NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Naxçıvan kikboksçuları beynəlxalq arenanı yenidən fəth etdi

...

Azərbaycan idmançıları beynəlxalq arenalarda növbəti dəfə öz sözlərini deməyi bacarıblar. Budəfəki möhtəşəm qələbə xəbəri Türkiyənin Antalya şəhərindən gəlib. Şəhərdə təşkil olunan 11-ci “Turkish Open WAKO World Cup” kikboksinq turnirində ölkəmizi təmsil edən Naxçıvanın “Ləvənt Bulut” döyüş klubunun üzvləri yeni uğura imza atıblar. 43 ölkədən 3000-ə yaxın idmançının qatıldığı bu nüfuzlu dünya kubokunda idmançılarımız uca bayrağımızı dalğalandıraraq Vətənə qızıl və bürünc medallarla geri dönüblər.

Gənclər arasında K1 stili üzrə 71 kq çəki dərəcəsində mübarizə aparan Uğur Əliyev yarışa dörddəbir final mərhələsindən qoşulub. İki Türkiyə təmsilçisini ardıcıllıqla məğlub edərək finala yüksələn idmançımız həlledici qarşılaşmada Almaniya idmançısı Filipp Slabçenkonu da üstələyərək dünya kubokunun və qızıl medalın sahibi olub. Komandanın digər üzvü Nurlan Rzayev uşaqların yarışında “point fighting” növündə bürünc medala layiq görülüb.

Yarışın yekunları və qazanılan uğurlarla bağlı yarış heyəti təəssüratlarını bizimlə bölüşdü.

 Dünya kubokunun qalibi olan Uğur Əliyev  rinqə çıxdığı anlarda keçirdiyi həyəcanı və qələbə anının sevincini bu cür ifadə etdi: “Hələ də inana bilmirəm ki, bu ağır turnirin qalibiyəm. Dörddəbir finalda və yarımfinalda Türkiyə idmançıları ilə qarşılaşanda tribunada böyük azarkeş təzyiqi var idi. Hamı rəqiblərimi dəstəkləyirdi. Amma mən o səs-küyün içində yalnız məşqçim Etibar müəllimin səsini eşidirdim. Onun kənardan verdiyi hər tapşırıq, hər xəbərdarlıq mənə yol göstərdi. Final döyüşündən əvvəl isə Almaniya təmsilçisi Filipp Slabçenkonun döyüşlərini izləmişdik. Rinqə çıxanda öz-özümə dedim ki, bura qədər gəlmişəmsə, gümüş medal mənə bəs etməz, Naxçıvana yalnız qızıl yaraşır. Hakimin mənim əlimi yuxarı qaldırdığı və Azərbaycanın Dövlət Himni səsləndiyi o an... O an çəkdiyim bütün əziyyətlərə, o ağır məşqlərə dəyərdi. Bu kuboku mənə inanan  hər kəsə həsr edirəm”.

Komandanın ən gənc və gələcəyinə böyük ümidlər bəslənən üzvü, bürünc medal mükafatçısı Nurlan Rzayev isə böyük idmançı iddialılığı ilə öz təəssüratlarını danışdı: “Mənim üçün bu turnir çox böyük təcrübə oldu. İlk dəfə idi ki, bu qədər çox idmançının, xarici ölkələrin qatıldığı bir yarışda iştirak edirdim. “Point fighting” növündə saniyələr çox vacibdir, gərək çox sürətli olasan və rəqibdən tez xal alasan. Rinqdə də qorxmadım, əlimdən gələni etdim. Yarımfinalda bir az bəxtim gətirmədi, amma bürünc medal qazanmaq da məni çox sevindirdi. Amma söz verirəm ki, növbəti yarışlarda daha çox çalışacağam və Uğur kimi mən də qızıl medal qazanacağam”.

Əldə olunan bu qələbənin pərdəarxası qəhrəmanı, baş məşqçi Etibar Qəribov idmançılarının qazandığı bu uğuru aylarla davam edən yorucu məşqlərin, nizam-intizamın nəticəsi kimi qiymətləndirir: “Antalyaya yollanarkən qarşımıza tək bir məqsəd qoymuşduq. Vətənə medalsız, kuboksuz qayıtmamaq. Amma etiraf etməliyəm ki, yarışın miqyası və rəqiblərin səviyyəsi gözlədiyimizdən də yüksək idi. 3000-ə yaxın idmançının qatıldığı  turnirdə psixoloji gərginlik pik həddə olur. Uşaqlar rinqə çıxanda mən onlardan tək bir şey tələb etdim: məşqlərdə öyrəndikləri heç bir fəndi unutmamaq. Uğur Əliyev iki türkiyəli rəqibini öz evlərində məğlub etdi, bu böyük ürək tələb edir. Finalda isə alman idmançısının heç bir hücumuna imkan vermədi. İdmançılarımız bizi yanıltmadı. Sürətli və taktiki döyüş növündə bürünc medal qazanmaq bu yaşda böyük nailiyyətdir. Bu uğur hələ başlanğıcdır, qarşıda bizi daha böyük hədəflər, Avropa və dünya çempionatları gözləyir”.

Beynəlxalq arenada qazanılan bu uğur Naxçıvanda son illərdə idmana  göstərilən diqqətin, sistemli məşqlərin bəhrəsidir. Rəqiblərin kimliyindən, yarışın keçirildiyi məkanın çətinliyindən asılı olmayaraq, Azərbaycan Bayrağını beynəlxalq arenada ucaldan bu gənclər hər birimizə böyük qürur hissi yaşatdılar. Naxçıvanlı idmançıların dünya kubokunun sahibi kimi Vətənə dönməsi muxtar respublikada idman sahəsində gələcəkdə qazanılacaq daha böyük uğurların təminatıdır.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 20.05.2026 18:57