Kəngərli rayonunun Xok kəndində iki yeniyetmə oğla...
02:09 15.01.2025
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2025, Çərşənbə
Naxçıvan Muxtar Respublikanının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il ərzində Naxçıvanın yetirməsi olan görkəmli ziyalılar, elm adamları il ərzində bu yubileyə həsr olunmuş çoxlu kitablarını oxuculara təqdim etmişlər. Həmin silsilə kitablardan biri də AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev və filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın həmmüəllifi olduqları “Naxçıvan dilçilik məktəbi” adlı kitabdır. Kitabın elmi redaktoru akademik Möhsün Nağısoyludur. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunmuş əsər Naxçıvan dilçilik məktəbinin ilk qaynaqlarından başlayaraq günümüzə qədər olan dövrü əhatə edir. Ensiklopediya təsiri bağışlayan kitab dörd bölmədən ibarətdir: “Naxçıvan dilçilik məktəbinin qaynaqları”, “Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri”, “Filologiya elmləri doktoru və professorlar”, “Filologiya üzrə fəlsəfə doktorları”.
İlk bölmədə Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani, Məhəmməd Tağı Sidqi Səfərovdan bəhs olunur. Müəlliflər Səncər Naxçıvaninin üçüncü oğlu olan Fəxrəddin Əbülfəzl Hinduşah əs-sahibini dövrün filosofu, münəccimi, yazıçısı, tərcüməçisi, şairi, tarixçisi, dilçisi və sair kimi tanındığını qeyd etmişlər. Onun fars dilində yazılmış “Təcarüb əs-sələf” əsərində Naxçıvan barədə verdiyi geniş məlumatlar elmi dəyəri ilə diqqəti çəkir. Hinduşah Naxçıvani Giranın (indi Ordubad rayonunda Xaraba Gilan toponimi və Gilançay oykonimi mövcuddur) Naxçıvan tüməninə, Vənənd kəndinin isə Girana aid olduğunu qeyd edir. Bunlar isə Naxçıvanın onomastik vahidlərinin öyrənilməsi baxımından kifayət qədər əhəmiyyətli məlumatlardır. Daha sonra H.Naxçıvaninin digər bir əsəri olan “Əs-sihah əl-əcəmiyyə” adlı lüğətindən bəhs edən müəlliflər lüğətin önəmini, onun Azərbaycan lüğətçilik tarixində ilk farsca-azərbaycanca lüğət hesab olunduğunu vurğulayırlar. Eləcə də dilçiliyimizin tarixində xüsusi yer tunan bu əsərin əlyazma nüsxələrinin tədqiqi Azərbaycan leksikoqrafiyasının tarixi, həmçinin XII- XIV əsrlərdə Azərbaycan, eləcə də fars dillərinin leksikasının və qrammatikasının öyrənilməsi baxımından qiymətli mənbədir. Kitabda Hinduşah Naxçıvaninin “Məvaridül-ərab” adlı antologiyasından da bəhs olunmuşdur. Atası Hinduşah Naxçıvaninin yolunu davam etdirən Məhəmməd ibn Hinduşah ibn Səncər ibn Abdullah əl-Girani ən-Naxçıvani, onun mükəmməl təhsili və həyat yolundan, eləcə də dilçilik sahəsindəki xidmətlərindən müfəssəl söhbət açılmışdır. “Sihahül-fors” lüğəti və “Dəstur el-katib fi-tayini-meratib” əsərinin adları çəkilərək fars dilinin izahlı lüğəti olan “Sihahül-fors”un, demək olar ki, araşdırılmamış qaldığı, onun əlyazma nüsxələri bəzi orta dövr lüğətşünasları tərəfindən istifadə olunmasına baxmayaraq, geniş yayılmadığı, elə bu səbəbdən də XX əsrə qədər itdiyi qeyd edilir. Naxçıvan dilçilik məktəbinin inkişafında Məhəmməd Tağı Sidqi Səfərovun da böyük rolu olub. Alimin “Nümuneyi-əxlaq”, “Töhfeyi-bənat”, “Müxtəsər coğrafiya risaləsi”, “Tənviri-əfkar”, “Hakimanə sözlər”, “Nəsihətnamə”, “Pedaqogika” kimi dilimizə, ədəbiyyatımıza dair qiymətli əsərləri müəlliflərin diqqətindən yan keçməmişdir.
