olan yeni su elektrik stansiyalarının hazırda inşası davam etdirilir. Bu gün bu sahədə əsas istiqamət mütəxəssislərin alternativ, davamlı enerji haqqında ətraflı anlayışa və geniş məlumata sahib olması, həmçinin alternativ enerji mənbələrinin müxtəlif növləri, o cümlədən hər bir alternativ enerji mənbəyinin güclü və zəif cəhətlərinin təhlili və texnologiya məsələlərinin həllidir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası çərçivəsində muxtar respublikada “yaşıl enerji” konsepsiyasının tətbiqi, alternativ və bərpa olunan enerji mənbələrinin layihələndirilməsi və yaradılması, eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrində hamiliyə götürülən aidiyyəti fakültələrdə tədrisi və təşviqi həyata keçirilib, mühazirələr oxunub. Enerji istehsalının atmosferə atılan karbon emissiyasının təsirinin azaldılması, yaşıllıq zonalarının artırılması məqsədilə Dövlət Energetika Xidməti və xidmətin struktur bölmələrində olan ərazilərdə 1900 ədəd müxtəlif ağac və kol tingləri əkilib. 2024-cü il ərzində elektrik enerjisinin istehsalında alternativ və bərpa olunan enerji mənbələri daha üstünlük təşkil edib, istehsal faizi artıb.

Bu il ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29-a ev sahibliyi edir. BMT-nin İqlim Dəyişikliyi Konfransının Azərbaycanda keçirilməsi onun dünya qarşısında sərgilədiyi sarsılmaz nüfuzun göstəricisidir və bütün dünyanın diqqətini cəlb edən bu konfrans ölkəmizin, eləcə də muxtar respublikamızın “yaşıl gələcəyi” üçün uğurlu olacaq.

Eyni zamanda qeyd edə bilərik ki, COP29 tədbiri öncəsi muxtar respublika da dövlət əhəmiyyətli tədbirlər keçirilir, “yaşıl enerji”nin mahiyyəti, iqlim dəyişikliyi ilə mübarizənin təşviqi, gənclərin bu istiqamətdə rolunun artırılması və bu kimi digər məsələlər üzrə işlər icra olunur. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə, muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “GreenFest” festivalında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin “Yaşıl enerji” Könüllüləri də iştirak edərək bir neçə maraqlı startup layihələri ilə diqqət çəkiblər.

Eyni zamanda muxtar respublikada “COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində bir sıra mühüm tədbirlər keçirilib ki, bu tədbirlərin məqsədi iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın qeyri-hökumət təşkilatlarının rolunu artırmaqdan ibarətdir. Forum Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə, “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Forum çərçivəsində panel müzakirələr də aparılıb.

Rafiq TƏHMƏZ

 

Nəşr edilib : 11.11.2024 20:17