Su təsərrüfatının modernləşdirilməsi: qlobal prob...
20:35 16.01.2026
0
0
1
NAXÇIVAN :
16 Yanvar 2026, Cümə
Azərbaycan ədəbiyyatını daim yüksək qiymətləndirən Ulu Öndər demişdir: “Ədəbiyyatımızı bilmək lazımdır. Ədəbiyyatını bilməyən adam dilini yaxşı bilməyəcəkdir. Ədəbiyyatı bilməyən adam yüksək mədəni səviyyəyə çata bilməyəcəkdir”.
Ölkəmizin bir çox böyük şəhərlərində ədəbiyyat muzeyləri fəaliyyət göstərir. Digər belə mədəniyyət müəssisələri sırasında bu muzeylərin öz yeri var. Tarixi bilinməyən ədəbi nümunələrimizin saxlanc yeri, təbliğat yeri olan ədəbiyyat muzeyləri həm də buraya gələnlərdə ədəbiyyata maraq oyadan məkanlardır. Onlardan biri də Naxçıvan şəhərində fəaliyyət göstərir. 60 yaşlı muzeyin keçdiyi yol barədə mədəniyyət müəssisəsinin direktoru Aləmzər İbrahimova ilə həmsöhbət olduq.
Bizə bu muzeyin yaranması barədə ətraflı məlumat verən Aləmzər xanım bildirdi ki, Azərbaycan ədəbiyyatı klassiklərinin, müasir yazıçı və şairlərimizin, ədəbiyyatşünas alimlərimizin ədəbi irsinin toplanması, öyrənilməsi və geniş surətdə ictimaiyyətə çatdırılması məqsədilə Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin yaradılması haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 25 dekabr tarixli Sərəncamı olmuşdur. 1966-cı ildə muzey üçün bina ayrılmış və eksponat toplanması işinə başlanılmışdır. Muzeyin rəsmi açılışı isə böyük ədib Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin Azərbaycanda geniş qeyd edildiyi dövrdə – 12 iyun 1967-ci ildə olmuşdur. Bu hadisə ilə əlaqədar olaraq “Şərq qapısı” qəzetinin 12 iyun 1967-ci il tarixli buraxılışı da, bütovlükdə, yubilyara həsr edilmişdir.
Qəzetin ilk səhifəsi “Şərqin azadlıq carçısı” adlı məqalə ilə başlanırdı. Məqalədə oxuyuruq: “Bu gün biz Cəlil Məmmədquluzadənin 100 illiyini qeyd edirik. Mirzə Cəlilin yazıçı, jurnalist, mütəfəkkir kimi böyüklüyü ondadır ki, o bütün fəaliyyəti boyu öz xalqını, bütün insanlığı düşündürən, narahat edən məsələlərlə məşğul olmuşdur.
Görkəmli söz ustası və böyük vətəndaş Cəlil Məmmədquluzadə öz əsərləri ilə Azərbaycan ədəbiyyatının inkişafına, ictimai dünyagörüşün müəyyənləşməsinə çox böyük və qiymətli xidmət göstərmişdir. Azərbaycan xalqının öz böyük oğlu və sənətkarı Cəlil Məmmədquluzadəyə məhəbbəti hədsizdir”.
Qəzetdə, həmçinin Cəlil Məmmədquluzadənin 100 illiyinə həsr edilmiş yubiley tədbirlərinin proqramı dərc edilmişdir. Yubiley tədbirində akademiklər Həmid Araslı, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Xalq şairləri Süleyman Rüstəm, Balaş Azəroğlu, Mədinə Gülgün, Xalq rəssamı İsmayıl Axundov, Məhəmməd Tağı Sidqinin oğlu Məmmədhəsən Sidqi, nəvəsi Sidqi Səfərov və digər mədəniyyət, elm və ədəbiyyat xadimləri, Naxçıvanda yazıb-yaradan yazıçı və şairlər, qabaqcıl ziyalılar, ictimaiyyətin və muxtar respublika rəhbərliyinin nümayəndələri iştirak etmişlər. Onlardan bir çoxu muzeyin təəssürat kitabına öz ürək sözlərini yazmışdır: “Bizim müdrik Mirzə Cəlil sağ olsaydı deyərdi: “Qədirşünaslıq çox yaxşı şeydir... sağ olun, bir-birinizin qədrini bilin” (Məmməd Cəfər), “Muzey gözəldir, sağ olsun onun təşkilatçıları. Bu muzey Mirzə Cəlil üçün ən yaxşı hədiyyədir” (Abbas Zamanov), “Ədəbiyyat muzeyi böyük yazıçının adına layiq gözəl bir muzeydir. Eksponatlar Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin yaradıcılığından söhbət açır. Muzey işçilərinin zəhməti təqdirəlayiqdir. Onlara yeni uğurlar arzulayıram” (Turan Cavid).
