NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

Naxçıvan doğma yurdumuz, evimiz oldu

...

Bir təsadüf nəticəsində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində tanış olduğum gənc müəllim ailəsinin üzvlərindən birinin kəlbəcərli, digərinin goranboylu olması marağımı çəkdi. Goranboy rayonunda ömrümün bir qismini keçirdiyim üçün orada yaşayan kəlbəcərli və goranboylu ailələrlə doğma olmuşdum. Artıq 8 ildir ki, doğma yurda qayıtsam da, vaxtilə yaşadığım yerlərdən olan kimi görsəm, özünü sanki doğmalarımı görmüş kimi hiss edirəm. Tanış oluruq. Öyrənirəm ki, hazırda Ordubad rayonunun Ələhi kəndində məktəb direktoru vəzifəsində çalışan Adim Yusibov əslən Kəlbəcər rayonunun Susuzluq kəndindəndir. Düşmənin Kəlbəcəri işğal etməsi ilə onun da ailəsi məcburi köçkün həyatı yaşayıb. O, 8 yaşından ailəsi ilə bərabər Bərdə rayonunda məskunlaşıb. 

Orta təhsilini bitirdikdən sonra 2005-ci ildə Naxçıvan Muxtar Respublikasında qiyabi ali təhsil almağa başlayıb. Təhsil illərində ailə həyatı quran həmsöhbətimin həyat yoldaşı da müəllim kimi müqəddəs peşə sahibidir. Adim müəllim deyir ki, həqiqi hərbi xidmətini bitirdikdən sonra 2012-ci ildə Ordubad rayonunun Xurs kənd tam orta məktəbində həyat yoldaşı Gülşən xanımla birlikdə pedaqoji fəaliyyətə başlayıb. 2022-ci ilin yanvar ayından etibarən Ordubad rayonunun Ələhi kənd ümumi orta məktəbində direktor vəzifəsində çalışır. O, yenidən ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğur qazanaraq ikinci dəfə təhsil alır. Azərbaycan dili və ədəbiyyat müəllimi olan müsahibimin mətbuatda elmi və publisist məqalələri işıq üzü görüb. O, “Kəlbəcərin söz xəzinəsi”, “Bura Naxçıvandır, Nuhçıxandır, Nəqşicahandır” adlı kitabların müəllifidir. Hazırda Adim müəllimin ötən ilin dekabr ayında qəzaya uğrayan təyyarədə qəhrəmanlıq göstərərək həlak olan, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevaya həsr etdiyi “Səma mələyi” adlı kitabı da çapa hazırlanır. Qeyd edək ki, Hökumə Əliyeva müəllifin dayısı qızıdır. 
Ömrünün 10 ilindən çoxunu qədim Naxçıvanda – Ordubadda keçirən gənc ailə başçısı ilə söhbət zamanı onun necə zəhmətkeş bir insan olduğunu da öyrənirik. O bildirir ki, Ordubad rayonunun Nürgüt kəndində mənzil alıb ailəsi ilə birlikdə orada yaşayır və təsərrüfat işləri ilə məşğul olur: “Övladlarımı da zəhmətkeş böyüdürəm. Onlar da görür ki, mən həm məktəbdə öz işimin öhdəsindən gəlir, həm də təsərrüfat işlərini görürəm”. 156 arı ailəsi, 12 baş iribuynuzlu heyvan bəslədiyini qeyd edən müsahibim deyir ki, Günəş mən və ailəm üçün tez oyanır və gec batır. Erkəndən oyanıb, işlərimi yekunlaşdırıb məktəbə tələsirəm. 
“Üç övladım da direktoru olduğum məktəbdə təhsil alır. Ələhi Ordubadın ən səfalı kəndlərindəndir. İllərdir, burada yaşamağıma səbəb insanların səmimiliyi, Naxçıvanın sakitliyi və canayaxın olmasıdır”, – deyir. Adim müəllim qeyd edir ki, Azərbaycanın bir çox dilbər guşələrində işləmək şansı olsa da, getməyi yox, burada qalmağı üstün tutub. 
“Naxçıvan bizim evimiz kimidir. İnsanlar o qədər doğmadır ki, qəribçilik hiss etmirik”, – deyərək söhbətə qoşulur həmsöhbətimin həyat yoldaşı Gülşən xanım:
“Hər iki rayon da təbiət gözəlidir. Goranboyun da uca dağları, gözəl havası var, Ordubadın da. İlk gəldiyimiz günlərdə gənc və təcrübəsiz idim. Evimizdən, doğmalarımızdan uzaqda, necə deyərlər, “qəribçilikdə” nə cür yaşayacağımızı bilmirdim. Adim Naxçıvan şəhərində təhsil alsa da, Ordubadı az-çox tanıyırdı, amma mən elə bələd deyildim. Ancaq onunla bərabər eyni məktəbdə işləyəcəyim üçün rahat idim. Gəlib yer-yurd olandan sonra insanları tanıdıqca bura mənə elə doğmalaşdı ki, indi yaşadığımız Nürgüt kəndini öz kəndim, direktoru olduğum kənd tam orta məktəbinin şagirdlərini isə öz balalarım kimi əziz bilirəm”. Onu da qeyd edim ki, Gülşən xanım Fizika-riyaziyyat ixtisasını Gəncə Dövlət Universitetində bitirib. Hazırda Ordubad rayonunun Nürgüt kənd tam orta məktəbinin direktorudur. 
Müsahiblərimdən ayrılanda artıq iş vaxtı bitmək üzrə idi, onlar yaşadıqları Ordubad rayonunun Nürgüt kəndinə yola düşür, mən isə təəssüratlarımı yazıya köçürməyə tələsirəm. Və düşünürəm ki, gözəl Vətənimizin belə səmimi, istiqanlı, torpağını və işini sevən, vəzifəsini layiqincə yerinə yetirən insanları yaşadıqca bu Vətənin o başı, bu başı olmayacaq. Bəlkə də, bir gün Kəlbəcərin işğaldan azad edilmiş, abadlaşıb gözəlliyə bürünmüş kəndlərindən birində dərs deyən naxçıvanlı gənc müəllim ailəsindən də müsahibə almaq şərəfinə nail olacağam.

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 03.02.2025 14:15