NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Naxçıvan Dövlət Universitetinin SABAH qrupunun tələbələri üçün Duzdağ Müalicə Mərkəzində təcrübi dərs təşkil edilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin II kurs SABAH qrupunun tələbələri üçün Duzdağ Müalicə Mərkəzində təcrübi dərs keçilib. Naxçıvan Dövlət Universitetinin Fizioterapiya və tibbi reabilitasiya fənninin müəllimi, Naxçıvan Mərkəzi Xəstəxanasının həkim reabilitoloqu İlahə Zeynalova "İqlimlə müalicə-aeroterapiya və aeroionoterapiya" mövzusunda tələbələrə dərs keçərək, Naxçıvan duzunun xəstəliklərin müalicəsində istifadəsi, fizioterapiyada üstünlükləri, göstəriş və əks-göstərişlər barədə ətraflı məlumat verib. Tələbələr Duzdağ Müalicə Mərkəzindəki palataları gəzərək müalicə prosesi və mövcud şəraitlə tanış olublar.
Dərsdən sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev SABAH qrupunun tələbələri ilə görüşüb. Rektor tələbələrə Duzdağın tarixi haqqında maraqlı məlumatları diqqətə çatdırıb. Həmçinin Duzdağın digər duz mədənlərindən üstünlükləri və Naxçıvan duzunun mineral tərkibinə görə Himalay duzundan sonra dünyada ikinci sırada yer aldığı vurğulanıb. Elbrus İsayev qeyd edib ki, bu kimi təcrübi dərslər tələbələrin nəzəri biliklərini praktiki mühitdə tətbiq etmələrinə şərait yaradır və onların gələcək ixtisaslarına dair dərin biliklər qazanmalarına mühüm töhfə verir.
Sonda rektor tələbələrlə çay süfrəsi ətrafında səmimi söhbət edərək onların təklif və təəssüratlarını dinləyib.

Nəşr edilib : 07.12.2024 18:49