NAXÇIVAN :

28 Noyabr 2024, Cümə axşamı

Muxtar respublikanın su anbarlarına 146,26 milyon kubmetr su toplanılıb

...

Qlobal iqlim dəyişikliyi, illik yağıntı miqdarının azalması muxtar respublikanın da su ehtiyatlarına təsirsiz ötüşməyib. Buna baxmayaraq, cari ilin əvvəllərindən başlayaraq yağıntıların miqdarının ötən illərə nisbətən daha çox olması muxtar respublikada su ehtiyatlarının bol olmasına imkan verib. Belə ki, 2024-cü ilin iyun ayında su anbarlarında maksimal olaraq 289,35 milyon kubmetr su ehtiyatı toplanıb.  
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin şöbə müdiri Səttar Nəsirov deyib.
O qeyd edib ki, 2024-cü ilin oktyabr ayının sonunda sututarlarda 180,78 milyon kubmetr su ehtiyatı mövcud olub. Su istifadəçilərinə yanvar-oktyabr ayları ərzində 225,13 milyon kubmetr su verilib, bunun müqabilində təkrar suvarılma nəzərə alınmaqla  181 min 716 hektar torpaq sahəsi suvarılıb. Cari ilin 28 noyabr tarixinə muxtar respublikanın su anbarlarına 146,26 milyon kubmetr su toplanılıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 53,05 milyon kubmetr idi. Heydər Əliyev Su Anbarında isə hazırda 41,24 milyon kubmetr su ehtiyatı vardır, ötən ilin müvafiq dövründə isə bu göstərici 9,39 milyon kubmetr təşkil edib.

Nəşr edilib : 28.11.2024 17:53