NAXÇIVAN :

02 Avqust 2026, Bazar

Naxçıvan Dövlət Universitetində paleobotanika sahəsində ilk elmi tədqiqatlara başlanılıb

...

Naxçıvanın milyon illərlə ölçülən geoloji keçmişi bu gün də alimlər üçün yeni tədqiqat istiqamətləri açır. Ərazinin qədim bitki aləminin izlərini, paleocoğrafi və paleoiqlim xüsusiyyətlərini araşdırmaq məqsədilə Naxçıvan Dövlət Universitetində paleobotanika sahəsində ilk elmi tədqiqatlara başlanılıb. Görülən işlər, əldə olunan ilkin nəticələr və qarşıdakı hədəflərlə bağlı universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Coğrafiya kafedrasının baş müəllimi Əli Qurbanov məlumat verib.
Əli Qurbanov bildirib ki, Naxçıvanın zəngin geoloji keçmişi nəzərə alınaraq universitetdə paleobotanik tədqiqatların aparılması qərara alınıb. Bu məqsədlə Biologiya kafedrasının əməkdaşları Bəhruz Bayramov, Mürsəl Seyidov, Hilal Qasımov, Pərviz Fətullayev və Coğrafiya kafedrasının əməkdaşı Əli Qurbanovdan ibarət  beş nəfərlik elmi-tədqiqat qrupu yaradılıb.
Onun sözlərinə görə, tədqiqatın əsas məqsədi Naxçıvan ərazisində paleobotanika, paleocoğrafiya və paleoiqlim istiqamətlərində kompleks elmi araşdırmalar aparmaqdır.
Universitet rəhbərliyinin dəstəyi ilə əvvəlcədən müəyyənləşdirilmiş təcrübə poliqonlarında tədqiqatlara start verilib. İlk araşdırmalar şəhər yollarının çəkilişində istifadə olunan mergel mənşəli süxurların  toplandığı Culfa-Ordubad ərazisində aparılıb. Burada, təxminən, 150-320 milyon il əvvələ aid bitki fosillərinin öyrənilməsi məqsədilə nümunələr toplanıb.
Əli Qurbanov bildirib ki, tədqiqatlar zamanı toplanan qiymətli materialların paleobotanika baxımından öyrənilməsinə başlanılıb. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, aşkar olunan fosillər, təxminən, 250 milyon il əvvəl qədim Tetis dənizinin və ondan əvvəl mövcud olmuş Reyk okeanının sahil boyu, laqunlarında yayılmış bitkilərə məxsusdur. Bu bitkilər oksigensiz mühitdə, yüksək təzyiq və temperaturun təsiri altında daşlaşaraq fosilləşib. Hazırda toplanmış materiallar Naxçıvan Dövlət Universitetində yaradılmış muzeydə mühafizə olunur.
Müsahibin sözlərinə görə, əldə olunan ilkin nəticələr əsasında ikinci tədqiqat sahəsi Şərur rayonunun Havuş kəndi yaxınlığındakı dəniz səviyyəsindən 1957 metr yüksəklikdə yerləşən karbonatlı süxurlar üzərində müəyyənləşdirilib. Burada aparılan araşdırmalar zamanı paleozoy və mezozoy dövrlərinə aid ibtidai bitki fosilləri aşkar edilib. 
Ərazinin daha geniş öyrənilməsinə ehtiyac yarandığından üçüncü tədqiqat mərhələsi Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin də iştirakı ilə yenidən Havuş kəndində həyata keçirilib. Bu dəfə əvvəlki araşdırmalardan fərqli olaraq daha zəngin bitki fosilləri toplanıb, həm ibtidai, həm də ali bitkilərə aid nümunələr müəyyənləşdirilib.
Əli Qurbanov vurğulayıb ki, hazırda toplanmış fosillər üzərində elmi tədqiqatlar davam etdirilir. Paleobotanika ilə yanaşı, ərazinin qədim təbii mühitinin daha dolğun öyrənilməsi məqsədilə paleoiqlim və paleocoğrafiya istiqamətlərində də araşdırmalar aparılır.
Əli Qurbanov bildirib ki, Azərbaycanda paleobotanika sahəsində ilk elmi tədqiqatlar məhz Naxçıvan Dövlət Universitetində aparılır. Hazırda araşdırmalar davam etdirilir, növbəti mərhələdə isə Dərəşam, Xaraba Gilan, Badamlı, Şərur rayonunun Yaycı kəndi və digər perspektivli ərazilərdə paleobotanik ekspedisiyaların keçirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, toplanmış materialların təhlilindən sonra Naxçıvanın paleobotanika irsini əks etdirən elmi məqalələr hazırlanaraq beynəlxalq jurnallara göndəriləcək. Bununla yanaşı, aşkar olunmuş fosillər və aparılan elmi tədqiqatların materiallarının nəticələrini əhatə edən albomun hazırlanması da planlaşdırılır. Bu nəşrin Naxçıvanın qədim bitki örtüyünün formalaşması tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbəyə çevriləcəyi gözlənilir. Hazırda bu istiqamətdə elmi tədqiqatlar davam etdirilir.

Zəhra VƏLİYEVA
 

Nəşr edilib : 01.08.2026 19:20