В связи с днем траура все флаги в Нахчыванской Авт...
00:19 26.12.2024
0
0
1
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Naxçıvan Muxtar Respublikasında idarəetmə mexanizminin müasirləşdirilməsi, bu sahədə həyata keçirilən struktur islahatları və dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin işinin və strukturunun daha optimal şəkildə təşkil edilməsini və ədliyyə sahəsinin inkişafını zəruri edir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin (bundan sonra – Penitensiar Xidmət) Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin, Mühafizə Taborununun və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin tibb xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələrinin əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Tibb Xidməti (bundan sonra – Tibb Xidməti) yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturu” təsdiq edilsin (1 nömrəli əlavə).
3. “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının tərkibi” təsdiq edilsin (2 nömrəli əlavə).
4. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra - Nazirlik) işçilərinin say həddi cəmi 759 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 81 ştat vahidi, Penitensiar Xidmət üzə 524 ştat vahidi, Tibb Xidməti üzrə 30 ştat vahidi, Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzi üzrə 34 ştat vahidi, yerli və digər qurumları üzrə 90 ştat vahidi müəyyən edilsin.
5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2006-cı il 25 aprel tarixli 22-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
5.1. 8.4-cü bənddən “, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır” sözləri çıxarılsın;
5.2. aşağıdakı məzmunda 8.4-1-ci, 8.8-1-ci, 9.5-1-ci və 9.15-1-ci bəndlər əlavə edilsin:
“8.4-1. Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrini aparır, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların (Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları istisna olmaqla) məcburi hüquqi ekspertizasını keçirir;”;
“8.8-1. dəfnlərin vahid dövlət reyestrinin aparılmasında iştirak edir;”;
“9.5-1. Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların (Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları istisna olmaqla) məcburi hüquqi ekspertizasını keçirmək;”;
“9.15-1. dəfnlərin vahid dövlət reyestrinə ötürülən məlumatların tamlığına, həmin məlumatların müəyyən edilmiş müddətdə reyestrə ötürülməsinə nəzarətin həyata keçirilməsində iştirak etmək;”;
5.3. 8.5-1-ci, 9.23-1-ci, 10.11-ci və 10.13-cü bəndlər ləğv edilsin;
5.4. 9.1-ci, 9.3-cü, 9.5-ci, 9.7-ci, 9.32-1-ci və 16.10-cu bəndlər aşağıdakı redaksiyada verilsin:
“9.1. ədliyyə sahəsində islahatların aparılmasında və bu sahədə inkişafı sürətləndirmək məqsədilə dövlət proqramlarının hazırlanmasında iştirak etmək, dövlət proqramlarının muxtar respublikada yerinə yetirilməsi üçün müvafiq tədbirlər görmək;”;
“9.3. yeni normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə təkliflər hazırlamaq;”;
“9.5. Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin aparılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet informasiya ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını və mühafizəsini təmin etmək üçün tədbirlər görmək;”;
“9.7. ictimaiyyət üçün açıq olan hüquqi aktların vahid elektron bazasını aparmaq;”;
“9.32-1. notariuslara və qeyri-hökumət təşkilatlarına münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirmək;”.
“16.10. dövlət orqanları və digər qurumlarla münasibətlərdə Nazirliyi təmsil edir;”;
5.5. 9.4-cü bənddə “normativ hüquqi aktların və normativ xarakterli aktların” sözləri “qanun layihələrinin, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin aktlarının və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının” sözləri ilə əvəz edilsin;
5.6. 9.6-cı bənddən “, ədliyyə orqanları və məhkəmələrin normativ hüquqi aktlarla təchiz olunmasını həyata keçirmək, onlara normativ hüquqi aktların nəzarət vəziyyətində saxlanılması üçün kömək göstərmək” sözləri çıxarılsın;
5.7. 9.16-cı bənddən “yerli və beynəlxalq” sözləri çıxarılsın;
5.8. 10.2-ci bənddə “zərurət olarsa, öz qərarlarını müvafiq icra hakimiyyəti orqanları” sözləri “öz qərarlarını aidiyyəti üzrə dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilsin;
5.9. 10.4-cü bəndə “aktlar” sözündən sonra “(Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları istisna olmaqla)” sözləri, “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə edilsin və həmin bənddə “qüvvədən düşməsi, yaxud onlara əlavə və” sözləri “ləğv edilməsi və ya onlarda” sözləri ilə əvəz edilsin;
5.10. 10.14-cü bənddə “keçirilməsinə yardım etmək” sözləri “keçirilməsində və hüquqi yardımın göstərilməsində iştirak etmək” sözləri ilə əvəz edilsin;
5.11. 10.23-cü bənddən “və xarici dövlətlərin” sözləri çıxarılsın;
5.12. 10.25-ci bənddən “qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək,” sözləri çıxarılsın;
5.13. 11-ci hissədə “xidmət,” sözündən sonra “tibb xidməti,” sözləri əlavə edilsin;
5.14. 15-ci hissədə “müavini ona” sözləri “müavinləri onlara” sözləri ilə, “daşıyır” sözü “daşıyırlar” sözü ilə əvəz edilsin;
5.15. 16.12-ci bənddə “görür” sözündən sonra “, maraqların toqquşması hallarının yaranması və vəzifəli şəxslərin maraqların toqquşması şəraitində vəzifələrini icra etmələrinin qarşısını alır” sözləri əlavə edilsin;
5.16. 17-ci hissədə “müavininə” sözü “müavinlərindən birinə” sözləri ilə əvəz edilsin.
6. “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin strukturunun təsdiq edilməsi, mərkəzi aparatının işçilərinin say həddinin müəyyən edilməsi, Nazirliyin Penitensiar Xidmətinin, Xidmətin İstintaq təcridxanasının və Mühafizə Taburunun yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2007-ci il 5 oktyabr tarixli 86-III FR nömrəli Fərmanının 1-ci və 2-ci hissələri ləğv edilsin.
7. “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il 22 oktyabr tarixli 162-IV FR nömrəli Fərmanının 2-ci hissəsi ləğv edilsin.
8. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aşağıdakı fərman və sərəncamları ləğv edilsin:
8.1. “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2009-cu il 9 iyun tarixli 165-III FR nömrəli Fərmanı;
8.2. “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibinin, mərkəzi aparatının strukturunun və ştat sayının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2007-ci il 5 oktyabr tarixli 125-03/S nömrəli Sərəncamı;
8.3. “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Xidmətin İstintaq Təcridxanasının, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin, 21 saylı Xüsusi Müəssisənin və Mühafizə Taburunun strukturunun və ştat sayının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2007-ci il 5 oktyabr tarixli 126-03/S nömrəli Sərəncamı;
8.4. “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ştat strukturunun təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin” 2015-ci il 22 oktyabr tarixli 326-04/S nömrəli Sərəncamı.
9. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.
10. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Bəxtiyar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin birinci müavini
Naxçıvan şəhəri, 24 dekabr 2024-cü il
Digər xəbərlər