NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən açıqlama

...

Bəzi informasiya saytlarında Babək rayonunun Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbi ilə bağlı  həqiqətə uyğun olmayan informasiyalar yayılıb. 
Bildiririk ki, bu barədə sosial mediada yayılan məlumatlar əsassızdır. Məktəb bağlanmır, sadəcə, məktəb  binası texniki cəhətdən istismar üçün yararsız olduğundan kollektiv  Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbə köçürülüb.   
Belə ki, məktəb binasında  yaranmış çatlar və bəzi  sinif otaqlarının tavanında suvaq qatının uçması səbəbindən  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna müraciət olunmuşdur. İnstitutun   mütəxəssisləri tərəfindən məktəb binasına texniki baxş keçirilmişdir.  Mütəxəssislərin rəyinə əsasən məktəb binasının texniki cəhətdən istismar üçün yararsız olduğu,  həmçinin məktəb binasının konstruksiya elementlərinin bərpa-gücləndirilməsi və əsaslı təmiri həm iqtisadi, həmdə texniki cəhətdən səmərəsiz hesab olunmuşdur. Layihə İnstitutunun rəyi əsasında məktəbdə təhsilalanların və təhsilverənlərin, eləcə də pedaqoji prosesin digər iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının təmini məqsədilə tədris prosesi dayandırılmadan məktəbin kollektivi 2024-cü il  2 dekabr tarixdən  Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbə köçürülmüşdür. 
Növbəti illərdə məktəb binası üçün layihələndirmə işlərinin aparılması  və yeni binanın tikintisinə başlanılması  nəzərdə tutulmuşdur. 
Əlavə olaraq qeyd edirik ki, məktəbin bağlanması və təhsilalanların dərs saatının azalmasından söhbət getmir və  dərs cədvəlinə uyğun olaraq müəllimlər ikinci növbədə  Cəhri qəsəbə 1 nömrəli məktəbdə  tədrisi  təşkil edirlər.  Bir daha qeyd edirik ki, informasiya resurslarında yayılan məlumat həqiqəti əks etdirmir və   cəmiyyəti çaşdırmağa xidmət edir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin  və şagirdlərin təhlükəsiz şəraitdə  tədris prosesində iştirakı daim diqqətdə saxlanılır. 
Eyni zamanda bildiririk ki, məktəb binalarının şəkillərini xoş olmayan məqsədlərə xidmət etməklə montaj edilib yayımlanması məktəbə, həmçinin pedaqoji heyətə,  şagirdlərə, valideynlərə  hörmətsizlikdir və jurnalist etikasına xas olmayan hərəkətlərdir.
Həqiqətə uyğun olmayan bu tipli informasiyalar son dövrlərdə ölkəmizdə  təhsil sahəsində aparılan qanunauyğun və  məqsədyönlü tədbirlərə  kölgə salmaq məqsədi daşıyır.

Nəşr edilib : 09.12.2024 14:46