Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılan şəxs...
13:00 02.12.2024
0
0
0
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
"Şərq qapısı" xəbər verir ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi münasibətilə “Naxçıvan Muxtar Respublika Kitabxanaları son 100 ildə” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirib ki, tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəslə ötürən məbədlərdən biri də kitabxanalardır. Kitabxanalar yarandığı gündən bu günə kimi insanların informasiya tələbatını ödəmiş və informasiyanı gələcək nəsillərə ötürmək funksiyasını yerinə yetirmişdir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Naxçıvan Muxtar Respublikasında kitabxanaların tarixi və inkişafı” adlı mövzu ilə çıxış edərək bildirib ki, qədim sivilizasiya mərkəzlərindən olan Naxçıvanda kitabxanaçılığın tarixi burada zaman-zaman baş verən proseslərlə, mədəniyyət tarixi ilə sıx bağlı olub. Hələ orta əsrlərdə Naxçıvanda fəaliyyət göstərən mədrəsələrdə təlim-tədris işlərinə köməklik məqsədilə kitabxanalar yaradılıb. Kitab mədəniyyətinin inkişafında görkəmli ziyalıların şəxsi kitabxanalarının da özünəməxsus rolu olub. Eynəlibəy Sultanovun, Bəhruz Kəngərlinin, Mirzəlibəy Bəktaşinin, Şahbazağa Kəngərlinin, Rza Təhmasibin və başqa ziyalıların şəxsi kitabxanaları xalqın maariflənməsinə xidmət edib. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Naxçıvanda da ilk ictimai-kütləvi kitabxana və qiraətxanalar fəaliyyətə başlayıb. Muxtar respublikada fəaliyyət göstərən kitabxanaların avtomatlaşdırılması, elektron kitabxanaların yaradılması oxucuların müasir dövrün tələbinə uyğun olaraq kitabxana-informasiya xidmətlərindən istifadə etməsinə şərait yaradıb.
Sonra dəyirmi masa ətrafında mövzuya uyğun müzakirələr aparılıb. Tədbirin sonunda “Naxçıvan-Qədim Azərbaycan Diyari-100” başlıqlı sərgiyə baxış olub.
Digər xəbərlər