Türkiyənin diviziya generalı Azərbaycanın İstanbul...
00:33 08.01.2025
0
0
0
NAXÇIVAN :
08 Yanvar 2025, Çərşənbə
Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan Muxtar Respublikasında mühafizə olunan arxiv sənədlərinə baxsaq aydın görərik ki, 28 aprel 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan az sonra iyul ayında XI Qızıl Ordu Zəngəzur yolu ilə Naxçıvana gəlib. Naxçıvanda fövqəladə hal tətbiq olunub və İnqilab Komitəsi yaradılıb. 1920-ci il iyulun 28-də Naxçıvan “Sovet Respublikası” elan edilib.
Məlumdur ki, Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusunda qalması RSFSR ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi (1921), Rusiya, Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycan arasında bağlanmış Qars müqaviləsində (1921) təsbit edilib. I Zaqafqaziya Sovetlər Qurultayı Naxçıvanı muxtariyyət statusunda Azərbaycanın ayrılmaz bir hissəsi kimi təsdiqləyib. Azərbaycan MİK Naxçıvan muxtar diyarının Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Respublikasının Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərarına əsasən onun Zaqafqaziya MİK-də təsdiq olunması xahiş edilib. 1924-cü il yanvarın 8-də Zaqafqaziya MİK-də Q.Musabəyovun məruzəsini və Azərbaycan MİK-in qərarını müzakirəyə çıxaraq Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR olmasını təsdiq etdi. Azərbaycan SSR MİK 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan muxtar diyarının Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrildiyi təsdiq olunub.
Ötən 100 ilə nəzər salsaq görərik ki, muxtariyyətin ilk illərində Naxçıvanda ictimai-siyasi həyatda, mədəniyyət, maarif, səhiyyə sahələrində böyük nailiyyətlər qazanılıb. Vaxtilə məktəbləri, səhiyyə ocaqları, istehsal müəssisələri barmaqla sayıla biləcək bu qədim Azərbaycan torpağında az bir müddətdə bu sahələrdə böyük bir sıçrayış əldə olunub.
Qeyd edək ki, 1922-ci ildə Naxçıvanda Müəllimlər Seminariyasının, 1937-ci ildə Ordubad Pedaqoji Texnikumunun, 1939-cu ildə İkiillik Müəllimlər İnstitutunun açılması ilə respublikada müəllim kadrlarına olan böyük ehtiyac ödənilməyə başlanıldı. Statistik hesabatlara görə muxtar respublikada 1949-cu ildə 104 ibtidai, yeddiillik və orta məktəblərdə 26693 şagirdin təlim-tərbiyəsi məhz bu yerli kadrların üzərinə düşürdü. Məktəblərdə 1155 müəllim çalışırdı ki, bunlardan 310 nəfəri qadın idi.
Bu illərdə tibb sahəsində də vəziyyət xeyli yaxşılaşmışdı. Naxçıvanda 19 xəstəxana, həkim, feldşer və tibb məntəqələri, 10 körpələr evi fəaliyyət göstərirdi.
Bəhs olunan dövrdə artıq kənd təsərrüfatı da inkişaf yoluna qədəm qoymuş, bütün torpaq sahələri kolxozlara verilmiş, kənd təsərrüfatında mexanikləşdirilməyə başlanılmışdır.
Sənayenin də inkişafı diqqət mərkəzində saxlanılmış, duz mədəni mexanikləşdirilmiş, bütün şəhər və rayon mərkəzlərində yerli sənaye kombinatları təşkil edilmiş, artellər, konserv, pambıq, əhəng, “Badamlı” Mədən Suları Zavodu, asfalt, beton, kərpic, ipək fabrikləri fəaliyyət göstərməyə başlamışdır. Yüksək məhsuldarlıq qazanan 7 tütünçüyə, 8 heyvandara, 3 üzümçüyə, 1 pambıqçıya “Sosialist Əməyi Qəhrəmanı” adı verilmiş, çoxlu kənd təsərrüfatı qabaqcılları orden və medallarla təltif edilmişdir.
1954-cü ildə Naxçıvan Muxtar Respublikasında Duz Mədəni, Ordubad Konserv Zavodu, Naxçıvan Şərab Tresti mexanikləşdirilmiş, “Sirab” Zavodunun tikintisinə başlanılmış, mebel fabriki işə salınmışdır.
Keçən əsrin 60-cı illərində Naxçıvanda istehsal müəssisələrinin sırasına Ət-süd kombinatı, Tikiş fabriki, Parağaçay və Gümüşlü mədənləri, Radiotexnika zavodu daxil olmuş, ümumilikdə, 40 növdən çox məhsul istehsal edilmiş, sənaye məhsulu istehsalı 1924-cü ildəkinə nisbətən 100 dəfədən çox artmışdı.
Beşillik planda Naxçıvan Muxtar Respublikasında bir çox sənaye müəssisələri, məktəblər, mədəniyyət evləri, uşaq bağçalarının tikilməsi nəzərdə tutulmuşdu. “Badamlı” Mineral Sular Zavodu genişləndirilmiş, onun gücünün ildə 50 milyon butulkaya çatdırılacağı, Nehrəm daş duz yatağı bazasında susuzlaşdırılmış iri soda kombinatı, Şüşə Qablar Zavodu, Arsenli Sular Zavodunun tikilməsi nəzərdə tutulmuşdu.
