NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublika Stadionu müasir standartlara uyğunlaşdırılacaq

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası davam etdirilməkdədir. Dövlət Proqramının 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında regionun idman infrastrukturunun yenilənməsini əhatə edən mühüm məsələlərdən biri də Naxçıvan şəhərindəki mövcud stadionda, yəni Naxçıvan Muxtar Respublika Stadionunda əsaslı təmir və yenidənqurma işlərinin icrası ilə bağlıdır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, ilkin mərhələdə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq stadionun əsaslı təmirinin və bəzi sahələrində yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tərəfimizdən işlər aparılıb, 8 sentyabr 2025-ci il tarixdə “Global Engineering Management Company” şirkəti ilə müqavilə imzalanıb və layihələndirmə işləri həmin şirkətə həvalə olunub. Prosesin gedişatına uyğun olaraq növbəti ildə inşaat işlərinin başlanılması nəzərdə tutulub.
Qeyd edilib ki, stadion beynəlxalq standartlara uyğun süni ot örtüyü ilə təchiz olunacaq. Tribunalar yenilənəcək, oturacaqlar dəyişdiriləcək, tamaşaçılar üçün baxış bucağı maksimum dərəcədə optimallaşdırılacaq. Arenanın giriş-çıxış zonaları artırılacaq, təhlükəsizlik sistemləri yenidən qurulacaq. VAR sisteminin tətbiqi üçün şərait yaradılacaq. Bundan başqa, su, kanalizasiya, istilik, elektrik və havalandırma sistemləri tamamilə yenilənəcək. Komandalar üçün soyunub-geyinmə otaqları, hakim, mətbuat və dopinq nəzarət otaqları müasir standartlara uyğun qurulacaq. Eyni zamanda stadion ətrafı abadlaşdırılacaq, yeni parkinq sahələri yaradılacaq və əlilliyi olan şəxslər üçün uyğun mühit təmin ediləcək. 

Nəşr edilib : 09.09.2025 17:58