NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Dövlət Universitetinin tibb tələbələri Türkiyənin nüfuzlu klinikalarında yay təcrübəsi keçib

...

Naxçıvan Dövlət Universiteti tərəfindən hər il ənənəvi olaraq təşkil edilən təcrübə proqramı çərçivəsində Tibb fakültəsinin 240 nəfərlik müəllim, həkim və tələbə heyəti qardaş Türkiyə Respublikasında təcrübə keçib. Təcrübə proqramı Türkiyənin nüfuzlu ali təhsil müəssisələri Hacettepe, Ankara, Qazi, Ege və Qaradəniz Texniki universitetlərində baş tutub. Təcrübə proqramında Tibb, Tibb (ingilis bölməsi), Tibb (SABAH qrupları), Stomatologiya, Əczaçılıq, Hərbi tibb, İctimai səhiyyə və Psixologiya ixtisaslarının tələbələri iştirak ediblər. Eyni zamanda Ortopedik stomatologiya, Travmatologiya-ortopediya, Şüa diaqnostikası, Kardiologiya, Oftalmologiya, Mama-ginekologiya, Yoluxucu xəstəliklər, Nevrologiya, Endokrinologiya və Sosial gigiyena sahələri üzrə rezident-həkimlər də bu proqramdan yararlanıblar. Təcrübə proqramı tələbələrin nəzəri biliklərini praktik vərdişlərlə birləşdirməsinə, beynəlxalq təcrübə qazanmasına və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı yanaşmalarına şərait yaradıb. Biz də həmin tələbələrin bir neçəsi ilə redaksiyamızda görüşərək onların təəssüratlarını öyrəndik. 
Universitetin 4-cü kurs tələbəsi Ağa Qasımov deyir ki, 2025-ci ilin yayında Ankara şəhərinin Qazi Universiteti xəstəxanasında 2 həftəlik klinik təcrübə keçib. Həkimlərin xəstə qəbulu, anamnez toplanması, müayinə prosesi və diaqnoz qoyma mərhələlərində iştirak edib. Laborator nəticələrin dəyərləndirilməsini, görüntüləmə metodlarının izahını və müalicə qərarlarının necə verildiyini müşahidə edib. Praktiki olaraq fiziki müayinə üsulları və klinik protokollar barədə biliklərini artırmağa çalışıb: “Gələcəkdə yaxşı bir klinik həkim olmaq üçün yalnız nəzəri deyil, praktiki bacarıqlarımı da davamlı şəkildə inkişaf etdirməli olduğumu bir daha anladım. Qazi Xəstəxanasındakı bu qısamüddətli təcrübə mənim üçün çox dəyərli oldu. Düşünürəm ki, bu kimi təcrübələr biz tələbələr üçün olduqca vacibdir”. 
V kurs tibb tələbəsi Nüşabə Bağırzadə: “Son illərdə universitetimizdə Tibb ixtisası üzrə təhsil alan tələbələr yay istehsalat təcrübələrini Türkiyənin ən nüfuzlu universitetlərində keçirlər. Bu yay təcrübələrinin Türkiyənin nüfuzlu universitetlərində keçməsi biz tələbələrə gələcək ixtisas seçimində və məqsədyönlü tibb təhsili almamızda ciddi köməklik göstərir. 40 nəfərlik heyətlə Trabzon şəhərində Qaradəniz Texniki Universitetinin Farabi Xəstəxanasında təcrübədə olduq. Tələbələrimiz tibb, psixologiya və stomatologiya olmaqla, 3 ixtisas profili üzrə təcrübə keçdilər. 2 həftəlik bu təcrübədə biz burada aparılan tibbi müayinə, xəstə qəbulu, diaqnozları və müasir tibbi yanaşmaları öyrənməyə çalışdıq. Təcrübə vaxtı müasir tibbi texnologiya, kitabxana, dərs otaqları, mühazirə zalları və bütünlükdə müasir tibbi infrastrukturla tanış olduq. Tibbi təcrübə ilə yanaşı, biz həm də Trabzonun gəzməli və tarixi yerlərini də ziyarət etdik. Gözəl təbiətə malik olan Trabzon şəhəri həm də ən böyük yaşıllığa malik olan turistik yerdir. Hesab edirəm ki, bütün tələbələrin təəssüratları çox yüksəkdir”.