Naxçıvan Muxtar Respublikasının 40 illiyi ilə əlaqədar sənaye və kənd təsərrüfatı qabaqcıllarına, səhiyyə, maarif və mədəniyyət işçilərinə Naxçıvan MSSR-in fəxri adları verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən əmək fəaliyyətində xüsusi xidmətləri olan 32 nəfərə Naxçıvan MSSR-in fəxri adı verildi.
40 illik yubiley yüksək səviyyədə keçirilmiş, Azərbaycanın görkəmli ziyalıları bu münasibətlə öz ürək sözlərini bölüşmüşlər.
Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Əziz Şərif: “Mən onun bu tarixi nailiyyətlərini görüb sevinir, parlaq gələcəyinə böyük ümid bağlayıram”.
Akademik Həsən Abdullayev: “Mən ümid edirəm ki, Naxçıvanımız getdikcə daha da çiçəklənsin və tərəqqi etsin”.
Xalq yazıçısı Süleyman Rəhimov: “Mən Naxçıvanda çox işləmişəm. Belə qənaətə gəlmişəm ki, naxçıvanlılar gözüaçıq, necə deyərlər, hər şeyin düzünə kəsənlərdir. Mən həmişə belə qənaətə gəlmişəm ki, naxçıvanlılar istedadlı adamlardır”.
Yazıçı Əli Vəliyev: “Naxçıvanda işlədiyim vaxtlar ömrümün ən gözəl, ən faydalı çağları olmuşdur. Mən naxçıvanlılardan sədaqət, qonaqpərvərlik görmüşəm. Arzum budur ki, kənd təsərrüfatı, sənaye, tikinti daha da inkişaf etsin, mədəniyyət daha da çiçəklənsin”.
Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan KP MK-ya I katib seçilməsi ilə Naxçıvanda bir sıra müəssisələr tikilib istifadəyə verildi, muxtar diyarda sürətli tərəqqi başladı.
21 fevral 1974-cü ildə Azərbaycan KP MK-nın I katibi Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının bayrağına “Xalqlar dostluğu” ordeni sancdı. Az müddətdən sonra, 12 mart 1974-cü ildə Naxçıvan partiya təşkilatının müşavirəsində Heydər Əliyev etdiyi çıxışda nöqsanlara toxunmuş, Naxçıvan Muxtar Respublikasında inkişaf perspektivləri haqqında geniş müzakirə aparmışdır. Ümumiyyətlə, Ümummilli Lider həmişə Naxçıvanı diqqət mərkəzində saxlamışdır. Bunu onun 1980-ci ildəki səfərində də aydın görürük.
Naxçıvanda açılan Şüşə Qablar Zavodu, Trikotaj Fabriki, Xalça Kombinatı, yeni dəyirman minlərlə insanın maddi rifahının yüksəldilməsində misilsiz rol oynadı.
Ümumiyyətlə, Naxçıvanda yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, uşaq bağçalarının, kitabxanaların açılması, Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının yaradılması, bir qədər sonra müstəqil instituta çevrilməsi, Politexnik Texnikumunun açılması və sair burada gedən mədəni quruculuğun yüksək olduğunu göstərir.
Ümummilli Liderimizin Naxçıvana qayıtması Naxçıvan xalqı üçün böyük bir hadisə çevrildi. Naxçıvanın adından “Sovet Sosialist” sözləri götürüldü və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. 20 Yanvar faciəsinə siyasi qiymət verildi. 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edildi.
O vaxt Ali Məclisin Sədri vəzifəsində çalışan Heydər Əliyev dost və qardaş Türkiyə Cümhuriyyətinə səfəri zamanı blokadada olan Naxçıvanın elektrik şəbəkəsinin Türkiyə şəbəkəsinə qoşulması, avtonəqliyyat əlaqəsinin yaradılması, kənd təsərrüfatı üçün zəruri olan məhsulların gətirilməsi, Naxçıvanın rabitə blokadasının yarılması üçün kommunikasiya sisteminin təkmilləşdirilməsi qərara alındı. Bağlanan protokolda Naxçıvana kredit ayrıldı. 1992-ci ildə mayın 26-da Araz çayı üzərində salınan Sədərək-Dilucu körpüsü Naxçıvanın taleyində böyük rol oynadı. 288 metr uzunluğundakı körpü iqtisadi əlaqələrimizin inkişafını təmin etdi.
2010-cu ildə Naxçıvan Avtomobil Zavodu Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması minik avtomobillərinin, mikroavtobusların, yük avtomobillərinin istehsalsalına imkan verdi.
Müstəqillik illərində Naxçıvanda tikinti quruculuq işləri böyük vüsət almış, ticarət və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı kənd mərkəzləri yaradılmışdır.
Bütün bu reallıqlara ən yüksək qiyməti verən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir... Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”.
Zülfiyyə İSMAYILOVA
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi
Arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya şöbəsinin müdiri
Digər xəbərlər