NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Naxçıvan Dövlət Universitetində ADU-nun rektoru ilə görüş olub

...

NDU-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Rafiq Əliyev universitetin kollektivi ilə görüşüb. Tədbirdə universitetin rəhbər heyəti, müəllim və tələbələr, NDU-nun nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın şagirdləri iştirak ediblər. 
Universitetin rektoru Elbrus İsayev giriş nitqi ilə çıxış edərək qonaqları salamalayıb və  görüşdən məmnunluq ifadə edib. Rektor bu cür elmi görüşlərin universitetin intellektual mühitinə dəyərli töhfə verdiyini vurğulayıb. Təqdim olunacaq çıxışların süni intellekt sahəsində beynəlxalq yanaşmaların öyrənilməsi baxımından əhəmiyyətli olacağını bildirib. 
NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə qonaqları təqdim edərək qeyd edib ki, akademik Kamal Abdulla dövlət və elm sahəsində zəngin fəaliyyəti ilə tanınır. O, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dillər Universitetinin rektoru, birinci dərəcəli dövlət müşaviri olmaqla yanaşı, bir sıra nüfuzlu elmi qurumların da üzvüdür. Eyni zamanda yüzlərlə elmi əsərin müəllifidir. Professor Rafiq Əliyev haqqında məlumat verən prorektor onun texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü, süni intellekt və qeyri-səlis məntiq sahəsində tanınmış alim olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, alimin 70-dən çox kitabı, 350-dən artıq məqaləsi mövcuddur və müxtəlif ölkələrdə onlarla doktoranta elmi rəhbərlik edib.
Qonaq professorlar Kamal Abdulla və Rafiq Əliyev müəllifi olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” adlı kitablar haqqında məlumat veriblər. Bildirilib ki, hər iki nəşr qeyri-səlis məntiqin banisi Lütfizadənin xatirəsinə həsr olunub. Akademik Kamal Abdulla çıxışında qeyd edib ki, qeyri-səlis məntiqin dil və nitq müstəvisində araşdırılması elmi baxımdan yeni yanaşmadır və bu istiqamətdə aparılan tədqiqatlar diqqətəlayiq nəticələr vəd edir. Professor Rafiq Əliyev isə qeyri-səlis məntiqin sosial elmlərə tətbiqi ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, bu yanaşma müasir elmi paradiqmalarda mühüm istiqamətlərdən birinə çevrilməkdədir. O həmçinin süni intellektin inkişaf tarixi və onun cəmiyyətə təsiri barədə fikirlərini də tədbir iştirakçıları ilə paylaşıb.
Görüş iştirakçıların sualları ilə davam edib. Sonda qonaqlar NDU-nun rektoru Elbrus İsayevə müəllifi olduqları kitabları hədiyyə ediblər.

Nəşr edilib : 14.05.2025 09:32