 Tibb fakültəsinin IV kurs tələbəsi Nigar Abdullayeva da söhbətimizə qoşulur. “Artıq üç ildir, yay təcrübə proqramlarında aktiv iştirak edirəm. Bu müddət ərzində Türkiyənin bir sıra nüfuzlu universitetlərində təcrübədə olmuşam. İlk təcrübəmi Cebeci xəstəxanasının Pediatriya şöbəsində keçirdim. Hər gün onlarla yeni doğulmuş körpənin müayinəsində iştirak etmək imkanı əldə etdim. Növbəti Qazi Universiteti xəstəxanasında idi. Bu təcrübə zamanı biz Təcili tibbi yardım, Daxili xəstəliklər, Ümumi cərrahiyyə və Ginekologiya şöbələrində praktiki biliklər əldə etdik. Sonuncu yay istehsalat təcrübəm isə Ege Universiteti xəstəxanasının Pediatriya şöbəsində oldu. Hər gün uzman həkimlərlə birlikdə vizitlərə qatılırdıq. Vizitlər zamanı bir çox xəstəliklər, onların müalicə üsulları və xəstələrə yanaşma tərzi haqqında həm professorların, həm də assistentlərin fikirlərini dinləyir, eyni zamanda bizə verilən suallar vasitəsilə mövzuları müqayisəli şəkildə araşdırmaq imkanı qazanırdıq”.
V kurs tələbəsi Bəhriyyə Mustafayeva deyir ki, əvvəlki illərdə Trabzonda yerləşən Qara Dəniz Texniki Universitetinin Farabi, Ankarada Qazi Universitetinin, İzmirdə Ege Universitetinin xəstəxanalarında və nəhayət, bu yay Ankarada Hacettepe Universitetinin xəstəxanasında təcrübə keçmişəm. Bizə yaradılan bu imkanlar göstərir ki, tibb sahəsində tələbələrə nəzəri biliklə yanaşı, praktik bacarıqların aşılanması Naxçıvan Dövlət Universitetinin əsas prioritetlərindən biridir. Bu il 6 akademik heyət üzvü, 1 rezident və 9 tələbədən ibarət komandamızla birlikdə Hacettepe Universitetinin xəstəxanasında yay istehsalat təcrübəsində iştirak etdik. Təcrübə müddətində xəstəxananın müxtəlif şöbələrində xəstə müayinələri, əməliyyatlar, tədris stimulyasiyaları və bölmə iclaslarına cəlb olunduq. Xüsusilə qeyd etmək istərdim ki, təcrübə zamanı xəstəxananın müxtəlif şöbələrində rotasiya aparılması bizə gələcəkdə ixtisaslaşmaq istədiyimiz sahələr haqqında daha ətraflı məlumat əldə etməyə, bu sahələrin iş prinsipləri, xəstə profilləri və gündəlik fəaliyyətləri ilə tanış olmağa şərait yaratdı. Həmçinin xəstəxananın Ümumi cərrahiyyə şöbəsində Türkiyədə sayılı xəstəxanada mövcud olan “Da Vinci” robotik cərrahiyyə cihazı ilə icra edilən əməliyyatlarda müşahidəçi olaraq iştirak etmişik. Bölmə rəhbərliyinin yaratdığı şərait nəticəsində “Da Vinci” robotik cərrahiyyə sisteminə aid əməliyyat simulyatorları vasitəsilə primitiv minimal invaziv texnikaları praktiki olaraq mənimsəmə şansı əldə etdik. Təcrübə zamanı ümumi cərrahiyyə şöbəsində müxtəlif əməliyyatlarda müşahidəçi kimi iştirak etdik. Xüsusi olaraq vurğulamaq istərdim ki, seqmentar kolon rezeksiyası və kolorektal anastomoz, eləcə də süd vəzinin bədxassəli şişinə görə mastektomiya əməliyyatlarında assistent olaraq iştirak etmək imkanı qazandım. Bu mənim üçün olduqca yaddaqalan və dəyərli bir təcrübə idi. 
Naxçıvan Dövlət Universitetinin bu istiqamətdə atdığı addımlar bir daha göstərir ki, bu ali təhsil ocağı yalnız yerli deyil, həm də beynəlxalq səviyyədə rəqabətədavamlı, savadlı və əzmkar tibbi kadrların yetişdirilməsinə xidmət edir. Bu təşəbbüslər gələcəyin peşəkar həkimlərinin formalaşmasına zəmin yaradır və Azərbaycan səhiyyəsinin inkişafına töhfə verəcək savadlı gənclərin yetişdirilməsində mühüm rol oynayır.

 Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 30.07.2025 12:36