Sankt-Peterburq qubernatoru Azərbaycanın Baş Konsu...
15:19 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
İnsanlar gənclik çağlarında gələcək kariyeraları üçün müxtəlif seçimlər arasında qalır. Bunlardan biri də ixtisas seçimidir. Çoxları çalışacağı işin, tutacağı vəzifənin və seçdiyi ixtisasın əhəmiyyətini dərk etmir. Bəziləri bu işə “Əsas odur ki, ali məktəbə qəbul olum, valideynlərimi sevindirim, heç kimdən geri qalmayım” prinsipi ilə yanaşır. Lakin unutmaq olmaz ki, sevdiyin işlə məşğul olmaq insan üçün ən böyük xoşbəxtlikdir...
Nə az, nə çox, düz beş il bundan öncə mənə də bu xoşbəxtliyi yaşamaq nəsib olub. Uşaqlıqdan arzusunda olduğum jurnalistika ixtisasına qəbul olmuş, bu sahə üzrə ali təhsil almışam... Xatırlayıram, 2 il bundan öncə Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisasının 4-cü kursunda təhsil alarkən mətbuat tariximizin qocaman söz çinarı – neçə-neçə jurnalist gəncimizin yoluna işıq tutan və yaşı 100-ü ötmüş “Şərq qapısı” qəzeti ilə əməkdaşlıq etməyə başladım. Bu gün də həmin mətbuat orqanının əməkdaşıyam və bununla qürur duyuram.
Mənim kimi bir neçə jurnalist də Naxçıvan mediasında öz sözünü deməyi bacarır. Elə bu yazıda da bu gün hələ tələbəlikdən “Şərq qapısı” qəzeti redaksiyasında və “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində söz deməyi bacaran tələbə jurnalistlərdən söz açacağıq...
Həmkarım jurnalistika ixtisası üzrə IV kurs tələbəsi və Naxçıvan Televiziyasında 2 ildir ki, aparıcı kimi fəaliyyət göstərən Əli Yarıyev öz təəssüratlarını bizimlə belə bölüşür:
– Artıq 4 ildir ki, Naxçıvandayam. Naxçıvan barədə bir cümlə “Naxçıvan, səni sevirəm!” – demək istəyərdim. Çünki bu şəhər bir Əli İlqaroğlu yetişdirir və ona hər tələbənin yaşamadığı hissləri, həyəcanları bəxş edir. Bəlkə də, uşaqlıqdan ən böyük arzum tələbə ola-ola radioda qulaqlıqları taxıb proqram aparmaq idi və buna inanırdım, ancaq bu qədər uğura, bu qədər doğmaya, dosta sahib olacağım ağlıma da gəlməmişdi. Naxçıvan təkcə mənə təhsil aldığım yer yox, həm də artıq ailəmin, yaxınlarımın olduğu doğma məkana çevrildi, Naxçıvanda yaşamaqdan çox, artıq Naxçıvanı yaşayıram və bu şəhərdə olan hüzuru heç bir yerdə tapa bilməyəcəyimi düşünürəm. Naxçıvanın təbiəti, insanları, havası, suyu insanı özünə bağlayır. Bir neçə günlüyə digər şəhərlərə gedəndə belə darıxıram. Tez qayıtmaq istəyirəm, Naxçıvana. Doğma televiziya və radioda bir neçə proqramın aparıcısıyam. Aparıcı olmaq, bu yükü tələbəlikdən çiyinlərinə götürmək, əlbəttə ki çətin bir işdir, bir o qədər də məsuliyyətlidir, ancaq özünü inkişaf etdirməyin ən yaxşı yolu da məhz elə budur. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı bizi daim yeniliklərə çağırır, innovativ düşünməyə sövq edir və biz inkişaf üçün çalışırıq, oxuyuruq. Göstərilən diqqət və qayğı üçün Naxçıvan Televiziyasının rəhbərliyinə və işimizi işıqlandırdıqları üçün “Şərq qapısı” kollektivinə minnətdarlığımı bildirirəm.
Redaksiyamızın gənc əməkdaşı tələbə jurnalist Rafiq Təhməzov deyir ki, “Şərq qapısı” qəzetinin redaksiya binası sanki onun ikinci bir evi, qələm dostları isə onun ailəsidir.
Onun dediklərindən: Rafiq Təhməzovu Rafiq Təhməz edən əsas situasiya da məhz elə mətbuatdır. Mətbuat sahəsində çalışmaq olduqca duyğusal bir hissdir. Mətbuat elə bir sahədir ki, bir həftənin içində gah siyasi bir hadisəyə şərh verilir, gah da bir şair, yazara çevrilib insanların ruhunu oxşayacaq romantik yazılar yazırsan. Bəzən mənim üçün qəzet sanki ikinci ev olmaqdan çıxaraq bir universitetə çevrilir. Nəzəri öyrəndiyim bilikləri təcrübə edəcəyim bir universitetə… Artıq bir ilə yaxındır, bu redaksiyanın bir fərdinə çevrilməyimə baxmayaraq, sanki işə yenicə başlamış kimi sevincliyəm. İlk məqaləmin dərc olunduğu sevinci hələ də yaşayıram. Bakıda yay tətilində olarkən 1-ci kursu yenicə bitirmişdim. Paytaxtımızda Siyasi Repressiya Qurbanları Muzeyi olduğunu öyrənib ora getmişdim. Evə qayıdan kimi təəssüratlarımı qələmə aldım.
