Ermənistan vətəndaşlarının şikayətləri üzrə apelly...
18:23 27.07.2026
0
0
0
NAXÇIVAN :
27 Iyul 2026, Bazar ertəsi
Gəncə İdman Sarayında keçirilən “Olimpiya Ümidləri” beynəlxalq karate turniri Naxçıvan karateçiləri üçün uğurlarla yadda qalıb. Yarışda qazanılan 18 medal idmançıların ardıcıl və əzmkar hazırlığının, eyni zamanda məşqçi heyətinin peşəkar əməyinin bəhrəsidir. Turnirdən böyük uğurlarla geri dönən idmançı və məşqçilərimiz yarış təəssüratlarını bizimlə bölüşüblər.
14 yaşadək qızlar arasında 42 kiloqram çəki dərəcəsində əsas liqanın qalibi olan Xədicə Bayramova bildirib ki, bu qələbə onun üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, turnirdə rəqiblər kifayət qədər güclü olsalar da, hər görüşə inamla çıxıb. Xədicə qeyd edib ki, qızıl medal uzunmüddətli və gərgin məşqlərin nəticəsidir. Əldə olunan uğur ona gələcək yarışlar üçün böyük motivasiya verib.
İkinci liqada qızıl medal qazanan Aylin Əlizadə isə yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O bildirib ki, müxtəlif ölkələrdən gələn idmançılarla qarşılaşmaq ona böyük təcrübə qazandırıb. Aylin əldə etdiyi nəticənin məsuliyyətini daha da artırdığını, gələcəkdə daha böyük uğurlar qazanmaq üçün məşqlərini davam etdirəcəyini deyib.
Qızıl medalçılardan Alisa Pelent də yarışın gərgin mübarizə şəraitində keçdiyini bildirib. Onun sözlərinə görə, hər görüşə ciddi hazırlaşması və məşqçilərinin tapşırıqlarına dəqiq əməl etməsi qələbə qazanmasında mühüm rol oynayıb. Alisa beynəlxalq turnirdə Azərbaycanı və Naxçıvanı layiqincə təmsil etməyin qürurverici olduğunu vurğulayıb.
Qızıl medal qazanan Adil Əliyev bildirib ki, yarış zamanı həyəcan keçirsə də, özünəinamını itirməyib. Rəqiblərinin güclü olması mübarizəni onun üçün daha da maraqlı edib. Adil vurğulayıb ki, qazandığı medalın arxasında ailəsinin və məşqçilərinin daim göstərdiyi dəstək dayanır. Əyarı qızıl olan medalın sahibi Nicat Əsgərli isə qazandığı uğurun təsadüfi olmadığını deyib. O bildirib ki, gündəlik məşqlər, nizam-intizam və məqsədyönlü hazırlıq bu nəticəni əldə etməsinə imkan verib. Nicatın əsas hədəfi beynəlxalq yarışlarda ölkəmizin bayrağını ən yüksək zirvələrdə dalğalandırmaqdır.
Əsas liqada bürünc medal qazanan Sona Nəcəfbəyli əldə etdiyi nəticə ilə kifayətlənmədiyini bildirib. Onun sözlərinə görə, bu turnir çatışmayan cəhətləri görməsinə imkan yaradıb. Növbəti yarışlarda uğurlu çıxış etmək üçün üzərində daha ciddi çalışacaq. Liqanın digər bürünc mükafatçısı Altay Əliyev isə yarışın onun üçün böyük təcrübə olduğunu deyib. O bildirib ki, beynəlxalq səviyyəli rəqiblərlə qarşılaşmaq idmançı kimi inkişafına müsbət təsir göstərib. Altay gələcək yarışlarda daha yüksək medallar qazanmaq əzmində olduğunu da vurğulayıb.
Təbii ki, əldə olunan uğurların əsasında məşqçilərin zəhməti dayanır. Məşqçi Niyaməddin Əliyev əldə olunan uğurları Naxçıvan Muxtar Respublikası “Qapıcıq” karate-do idman klubunun inkişafının göstəricisi kimi dəyərləndirib. O bildirib ki, idmançılar yarışa məsuliyyətlə hazırlaşıb, əksəriyyəti öz potensialını tam nümayiş etdirə bilib. Məşqçinin fikrincə, beynəlxalq turnirlər gənc karateçilərin təcrübəsinin artırılması və gələcək uğurlarının möhkəm təməl üzərində qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Məşqçi Nicat Allahverdiyev isə vurğulayıb ki, qazanılan 18 medal kollektivin əməyinin bəhrəsidir. Onun sözlərinə görə, idmançıların əzmkarlığı və məqsədyönlü hazırlığı bu uğuru mümkün edib. Məşqçi bildirib ki, qarşıdakı yarışlarda daha yüksək nəticələr əldə etmək üçün hazırlıq prosesini davam etdirəcək. Əsas məqsəd isə beynəlxalq arenada Naxçıvan karateçilərinin uğurlarını daha da artırmaqdır.
Gəncədə keçirilən beynəlxalq turnirdə əldə olunan bu nəticələr bir daha göstərdi ki, “Qapıcıq” karate-do idman klubu ölkənin idman uğurlarına mühüm töhfə verməkdə davam edir. İdmançıların qazandığı medallar onların zəhmətinin, məşqçilərin peşəkarlığının və məqsədyönlü hazırlığın uğurlu nəticəsi kimi qiymətləndirilir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər