NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Muxtar Babayev: Azərbaycanın COP29-a sədrliyi Şimal və Cənub arasında etimadın bərpası üçün əsas məqamdır

...

Azərbaycanın COP29-a sədrliyi inkişaf etmiş ölkələr tərəfindən dəstəklənən yeni iqlim maliyyəsi hədəfi vasitəsilə qlobal Şimal və Cənub arasında etimadın və birliyin bərpası üçün çox vacibdir.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Forbes”ə müsahibəsində deyib.

“Azərbaycan Şərq, Qərb və Cənubun kəsişməsində yerləşir. Buna görə də biz inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü olmaq istərdik”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu, təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün iqlim dəyişikliyi ilə mübarizədə həll yollarını tapmaq üçün çox kritik vaxtdır.

“Nümayiş etdirməliyik ki, ölkələr bir-birinə dəstək olmaq üçün birlikdə işləməyə hazırdır”.

M.Babayev həmçinin iqlim dəyişikliyi ilə mübarizədə özəl sektorun mühüm rolunu qeyd edib: “Özəl sektor investisiyalar üçün böyük mənbələrdən biridir və onları həllin bir hissəsi olmağa həvəsləndirmək üçün bütün lazımi platformaları təmin etmək istərdik. Bunu necə etmək isə danışıqlardan asılıdır, lakin burada şəffaflıq çox vacibdir, çünki bazarlar, ölkələr və özəl sektor şəffaflığı görmək istəyir”.

COP29 prezidenti vurğulayıb ki, etimad və əməkdaşlıq üçün təməl olmadan istiləşməni 2°C-yə qədər məhdudlaşdırmaq üçün qlobal səylər uğursuz ola bilər:

“Ölkəmiz üçün, məncə, biz inklüzivliyi təmin etmək istərdik. Biz dünyanın bu iqlim gündəmini həll etmək üçün bir araya gəlməyə necə hazır olduğunu göstərmək istəyirik. Maliyyə problemlərinin həlli yollarını tapmaq və su problemləri, torpaqların deqradasiyası, “yaşıl kənd təsərrüfatı”, “yaşıl bacarıq”lar, ərzaq təhlükəsizliyi, “yaşıl şəhər” layihələri və daha çox kimi mühüm mövzuları müzakirə etmək çox vacibdir. Azərbaycan bu platformanın yaradılmasına sadiqdir ki, bütün ölkələr dünyanın necə çox konstruktiv dialoq təşkil edə biləcəyini görsünlər. Bütün maraqlı tərəfləri iştiraka dəvət edirik”.

Nəşr edilib : 25.06.2024 11:52