Qarabağ Universitetində Ümummilli Lider Heydər Əli...
11:42 12.12.2024
0
0
0
NAXÇIVAN :
12 Dekabr 2024, Cümə axşamı
"Şərq qapısı" xəbər verir ki, ikicildlik “Naxçıvan etnoqrafiyası” monoqrafiyasının ikinci cildi işıq üzü görüb. Monoqrafiyanın elmi redaktoru, akademik İsmayıl Hacıyev, redaksiya heyətinin üzvləri isə AMEA-nın müxbir üzvləri, professor Hacıfəxrəddin Səfərli, professor Vəli Baxşəliyev, mərhum etnoqraf-alim Hacı Qadir Qədirzadə, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovadır.
“Naxçıvan etnoqrafiyası” ikicildliyi Naxçıvan diyarının milli-mənəvi dəyərlərinin araşdırıldığı maraqlı və sanballı çoxmüəllifli tədqiqat əsəridir. Monoqrafiyada ailə, ailə məişət, ictimai məişət məsələləri, bayramlar, mərasimlər, xalq yaradıcılığı, xalq təbabəti, xalq arasında istifadə olunan çəki və ölçü vahidləri, arxaik inanclar, qədim dini ayinlər kimi maraqlı mövzular tədqiq olunub. Tarixin müxtəlif mərhələlərində Naxçıvanda elm və təhsilin inkişafı, habelə müstəqillik illərində maddi və mənəvi irsə münasibət məsələlərinin təhlili və tədqiqi də araşdırmaların bir hissəsini təşkil edir.
9 fəsildən ibarət kitabın ilk fəsli “Ailə və ailə məişəti” adlanır. İlk fəslə 5 yarımfəsil daxildir. Burada ailə məfhumunun mənəvi dəyərlərin qorunmasında rolu, ailənin strukturu, funksiyaları, onun forma və tipləri əhatəli təsvir olunmuş, sadə və mürəkkəb ailələr, təkrar ailə, təknəsilli, üçnəsilli ailələr, habelə ailədaxili münasibətlər geniş təhlil edilmişdir. Toplanmış etnoqrafik materiallar əsasında nikah münasibətlərinin və nikahın formaları qruplar üzrə öyrənilmişdir. Toy, dəfn və yas mərasimləri bağlı adətlər, uşaqların doğulması və tərbiyəsi ilə bağlı inanclar geniş təsvir olunmuşdur.
Monoqrafiyanın “Xalq bayram və mərasimləri” və “Dini bayram və mərasimlər” adlanan növbəti fəsillərində Susəpən, Çillə gecəsi, Kiçik çillə, Günəşbanu, Nuhdaban, Xıdır Nəbi mərasimi, eləcə də folklor və etnoqrafiyamızda xüsusi yeri olan Novruz inanc və mərasimləri əhatəli şərh olunmuşdur. Qurban bayramında, Ramazan və Məhərrəmlik aylarında icra olunan Orucun 15-i, Ələm gəzdirmə, Ömər bayramı mərasimləri etnoqrafik materiallara əsaslanmaqla izah olunmuşdur.
“Xalq yaradıcılığı və ictimai məişət” başlıqlı dördüncü fəsildə milli mədəniyyətimizin aparıcı qolu olan musiqi ifaçılığı, xalq mahnıları, aşıq yaradıcılığı ilə bağlı diqqətçəkən məlumatlar yer almışdır. Qeyd etdiyimiz fəsildə mərasim və ayinlər zamanı icra olunan rəqslər, yallı rəqsləri barədə ətraflı təhlillər aparılmış, diyarın yetirdiyi aşıq sənətinin seçilən nümayəndələri, tanınmış musiqiçilər haqqında məlumat verilmişdir. “Oyun və əyləncələr” adlanan yarımfəsildə uşaq oyunlarının uşaqlarda təfəkkürün, ilkin dünyagörüşünün, əxlaqi anlayışların formalaşmasına təsirlərinə diqqət çəkilmişdir. Həmin oyunlar uşaqların yaşı və cinsi nəzərə alınmaqla üç qrupda araşdırılmışdır. Yanaşı olaraq Naxçıvan əhalisinin sahib olduğu qonaqpərvərlik ənənəsindən və əmək prosesində qarşılıqlı yardım formalarından bəhs olunmuşdur.
“Elm və təhsil” fəslində bölgədə elm və təhsilin keçdiyi inkişaf yolu nəzərdən keçirilmiş, “Xalq təbabəti və ya türkəçarə” adlanan VI fəsildə isə Naxçıvanda bitkilərdən, heyvan mənşəli məhsullardan, mineral tərkibli maddələrdən və mədən sularından təbii müalicə məqsədilə istifadə qaydaları, bəzi xəstəliklərin türkəçarə ilə müalicə üsulları qeyd olunmuşdur.
“Xalq çəki və ölçü vahidləri”indən bəhs edən fəsildə isə ölçü və çəki vahidlərinin öyrənilməsinin etnoqrafiya elmində aktuallığı diqqətə çatdırılmış, xalq arasında qismən də olsa, işlədilən, yaxud arxaikləşmiş addım, qulac, qarış, arşın, ağac, fərsəng, xışma, batman, misqal, xalvar, hoqqa, tağar və başqa vahidlər barədə məlumat verilmişdir.
Əsərin “Arxaik inamlar və qədim dini ayinlər” başlığı daşıyan növbəti fəslində arxaik inamlarda mifik varlıqlarla bağlı inamların mövcudluğu məsələsi izlənilmiş, toplanmış materiallar əsasında insanların, heyvanların, ev və təsərrüfatın qorunması ilə bağlı inanclardan ətraflı bəhs olunmuşdur.
“Müstəqillik illərində maddi və mənəvi irsə münasibət” adlı sonuncu fəsildə milli-mənəvi dəyərlərimizin qorunmasında dövlət amilinin vacibliyi vurğulanmış, etnoqrafik materiallarla bağlı aparılan tədqiqatlar, əldə olunan uğurlar nəzərdən keçirilmişdir.
Qeyd edək ki, əsərin ərsəyə gəlməsində 220 mənbədən istifadə olunub. Kitabdan ümumiləşdirici əsərlərin, dərs vəsaitlərinin, xüsusi nəşrlərin hazırlanmasında istifadə edilə bilər. İnanırıq ki, “Naxçıvan etnoqrafiyası” bu gün unudulmaqda olan, yaxud çox az bilinən etnoqrafik bilgilərin təbliğində və gələcək nəsillərə ötürülməsində dəyərli mənbə rolu oynayacaqdır.
Digər xəbərlər