Artıq universitetin ikinci kursuna keçmışdim. Yeni müəllimlər, yeni tədris ili və sair fənlər arasında Radio jurnalistikası fənnini tədris edən Məmməd Babayev də var idi. Onu da qeyd edim ki, Məmməd müəllim eyni zamanda “Şərq qapısı” qəzetinin baş redaktor müavinidir. O vaxta qədər “Şərq qapısı” qəzeti üçün müxtəlif sahələri əhatə edən xəbərlər yazırdım. Günlərin birində həmin muzeydən olan yazımı fikir bildirmək üçün Məmməd müəllimə yolladım... Yazı çox bəyənilmişdi. Müəllimim qəzetçilik sahəsinə maraq göstərdiyimi də bilirdi. İndi həmin qəzetin əməkdaşıyam. Gün gəlir bir yazı üstündə fikir mübadiləsi aparır, gün də gəlir yeni simalar və digər media subyektlərindən dostlar qazanıram... Mənim fikrimcə, tələbə kimi bunlara sahib olmaq bir addım öndə olmaq deməkdir. Səmaya baxarkən və yolla gedərkən hansısa hadisəni belə artıq başqa cür müşahidə edirəm... Görüntülər bir növ sözə çevrilir. Əslində, biz maraqlı insanlar deyilik, bizi maraqlı edən sənətimizdir...
Tələbə jurnalist Səbinə Quluyeva isə deyir ki, Tərtər şəhərində doğulub, boya-başa çatıb. Tərtər şəhəri uzun illər boyu düşmənlə həmsərhəd olan və onların qarşısında mərdliklə dayanan bir bölgədir. Səbinə özünü xoşbəxt bir nəslin nümayəndəsi sayır: – Ona görə ki, müstəqil bir ölkədə yaşayıb oxumaq, işləmək nəsibim oldu. Hazırda Naxçıvan Dövlət Universitetinin III kurs tələbəsiyəm və jurnalistika ixtisası üzrə təhsil alıram. Bununla yanaşı, Naxçıvan Televiziyasında redaktor vəzifəsində çalışıram. Çox şükür, arzum reallaşıb. Bu illər ərzində Naxçıvanı da, universiteti də çox sevdim. İlk dəfə ailəmdən ayrılmağıma baxmayaraq, qətiyyən darıxmıram. Ona görə ki, ətrafımda hər kəsdən, müəllimlərdən, tələbə yoldaşlarımdan, eləcə də işə qəbul edildiyim Naxçıvan Televiziyasının əməkdaşlarından doğma, qayğıkeş münasibət görürəm. Televiziya sahəsini uşaqlıqdan çox sevirəm. İnanıram ki, bu sahənin bütün incəliklərini təcrübəli həmkarlarımdan öyrənərək addımlarımı möhkəmləndirəcəm.
IV kursda təhsil alan tələbə jurnalist Tərlan İbrahimova deyir: “Tələbə kimi işləmək mənim həyatımda çox vacib bir rol oynayır. Bu təcrübə mənə həm maddi, həm də mənəvi dəstək verir. İşləyərək, şəxsi ehtiyaclarımı ödəməkdə müstəqillik qazanıram. Bununla yanaşı, iş təcrübəsi qazanaraq daha çox bilik və bacarıq əldə edirəm. Bu, gələcək kariyeram üçün də çox önəmlidir, çünki işləyərək müxtəlif çətinliklərlə üzləşir və onları həll etməyi öyrənirəm. Həm təhsilimi, həm də işimi tarazlaşdırmağı bacarmaq isə mənə vaxt idarəçiliyi və məsuliyyət hissi qazandırır. Ümumilikdə, tələbə kimi işləmək mənim həyatımda önəmli təcrübə və dəyərli fürsətdir”.
Azərbaycan mətbuatının aparıcı qolu olan Naxçıvan mediası jurnalistikanın gənc tələbələri üçün bir məktəb rolunu oynamaqdadır. Peşəkar və savadlı jurnalist yetişdirmək bir ölkə üçün, demək olar ki, böyük sərvətdir. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi: “Azad, müstəqil, demokratik, humanist mətbuat – hər bir cəmiyyətin, hər bir dövlətin inkişafını göstərən çox mühüm amildir. Həqiqətləri əks etdirən, obyektiv, eyni zamanda, vətənpərvər mətbuat cəmiyyətin, millətin, dövlətin böyük mənəvi sərvətidir”.
Bülbül QULİYEVA
Digər xəbərlər