Kitabın “Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri” adlanan ikinci bölməsində Naxçıvan dilçilik məktəbinin AMEA-nın həqiqi və müxbir üzvü olmuş nümayəndələrindən söz açılmışdır. Onlardan biri Məmməd Cəfər Cəfərovdur. Bu yazıda alimin bioqrafik məlumatları geniş əksini tapmışdır. Həmin yazıda tək ədəbi-bədii dil məsələləri deyil, dilçilik elminin qlobal ümumi nəzəri problemləri də Məmməd Cəfərin bütün ədəbi-elmi fəaliyyətinin əsas tərkib hissəsi kimi özünü göstərdiyi qeyd edilir. Eyni zamanda alimin dilçilik fəaliyyəti ilə bağlı akademik İsa Həbibbəyli, görkəmli dilçi alim, professor Yusif Seyidovun fikirlərindən sitatlar gətirilmişdir. “Dil və müasirlik” əsərində türkologiyada geniş yayılmış türk dillərinin qrammatik quruluşu və lüğət tərkibi baxımından sabit səciyyə daşıması tezisindən çıxış edən alimin “Azərbaycan dili öz kökündən, sistemindən ayrılmayan dillərdəndir” mülahizəsini irəli sürdüyü və fikrini əsaslandırmaq üçün dilimizin tarixinə aid klassik ədəbiyyat nümunələrindən xeyli misallar verdiyi qeyd olunmuşdur.
İkinci bölmədə akademik Möhsün Nağısoylunun həyat və yaradıcılıq yolu da işıqlandırılmışdır. 48 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisi olan görkəmli dilçi, mətnşünas alim, yazılı abidələrimizin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, professor, akademik Möhsün Nağısoylunun “Orta əsrlərdə Azərbaycan tərcümə sənəti”, “Füzulinin “Hədiqətüs-süəda” əsəri və XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə”, “Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər” adlı monoqrafiyaları, “Şirazinin “Gülşəni-raz” tərcüməsi”, Həzininin “Hədisi-ərbəin” tərcüməsi, A.Bakıxanovun “Riyazül-qüds” əsərinə həsr etdiyi kitabı və bir çox başqa tərcüməçilik sahəsindəki fəaliyyətinin göstəricisi olmuş əsərləri, o cümlədən lüğətçilik sahəsindəki mühüm xidmətlərindən biri olan “Farsca-azərbaycanca lüğət”i haqqında geniş təhlillər və əhəmiyyətli məlumatlar da kitabda yer almışdır.
Həmin bölmə daxilində həyat və yaradıcılığı tədqiqata cəlb olunmuş növbəti alimimiz Adil Bağırovdur. Altı monoqrafiya, beş kitab, iki dərslik, və tədris proqramı, yüz əllidən artıq elmi məqalənin müəllifi olan alimin monoqrafiyalarından ən böyük uğuru kimi qiymətləndirilən, səkkiz bölmədən ibarət Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü, “Naxçıvanın hidronimləri”, “Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri”, “Naxçıvanın oykonimləri”, ikicildlik “Onomologiya problemləri”, “Oronimlərin linqvistik xüsusiyyətləri”, “Naxçıvanın urbanonimləri” və bunlarla yanaşı dilin tətbiqi sahəsi ilə bağlı “Türk dillərində yarımçıq feillər” və sair əsərləri haqqında ətraflı məlumatlar verilərək onların hər birinin elmi əhəmiyyəti təhlil edilmişdir.
