NAXÇIVAN :

24 May 2025, Şənbə

Naxçıvan karateçiləri reytinq turnirində uğurlu nəticələr əldə ediblər

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Bakı şəhərində yeniyetmələr, gənclər, U21, böyüklər və parakarateçilər arasında reytinq xarakterli karate turniri keçirilib. Turnir Vətən müharibəsi şəhidləri – Səfərov Cəsarət və Səfərov Şahmarın əziz xatirəsinə həsr olunub.

Turnirdə ölkənin müxtəlif bölgələrindən 35 klubun 350-dən çox karateçisi iştirak edib. Naxçıvandan yarışa məşqçi Nizami Bağırovun rəhbərliyi altında 12 oğlan və 2 qız idmançı turnirdə mübarizə aparıb. 
Təmsilçilərimiz 1-i gümüş, 4-ü bürünc olmaqla, 5 medal əldə ediblər. Kənan Qənbərov 14 yaşlılar arasında kata üzrə ikinci olub. Qafar Hüseynov (67kq) U21 və böyüklər arasında yarışlarda iki bürünc qazanıb. Azər Məmmədli böyüklərin parakarate yarısında, Canər Abbaszadə (76kq) yeniyetmələrin kumite yarışında bürünc medala sahib çıxıblar. 
Azərbaycan Karate Federasiyası tərəfindən tətbiq olunan xüsusi reytinq sistemi çərçivəsində üç ardıcıl reytinq turnirində ən yüksək bal toplamış idmançılar respublika birinciliyi və Azərbaycan çempionatında iştirak hüququ – lisenziya – əldə edəcəklər. Bu mexanizm milli yığmaya obyektiv və şəffaf seçim prosesini təmin edir.
Əlavə edək ki, dünya çempionatında yüksək nəticələr əldə edən Naxçıvan karate məktəbinin yetirmələri Vüsal Seyidov və Məhəmməd Bağırov federasiyanın fəxri diplomu ilə təltif ediliblər.

Nəşr edilib : 24.05.2025 14:48