Naxçıvanda Ədəbiyyat Muzeyinin yaradılması bütün naxçıvanlılar üçün çox böyük, əlamətdar, mədəni və tarixi hadisəyə çevrilmiş, Nizami küçəsində bina ayrılmış, bərpa işləri aparılmış, xalqa yüksək səviyyədə xidmət etmək üçün şərait yaradılmışdır.
Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin 1 iyun 1966-cı il tarixli müvafiq nömrəli əmrinə əsasən İsfəndiyar Əsədullayev Ədəbiyyat Muzeyinin direktoru təyin edilmiş və 1982-ci ilədək muzeyə rəhbərlik etmişdir. Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin 1 noyabr 1982-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən isə Sübhi Kəngərli muzeyə direktor təyin olunmuş, 2012-ci ilin may ayınadək muzeyə rəhbərlik etmişdir. Dövlətimizin muzeylərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, 2008-ci ildə muzey Nizami küçəsi 49A-da yerləşən yeni təmir olunmuş binaya köçürülmüşdür.
Muzey direktorunun sözlərinə görə, burada 3 ekspozisiya zalı vardır. Ekspozisiya zallarında Azərbaycan ədəbiyyatı ta qədim dövrlərdən başlayaraq müasir dövrədək əhatə edilmişdir.
Muzey fəaliyyətə başlayan zaman fondda cəmi 98 eksponat var idisə, hazırda eksponatların sayı 20 mini ötmüşdür.
Öyrənirik ki, birinci ekspozisiya zalında qədim dövrlərdən başlayaraq XIX əsrə Azərbaycan ədəbiyyatını özündə əks etdirən 18 guşə mövcuddur. Azərbaycan ədəbiyyatı klassiklərinə həsr olunmuş guşələrdə – Məhsəti Gəncəvinin, Əfzələddin Xaqaninin, Məhəmməd Füzulinin və digərlərinin həyat və yaradıcılıqlarını əks etdirən eksponatlar, portretlər, əsərlərinə çəkilmiş illüstrasiyalar, heykəltaraşlıq nümunələri, yubiley materialları və kitablar nümayiş olunur.
Ekspozisiyanın ikinci zalındakı guşələrdən biri Azərbaycan Respublikasının qurucusu və memarı, Azərbaycan xalqının Ümummilli Lideri, ədəbiyyatımızın, mədəniyyətimizin hamisi Heydər Əliyevə həsr olunmuşdur. Guşədə Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablar, mədəniyyətimizə və ədəbiyyatımıza göstərdiyi diqqət və qayğını əks etdirən fotolar nümayiş etdirilir.
Ekspozisiyanın üçüncü zalı, bütövlükdə, Naxçıvan ədəbi mühitinə həsr olunmuşdur. Bu zalda Naxçıvanda doğulub boya-başa çatan, yaşayıb-yaradan, özlərindən sonra böyük irs qoyub gedən yazıçı və şairlərimizə, ədəbiyyatşünas alimlərimizə 30 guşə ayrılmışdır. Ümummilli Lider Heydər Əliyevin 1974-cü ildə – Naxçıvan MSSR-in 50 illik yubileyinin keçirildiyi günlərdə Ədəbiyyat Muzeyini ziyarət edərkən çəkilmiş fotosu muzeyin ən dəyərli eksponatı kimi ekspozisiyada nümayiş olunur.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin əsas vəzifəsi və qayəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığını dərindən öyrənmək, geniş təbliğ etməkdən ibarətdir.
Aləmzər İbrahimova onu da diqqətimizə çatdırdı ki, qarşıdan muzeyin 60 illik yubileyi gəlir. Tarix üçün çox da böyük olmayan bu qısa zaman kəsiyində şərəfli bir yol keçmiş bu mədəniyyət müəssisəsi yubileyə ciddi hazırlaşır. Burada böyük sərgi təşkil ediləcək. Sərgidə yazıçı və şairlərimizin fotoşəkilləri, kitabları özünə yer alacaq. Muzeyin daimi ziyarətçiləri olan ədəbiyyat adamları, alimlər, digər sənət xadimləri ilə görüşlər keçiriləcək. Yubileyin əhatəli, yaddaqalan olması üçün əlimizdən gələni edəcəyik.
Biz də buraya üz tutan ziyarətçilərə yüksək səviyyədə xidmət göstərən muzey kollektivini qarşıdan gələn yubiley münasibətilə ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
Aidə İBRAHİMOVA
Digər xəbərlər