İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası For...
21:21 25.11.2026
0
0
0
NAXÇIVAN :
25 Noyabr 2026, Çərşənbə
Payız Naxçıvanda öz gəlişini yalnız saralmış yarpaqlarla, sərin havalarla bildirmir. Bu fəslin özünəməxsus bir ətri, bir də hazırlığı var. Elə ki noyabr gəldi, həyətlərdə ocaqlar qalanar, mis qazanlar üzə çıxar, evlərdə qış tədarükünə başlanar. Bu hazırlığın ən dadlı ənənələrindən biri isə, heç şübhəsiz, Naxçıvan qovurmasıdır.
Ölkəmizin müxtəlif bölgələrində ətin qurudularaq qışa saxlanılması ənənəsi ilə tanış olsam da, payızda ətin qovrularaq qış tədarükünə çevrilməsi ənənəsinə başqa yerlərdə rast gəlməmişəm. Naxçıvanda isə, demək olar ki, hər ailənin, imkanından asılı olmayaraq, qoruyub saxladığı bu adət mənim üçün də həmişə maraqlı olub. Elə buna görə də qovurma hazırlığı görən sahibkar, Sədərək rayonunun Sədərək kənd sakini Mehbarə Hüseynovanın qonağı olduq.
Bu ənənənin maraqlı tərəfi odur ki, qovurma hazırlığı, əslində, payızda deyil, hələ yazdan başlayır. Naxçıvanda qışlıq qovurmanın tədarükü əvvəlcədən planlaşdırılır. Kimisi qaz, ördək, hinduşka, kimisi keçi, qoyun, kimisi də dana saxlayır. Hətta hansı heyvanın qışlıq qovurma üçün nəzərdə tutulduğu da əvvəlcədən bəlli olur.
Mehbarə xanımla söhbətimiz zamanı öyrənirəm ki, bu ənənə artıq onun üçün həm də sahibkarlıq fəaliyyətinə çevrilib. O, qovurmanı müştərilərin sifarişi əsasında hazırlayır, Naxçıvanın bu özünəməxsus ləzzətini Azərbaycanın müxtəlif bölgələrinə göndərir. Beləcə bir vaxtlar hər ailənin öz qış tədarükü üçün hazırladığı qovurma indi Naxçıvanın dadını başqa ünvanlara da daşıyır.
Söhbətimizə davam edən Mehbarə xanım məni ocağın başına dəvət edir. Deyir ki, qovurmanın dadına təsir edən əsas məqamlardan biri də istifadə olunan odunun növüdür. Çünki odun yanarkən yaranan tüstünün qoxusu yeməyə hopur. Buna görə də alma, üzüm, tut kimi bar ağaclarının qurumuş budaqlarına üstünlük verilir.
Mehbarə xanım əvvəlcə çır-çırpı ilə ocağı qalayır, acı tüstünün çəkilməsini gözləyir. Bir neçə dəqiqə sonra alov şölələnir və içində ət və su olan mis qazan ocağın üzərinə asılır. Müsahibim bildirir ki, bir məclis qazanına 5-8 kiloqram ət tökmək lazımdır. Çünki ət çox olduqda qarışdırılarkən əzilir, az olduqda isə suyunun dadı istənilən kimi alınmır. Biz söhbətimizi davam etdirdikcə ocağın üstündəki qazanda ət də yavaş-yavaş bişir. Qazanın üzərində yaranan kəf götürülür, ətin bişmə vəziyyəti yoxlanılır.
Mehbarə xanım duzun da qovurmanın hazırlanmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayır. Gündəlik yeməklərdən fərqli olaraq qovurma bir qədər duzlu olmalıdır. Xüsusilə Naxçıvanın daş duzu bu yeməyin özünəməxsus dadını tamamlayır. El arasında deyilən “Qovurmanı yaza çıxaran onun duzudur” ifadəsi də təsadüfən yaranmayıb.
Artıq günortadır. Söhbət edə-edə Mehbarə xanıma kömək edir, bişmiş əti aşsüzənlərə tökürük. Qovurma üçün pörtlədilən ətin suyu Naxçıvanda “təngov”, yaxud “işgənə” adlanır. Qovurma hazırlanan gün ailə üzvlərinin süfrə başına yığışması da bu ənənənin ayrılmaz hissəsidir. Quru lavaş doğraması ilə işgənənin dadına baxılır, isti ət süfrəyə gətirilir.
Qovurmanın növbəti mərhələsinə keçirik. Əvvəlcədən əridilib qızdırılmış yağın içinə bişmiş ət əlavə olunur. Mehbarə xanım taxta qaşıqla əti ehmalca qarışdırır. O, qovurmalıq ətin həddindən artıq qaynadılmamasının vacibliyini izah edir. Çünki ət çox bişdikdə qovurularkən yaxşı qızarmır, qarışdırıldıqca da parçalanır.
Nəhayət, ocağın başında qovurmanın hazır olub-olmadığı yoxlanılır. Mehbarə xanım onun duzuna və bişmə vəziyyətinə baxaraq hazır olduğunu bildirir. Əvvəlcədən yuyulub qurudulmuş çini qablara və saxsı küpələrə ət yığılır, ardınca isə üzərini tam örtənədək yağ əlavə edilir. Müsahibim burada da vacib bir məqamı diqqətimizə çatdırır: qovurma yığılan qab mütləq quru olmalıdır. Ət isti-isti qaba doldurulub ağzı dərhal bağlanarsa, içəridə buxar yaranar, qapaqda toplanan su yağa qarışar. Bu isə qovurmanın keyfiyyətinə mənfi təsir göstərər. Ona görə də qabın ağzı soyuyana qədər aşsüzənlə və ya pambıq parça ilə örtülür. Yağ donub aşağı çökdükdən sonra ətin üstü yenidən yağla tamamlanır və qabın qapağı bağlanır. Mehbarə xanımın dediyinə görə, qovurmanın əsl dadını hiss etmək üçün onu hazırlandığı gündən ən azı qırx gün sonra yemək lazımdır.
Artıq bir neçə saatdır ki, bu həyətin qonağıyam. Qovurmanın hazırlanmasının bütün mərhələlərini izlədikcə görürəm ki, hər ailənin öz qaydası, hər qadının öz təcrübəsi var. Hazır qovurma müxtəlif çəkili bankalara, küpələrə və çini qablara yığılır. Bir neçə saatın zəhməti qış süfrələrinin ruzisinə çevrilir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər