NAXÇIVAN :

11 Yanvar 2025, Şənbə

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 2024-cü ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov 2024-cü ildə görülən işləri ətraflı təhlil edib. Bildirib ki, ötən ilin ilk günlərindən başlayaraq mədəni tədbirlər davam etdirilib, sərgilər təşkil olunub, tamaşa və filmlər göstərilib. Eyni zamanda muxtar respublikanın mədəni-maarif ocaqlarında müxtəlif konfranslar, kitab müzakirələri və təqdimatları, ədəbi-bədii gecələr,  ustad dərsləri keçilib və sərgilər təşkil edilib.
Nazir müavini qeyd edib ki, əlamətdar və tarixi günlərlə bağlı dövr ərzində nazirlik tərəfindən 53, kitabxanalar tərəfindən 434 tədbir keçirilib, 611 sərgi qurulmuş, muzeylər tərəfindən 117 tədbir keçirilib, 85 sərgi qurulub, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublar tərəfindən 327 tədbir keçirilib, 161 sərgi qurulub.
Vurğulanıb ki, hesabat dövrü ərzində muzeylərin fəaliyyəti nəzarətdə saxlanılıb, lazımi əməli və metodiki köməklik göstərilib. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılıb.
Sonra məruzə ətrafında çıxış edənlər 2024-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
İclasda nazirliyin 2025-ci il üçün iş planı təsdiq edilib.

Nəşr edilib : 11.01.2025 15:29