Xankəndidə keçiriləcək növbəti əmək yarmarkasında ...
18:16 09.09.2026
0
0
0
NAXÇIVAN :
09 Sentyabr 2026, Çərşənbə
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq ticarət və logistika ixtisasını fərqlənmə diplomu ilə bitirən Muxtar Məmmədov akademik fəaliyyətində növbəti uğurlu addımını atıb. Universitetin Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə sədri olmuş gənc tədqiqatçı Çinin Yançen Texnologiya İnstitutunun (Yancheng Institute of Technology – YCIT) İqtisadiyyat və İdarəetmə Məktəbində Beynəlxalq biznes (International Business) ixtisası üzrə tam təqaüdlü magistratura proqramına qəbul olunub.
Magistratura seçimi mərhələsində Avropa və Asiyanın aparıcı təhsil ocaqlarının proqramlarını diqqətlə araşdıran Muxtar yüksək akademik göstəriciləri sayəsində Avropanın beş fərqli universitetindən də qəbul dəvəti alıb. Qitənin nüfuzlu ali məktəblərinin təkliflərinə baxmayaraq, o, gələcək akademik və peşəkar inkişafı üçün yekun seçimini məhz Çin istiqamətində edib.
Onun sözlərinə görə, bu seçimdə Çinin dünya iqtisadiyyatında, beynəlxalq ticarətdə və qlobal biznes münasibətlərində mühüm mövqeyə malik olması əsas amillərdən biri olub: “Bakalavr təhsilimi Beynəlxalq ticarət və logistika ixtisası üzrə başa vurduğum üçün magistratura pilləsində Beynəlxalq biznes ixtisasını seçməyim mənim üçün bu istiqamətdəki akademik hazırlığımın məntiqi davamı oldu. Çində təhsil almaq qərarına gəldikdən sonra akademik göstəricilərimə, əvvəlki təhsilim və gələcək karyera hədəflərimə uyğun universitet və proqramlar haqqında geniş araşdırma apardım. Bu araşdırmalar nəticəsində Yançen Texnologiya İnstitutunun “Beynəlxalq biznes” magistratura proqramının məqsədlərimə ən uyğun seçimlərdən biri olduğunu müəyyənləşdirərək müraciət etdim. Müraciət zamanı əvvəlki təhsilimi təsdiq edən sənədlər, akademik göstəricilərim, dil biliyimi təsdiqləyən sənədlər, CV və universitet tərəfindən tələb olunan digər materialları təqdim etdim. Müraciət prosesinin nəticəsində universitetə qəbulum təsdiqləndi və tam təqaüd qazanmaq hüququ əldə etdim”.
Muxtar Məmmədovun fikrincə, bu uğur həm də qarşıdakı fəaliyyətləri üçün böyük məsuliyyətdir: “Magistratura təhsilim müddətində qlobal biznes mühiti, beynəlxalq ticarət əlaqələri, müasir idarəetmə modelləri və biznes strategiyaları üzrə biliklərimi daha da dərinləşdirməyi qarşıma məqsəd qoymuşam. Müxtəlif ölkələrdən olan tələbələrlə birgə təhsil almağın mənə fərqli mədəniyyətlərlə əməkdaşlıq və beynəlxalq mühitdə çalışma baxımından dəyərli təcrübə qazandıracağına inanıram. Bu uğurun əldə olunmasında Naxçıvan Dövlət Universitetində qazandığım bilik və təcrübənin xüsusi rolu olub. Tələbəlik illərində yalnız akademik fəaliyyətlə kifayətlənməyərək elmi, ictimai və layihə fəaliyyətlərində də fəal iştirak etmişəm. NDU Tələbə Elmi Cəmiyyətinin İqtisadiyyat və idarəetmə fakültəsi üzrə sədri kimi tələbələrin elmi fəaliyyətə marağının artırılması, müxtəlif elmi tədbir və layihələrin təşkili istiqamətində çalışmışam. Bu fəaliyyət mənə təşkilatçılıq, liderlik, məsuliyyət və komanda ilə işləmək baxımından mühüm təcrübə qazandırıb”.
Elmi fəaliyyətə olan marağı nəticəsində müxtəlif istiqamətlər üzrə 38 elmi tədqiqat işinin müəllifi olan Muxtar Məmmədov həmin araşdırmalarının beynəlxalq elmi jurnallarda dərc olunmasına nail olub. Elmi araşdırmaların onun analitik düşünmə, mənbələrlə işləmə və əldə etdiyi nəticələri akademik mühitdə təqdimetmə bacarıqlarının inkişafında mühüm rol oynadığını qeyd edir.
Bununla yanaşı, o, Naxçıvan Dövlət Universiteti Enactus komandasının vitse-prezidenti kimi müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsində də iştirak edib: “NDU Enactus komandasının vitse-prezidenti kimi fəaliyyətim də mənim üçün dəyərli təcrübə olub. Bu fəaliyyət çərçivəsində sosial sahibkarlıq, innovasiya və müxtəlif layihələrin hazırlanıb həyata keçirilməsində iştirak etmişəm. Əldə etdiyim bu təcrübə layihələrin planlaşdırılması, komanda idarəetməsi, problem həlli və əməkdaşlıq bacarıqlarımın inkişafına mühüm töhfə verib. Gələcək hədəfim magistratura təhsilimi uğurla başa vuraraq əldə edəcəyim akademik bilikləri, elmi-tədqiqat təcrübəmi və beynəlxalq təcrübəni peşəkar fəaliyyətimdə tətbiq etməkdir. Uzunmüddətli perspektivdə isə qazandığım bilik və bacarıqlarla Azərbaycanın beynəlxalq ticarət və biznes əlaqələrinin inkişafına öz töhfəmi vermək istəyirəm”.
O əldə etdiyi uğurda daim dəstək olan ailəsinə, Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə və müəllimlərinə minnətdarlığını bildirir. Gənclərə tövsiyəsi isə qarşılarına böyük hədəflər qoymaq, daim öz üzərlərində çalışmaq və inkişaf üçün yaranan imkanlardan maksimum yararlanmaqdır. Onun fikrincə, akademik fəaliyyətlə yanaşı, elmi, ictimai və layihə fəaliyyətlərində iştirak etmək gənclərin həm peşəkar, həm də şəxsi inkişafında mühüm rol oynayır. Məqsədə gedən yolda isə çətinliklərdən qorxmamaq, uğursuzluqlardan nəticə çıxarmaq, səbir və əzmlə irəliləmək əsas şərtlərdəndir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər