İkinci Dünya müharibəsi: xalqımızın milli ruhunun ...
01:00 09.05.2025
0
0
0
NAXÇIVAN :
09 May 2025, Cümə
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı daim yeniliklər axtarışındadır. Belə ki, teatr heyəti balaca tamaşaçıların marağını cəlb etmək üçün üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışır. Biz də teatra üz tutub teatrın fəaliyyəti ilə oxucularımızı da xəbərdar etmək istədik. Bunun üçün teatrın direktoru Səyyad Məmmədovla həmsöhbət olub fikirlərini öyrəndik: – “Kollektivimiz dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə hazırlaşır. Bunun üçün “Arşın mal alan” musiqili komediyasının səhnə məşqlərinə başlanılıb. Bilirsiniz ki, bu tamaşa xalqımızın ürəyində taxt qurmuş bir musiqili komediyadır. Hər dəfə bu əsəri yeni bir tərzdə təqdim etməyə çalışmışıq. Kukla teatrı, xüsusilə marionet texnikası, həm estetik, həm də simvolik imkanlara malikdir. Uşaqlara maraqlı gəlir, böyüklərin isə uşaqlıq xatirələrini oyadır. Biz də bu sehrli dilin tətbiqi ilə onu daha canlı və fərqli təqdim etmək istədik. Çətinliyi danmaq olmaz. Marionet texnikası böyük dəqiqlik və koordinasiya tələb edir. Kuklaların musiqiyə uyğun hərəkətləri, rəqs səhnələri – hər biri əvvəlcədən dəfələrlə məşq olunmalıdır. Amma bir gözəlliyi də var ki, tamaşa boyu həm bir teatr oyunu, həm də bir növ musiqili nağıl izləyirsiniz. Bizim üçün bu həm zəhmət, həm də zövqdür. Obrazların hər biri əsərin ruhuna uyğun şəkildə hazırlanıb. Əsgər, Gülçöhrə, Soltan bəy – hamısı kukla dili ilə tamaşaçının qarşısına çıxır. Geyimlərdə milli xüsusiyyətlər və dövrün ruhu diqqətdə saxlanılıb. Biz istəyirdik ki, bu əsəri də kuklalar danışsa da, heç kim tanımadığı bir şey görməsin, əksinə, sevib bildiyini yeni bir formada yaşasın. Son zamanlar bir sual çox verilir: “Kukla teatrı uşaqlar üçündür?” Mən hər dəfə eyni cavabı verirəm: “Hamı üçündür”. Biz, sadəcə, əyləndirmək yox, həm də yaddaşları oyatmaq istəyirik. Gəlin uşaqlığımıza yeni gözlə baxaq. İnanıram ki, “Arşın mal alan” marionet kuklalarla başqa cür səslənəcək”.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Ədalət Quliyev, dekorçu rəssamı Ruqiyyə Rüstəmova, musiqi tərtibatçısı Əli Məmmədovdur.
Soltan bəy rolunu Süleyman Süleymanov, Əsgər rolunu Sadiq Babayev, Gülçöhrə rolunu Əfqanə Ələsgərova, Cahan rolunu Ulduz Süleymanova, Süleyman rolunu İlham Babayev, Asya rolunu Nigar Əhmədova, Vəli rolunu İlqar Babayev, Telli rolunu Aysu Babayeva səsləndirirlər.
Aidə İBRAHİMOVA
Digər xəbərlər