Kitabda haqqında bəhs edilən alimlərdən biri də Əbülfəz Quliyevdir. Alimin yaradıcılığının əsas istiqamətini təşkil edən qədim türk abidələrinin tədqiqi ilə bağlı əsərlərindən “Qədim türk yazılı abidələrinin sintaksisi”, “Qədim türk onomastikası”, “Orxon – Yenisey abidələrində feilin təsriflənməyən formaları”, “Orxon – Yenisey abidələrində toponim və etnonimlər”, “Qədim türk abidələrinə aid materiallar”, “Qədim türk onomastikasının leksik-semantik sistemi” (iki cild), “Qədim uyğur türklərinin onomastikası”, “Ədib Əhməd Yügnəki. Atəbətül-həqaiq (Qaraxanlı dövrü abidəsi. XII əsr)” kimi monoqrafiyaları, həmçinin “Əski türk yazılı abidələri müntəxəbatı”, “Qədim türk abidələrinin sözlüyü” kitabları, “Qədim türk abidələrindən seminar məşğələləri” adlı metodik vəsaiti ilə yanaşı, “Məişət-mərasim nəğmələri”, “Azərbaycan mərasim (toy) nəğmələri”, “Naxçıvan ağızları söz varlığı” və sair əsərləri, tərcüməçilik sahəsindəki xidmətləri ilə bağlı bir çox əsərləri haqqında ayrıca məlumatlar da “Naxçıvan dilçilik məktəbi” kitabında yer almışdır.
Kitabın üçüncü bölməsi “Filologiya elmləri doktoru və professorlar” adlanır. Bu fəsildə professorlar sırasında 1879-cu ildə təkmilləşdirilmiş müsəlman əlifbası layihəsi və eyniadlı kitabın müəllifi olan Məhəmməd ağa Şahtaxtlı, Vəliyəddin Əliyev, Şulan Şirəliyev; Nəsir Məmmədov, Hüseyn Bayramov, Fərhad Zeynalov, Quşdan Bağırov, Adil Babayev, Sevindik Vəliyev, Akif İmanlı, Nizami Xudiyev, Əsgər Rəsulov, Məmmədəli Novruzov, Sədaqət Həsənova, Hüseyn Əsgərov, Mahirə Hüseynova; Sərdar Zeynalov, Qalibə Hacıyeva, Nuray Əliyeva, Elçin İbrahimovun həyat və yaradıcılığı, onların dilçilik elmimizin inkişafındakı xidmətləri, bu xidmətlərin bəhrəsi olan əsərləri haqqında dolğun məlumatlar verilib.
Kitabın sonuncu bölməsi filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini daşıyan alimlərə həsr olunmuşdur. Burada Ağaməli Həsənov, Cəfər Cəfərov, Firudin Rzayev, Zülfiyyə İsmayıl və sair kimi Azərbaycan, habelə Naxçıvan dilçilik məktəbinin formalaşması və inkişafı prosesində öz elmi fəaliyyətləri və ərsəyə gətirmiş əsərləri ilə əvəzsiz töhfə vermiş alimlərimizlə yanaşı, bu ada yenicə layiq görülmüş gənc alimlərimiz də yer alıblar. Ümumilikdə, bu bölmədə 51 nəfər Naxçıvan dilçilik məktəbinin nümayəndəsi, filologiya üzrə fəlsəfə doktorunun həyatı və dilçilik elminin müxtəlif bölmələrinə aid olan, həmin elmin inkişafında bu və ya digər şəkildə rol oynamış yaradıcılıq yollarının işıqlandırıldığını müşahidə edirik.
Kitab Azərbaycan dilçiliyinin tədqiqi sahəsində sistemli araşdırmalardan biridir. Elxanilər dövlətinin bərqərar olduğu dövrdən başlayaraq günümüz – müstəqil Azərbaycan Respublikası dövrünə qədər yaşayıb yaratmış və yaratmaqda olan dilçi alimlərin fəaliyyətini təfərrüatları ilə əhatə edən bu kitab geniş tarixi mərhələləri əhatə etdiyindən öz oxucusuna Azərbaycan dilinin, eləcə də Azərbaycan dilçiliyinin dərindən öyrənilməsi baxımından geniş imkan yaradır.
Əbülfəz Quliyev və Sayalı Sadıqovanın “Naxçıvan dilçilik məktəbi” kitabı muxtar respublikamızın 100 illiyinə layiqli töhfədir.
Rüzgar CAMAL
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
Digər xəbərlər