NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Naxçıvan Dövlət Universiteti sürətli inkişaf trendinə malikdir

...

Azərbaycan Dövlət İqtisad Universiteti Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov 3-4 aprel tarixlərdə Naxçıvan Dövlət Universitetində keçirilən “Elmi inkişaf: uğurlar və çağırışlar” gənc tədqiqatçıların II Respublika Elmi Konfransı  ilə bağlı öz təəssüratlarını qələmə alaraq qəzetimizin elektron poçtuna göndərib. Məktubda deyilir:
“Naxçıvan Dövlət Universitetində 3-4 aprel tarixlərdə keçirilən “Elmi inkişaf: uğurlar və çağırışlar” adlı gənc tədqiqatçıların II Respublika Elmi Konfransı öz işini başa vurdu. Konfrans gənc tədqiqatçıların müxtəlif mövzulardakı maraqlı çıxışları ilə yadda qaldı.  Lakin Naxçıvan Muxtar Respublikasının blokada şəraitində yaşadığı çətinliklərə baxmayaraq, bu şəraitdə Naxçıvan Dövlət Universitetində gördüklərim haqqında bəzi mülahizələrimi sizinlə paylaşmaq istərdim.  
Bu ali təhsil ocağında yaradılmış mühit, ümumilikdə, çox müsbət və inkişaf yönümlüdür. Bu mühit həm akademik, həm də sosial baxımdan tələbələrə və müəllimlərə çoxsaylı imkanlar və şərait təqdim edir. Müəllimlər, özəlliklə Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru, dosent Çapay Quliyev, Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, dosent Cavadxan Qasımov, İqtisadiyyat və marketinq kafedrasının müdiri,  dosent Eltun İbrahimov tərəfindən elmi diskussiyalara verilən dəyər olduqca müsbət haldır. Onların hər biri ilə tanışlıq və fikir mübadiləsi çox dəyərli oldu və mənim üçün böyük bir motivasiya yaratdı. Onlar öz sahələrində peşəkar və təcrübəli şəxslərdir, bu da tələbələrə keyfiyyətli təhsil almağa imkan verir. 
Naxçıvan Dövlət Universiteti tədqiqat sahəsində də önəmli addımlar atır. Burada müxtəlif elmi layihələr və konfranslar təşkil edilir. Universitetin tələbələri, müəllimlər elmi fəaliyyətlərə cəlb olunur və bu, akademik mühitin daha da zənginləşməsinə şərait yaradır. Universitetdə tələbələr yalnız təhsil almır, həm də müxtəlif sosial və mədəni fəaliyyətlərə qatılırlar. Burada müxtəlif tələbə təşkilatları, klub və cəmiyyətlər yaradılıb. Universitetin kampusu geniş və müasir texnologiyalarla təmin olunub. Tələbələr üçün komfortlu yataqxanalar və sosial məkanlar mövcuddur. Bu onların rahat və yüksək səviyyədə təhsil almasına imkan verir.
Universitetin kampusunda tələbələrin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Təhlükəsiz şərait və sağlamlıqla bağlı tədbirlər universitetdəki sosial mühitin vacib aspektlərindən sayılır. Universitetin tibb məntəqəsi tələbələrin səhiyyə xidmətlərini təmin edir.
Bu qədim yurd yerinin blokada şəraitində yaşadığı çətinliklərə baxmayaraq, Naxçıvan Dövlət Universiteti sürətli inkişaf trendinə malikdir. Universitet rəhbərliyi müasir təhsil və elmin inkişafını təmin etmək üçün ciddi addımlar atmış, yerli və xarici mütəxəssislər ilə əməkdaşlığa diqqət yetirmiş, akademik mühitin inkişafına nail olunmuşdur.
Naxçıvan Dövlət Universiteti təkcə Naxçıvan Muxtar Respublikasının deyil, həm də Azərbaycanın ali təhsil sisteminin inkişafında böyük rola malikdir. 
Universitetdə müasir texnologiyaların tətbiq olunması, xarici ölkələrdən minlərlə tələbənin tədris prosesində iştirakının təmin edilməsi diqqətçəkicidir. Burada müasir tələblərə uyğun olan müxtəlif tədris proqramları hazırlanmış və bu sahədə mühüm irəliləyişlər əldə edilmişdir. Universitet özəlliklə muxtar respublikanın iqtisadiyyatının ehtiyaclarına uyğun yüksək səviyyəli mütəxəssislər yetişdirir. Onu da qeyd etmək lazımdır ki, universitet özünü beynəlxalq təhsil bazarında tanıda və əlaqələr qura bilmişdir. Beynəlxalq elmi tədbirlər və tədqiqat proqramları bu əməkdaşlığın genişləndirilməsinə kömək etmişdir. 
Tələbələrlə keçirdiyim görüşlərin nəticəsi olaraq məndə belə qənaət yarandı ki, universitetin tələbələri ölkəmizin gələcəyinə xidmət etmək üçün böyük potensiala sahibdirlər. Universitetin təcrübəli və gənc müəllim heyəti var. 
Bəhs etdiyim ali təhsil ocağı muxtar respublikanın blokada şəraitində olması ilə bağlı qarşılaşdığı çətinliklərə baxmayaraq, əhəmiyyətli inkişaf yolu keçmiş və ölkəmizin təhsil sistemində önəmli yer tutmuşdur. Bu inkişaf yolunda Naxçıvan Dövlət Universitetinin müəllim və tələbə kollektivinə uğurlar arzulayıram”.

Nəşr edilib : 15.04.2025 11:21