NAXÇIVAN :

03 Iyul 2026, Cümə

Naxçıvan Dövlət Universitetində daha üç sənaye nümunəsinə patent verilib

...

Naxçıvan Dövlət Universitetinin müəllimlərinin elmi-yaradıcılıq fəaliyyəti növbəti uğurlarla yadda qalıb. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tabeliyində fəaliyyət göstərən Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən universitetin üç müəllifinə sənaye nümunələri üzrə patent təqdim olunub.
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Naxçıvanın Əməkdar rəssamı, dosent Cavid Vəli oğlu İsmayılov tərəfindən hazırlanmış “Skripka kompozisiyalı musiqili işıq dirəyi” sənaye nümunəsi patent alıb. Musiqi və dizayn elementlərini özündə harmonik şəkildə birləşdirən bu nümunə dekorativ işıqlandırma vasitəsi kimi parklar, meydanlar, mədəniyyət mərkəzləri və digər ictimai məkanlarda tətbiq olunmaq üçün nəzərdə tutulub. Layihə həm estetik görünüşü, həm də funksionallığı ilə seçilir.
Patent müəllifi Cavid İsmayılov "Şərq qapısı"na açıqlamasında bildirib ki, bu ideya uzun müddət üzərində düşündüyü yaradıcılıq axtarışlarının nəticəsidir. Onun sözlərinə görə, skripka musiqinin ən zərif simvollarından biri hesab olunur və bu simvolun işıq dirəyi ilə birləşdirilməsi şəhər mühitinə fərqli estetik görünüş qazandırır. O qeyd edib ki, layihənin əsas məqsədi insanların gündəlik istifadə etdiyi məkanlarda incəsənət elementlərini ön plana çıxarmaq, şəhər memarlığını daha cəlbedici etməkdir. Müəllif gələcəkdə bu tip sənaye nümunələrinin geniş tətbiq olunacağına inandığını da vurğulayıb.
Universitetin Təsviri incəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Siddiqə Hacıyevanın müəllifi olduğu “Buta kompozisiyalı skamya” sənaye nümunəsi də patentə layiq görülüb. Milli ornamentlərimizin əsas rəmzlərindən biri olan buta motivi əsasında hazırlanmış bu nümunə müasir şəhər mühitində milli-mədəni dəyərlərin qorunmasına və estetik memarlıq həllərinin tətbiqinə töhfə verməyi hədəfləyir.
Siddiqə Hacıyeva bildirib ki, buta Azərbaycan xalqının zəngin mədəni irsini əks etdirən ən qədim ornamentlərdən biridir. Onun sözlərinə görə, bu motivi gündəlik istifadə olunan şəhər avadanlıqlarında tətbiq etməklə milli dəyərlərin daha geniş auditoriyaya çatdırılması mümkün olur. O qeyd edib ki, patentin alınması həm də universitetdə aparılan elmi və yaradıcı fəaliyyətin yüksək səviyyəsinin göstəricisidir. Hacıyeva gələcəkdə də milli ornamentlər əsasında yeni sənaye nümunələrinin hazırlanması istiqamətində işlərin davam etdiriləcəyini bildirib.
İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasının müəllimi Fizzə Quliyeva isə “Nar kompozisiyalı naxış” sənaye nümunəsinə görə patent əldə edib. Altı və səkkizbucaqlı həndəsi fiqurlar əsasında formalaşdırılmış, stilləşdirilmiş nar kompozisiyasından ibarət olan naxış geniş tətbiq imkanlarına malikdir. Azərbaycanın milli rəmzlərindən sayılan nar motivini özündə əks etdirən bu sənaye nümunəsi memarlıq, interyer və dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində istifadə oluna bilər.
Fizzə Quliyeva qeyd edib ki, nar Azərbaycan mədəniyyətində bolluq, bərəkət və birliyin rəmzi kimi xüsusi məna daşıyır. O bildirib ki, nar kompozisiyalı naxışın yaradılmasında məqsəd milli naxış yaradıcılığının zənginləşdirilməsi, mədəni irsin qorunması, həm də onun müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsinə xidmət edir.
Müəllifin sözlərinə görə, naxışın müxtəlif memarlıq və dekorativ layihələrdə istifadə olunması onun praktik əhəmiyyətini artırır. Fizzə Quliyeva əldə olunan patentin gələcək yaradıcılıq fəaliyyətinə böyük stimul verdiyini və yeni layihələrin hazırlanmasına həvəsləndirdiyini də vurğulayıb.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əldə olunan bu patentlər Naxçıvan Dövlət Universitetinin elmi və yaradıcı potensialının göstəricisi ilə yanaşı, eyni zamanda Azərbaycan elminə və milli dizayn məktəbinin inkişafına verilən mühüm töhfə kimi dəyərləndirilir.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 03.07.2026 21:42