Beynəlxalq tədbirdə ortaq elmi irsin araşdırılması...
14:42 30.06.2026
0
0
0
Naxçıvan Hərbi Kollecinin 1-ci məzun buraxılış mərasimi keçirilib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin 1-ci məzun buraxılış mərasimi keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Naxçıvan Hərbi Kollecinin rəisi məzun buraxılış mərasiminə hazırlıq barədə Əlahiddə Ümumqoşun Ordunun komandanı, Vətən müharibəsi qəhrəmanı, general-leytenant Kənan Seyidova məruzə edib.
Mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordunun komandanı, Vətən müharibəsi qəhrəmanı, general-leytenant Kənan Seyidov məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətənə sədaqətlə xidmət etməyin, hərbi andı daim uca tutmağın və Azərbaycan hərbi qulluqçusu şərəfli adını layiqincə qorumağın vacibliyini vurğulayıb.
Sonra Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, milli təhlükəsizlik və hərb elmləri üzrə fəlsəfə doktoru, professor, general-mayor Arif Həsənov çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə şərəflə xidmət etməyi, peşəkar hərbi qulluqçu kimi daim inkişaf etməyi arzulayıb.
Mərasimdə Naxçıvan Hərbi Kollecini fərqlənmə ilə bitirən məzunlara Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kənan Seyidov tərəfindən sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub. Daha sonra kolleci bitirən digər məzunlara rəhbər heyət tərəfindən sertifikatlar təqdim edilib.
Kolleci birinciliklə başa vuran məzun tərəfindən yaş kötüyünə xatirə simvolu vurulub.
Ardınca Naxçıvan Hərbi Kollecinin Döyüş Bayrağının təhvili və qəbulu mərasimi icra olunub.
Məzun buraxılış mərasimi şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.
Digər xəbərlər