Təhsil naziri Ukraynada fəaliyyət göstərən akademi...
21:47 06.06.2025
0
0
0
NAXÇIVAN :
07 Iyun 2025, Şənbə
Mayın 28-i tariximizin ən şanlı günlərindən biridir. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini bəyan etdiyi tarixdir. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynamış, dövlətçilik tariximizin əsaslarını daha da zənginləşdirmişdir.
Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir.
Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumuş və möhkəmləndirmişdir. Ümummilli Liderimizin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər isə dövlət müstəqilliyi üçün konkret tədbirlərin görüldüyü, mühüm tarixi qərarların qəbul edildiyi dövrdür. Dahi şəxsiyyətin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. Həmin qərarlara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunmuş və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda qaldırılmışdır. Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.
Ulu Öndər Naxçıvanda bu tədbirləri həyata keçirərkən ölkəmizdə bunun əksinə olaraq ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, qarşıdurma, hakimiyyət uğrunda mübarizələr hökm sürür, torpaqlarımız işğal edilirdi. Belə bir dövrdə – 1993-cü ilin 15 iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz Azərbaycanı Milli Qurtuluşa qovuşdurmuş, ölkəni işğaldan, müstəqilliyimizi isə itirilmək təhlükəsindən xilas etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “1993-cü il, əslində, real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı... Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və möhkəmləndirilmişdir... 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır”.
Ötən dövrdə Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunması, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi varislik ənənələrinin uğurla davam etdirilməsinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanunu təsdiq olunmuş, həmin Qanuna əsasən mayın 28-i ölkəmizdə Müstəqillik Günü elan edilmişdir.
Prezident İlham Əliyev Ulu Öndərin yolunu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirib. Bu gün müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutur. Ölkə başçısının Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsində atdığı ən böyük addım isə 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi oldu. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi müstəqillik tariximizin ən möhtəşəm nailiyyəti, Ümummilli Lider Heydər Əliyev siyasi xəttinin təntənəsidir.
Azərbaycanda müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu Ulu Öndərin siyasi xəttindən keçir. Ümummilli Liderimiz deyirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Müstəqilliyimizin bizə verdiyi bəhrələr bu gün ölkəmizin bütün dünyada tanınmasına, qəbul olunmasına imkan vermişdir. İndi müstəqil Azərbaycan dövləti mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, öz milli, mədəni və multikultural dəyərləri ilə dünya ölkələri üçün əsl nümunəyə çevrilir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin uğurla davam etdirilməsi artıq Azərbaycanı regionun iqtisadi-siyasi, hərbi baxımdan ən güclü dövlətinə çevirmişdir. Əgər Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa edərək bu müstəqilliyin tamlığını təmin etdi. Ölkə Prezidentinin özünün də dediyi kimi: “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də, belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər