NAXÇIVAN :

14 Iyun 2026, Bazar

Müstəqil Azərbaycanın qurtuluş salnaməsi

...

90-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə yeni geosiyasi reallıqla üzləşən Azərbaycan öz müstəqilliyini elan etdi. Bu dövrdə yaşanan hakimiyyətsizlik, xaos, idarəetmədəki boşluqlar ölkəni dərin siyasi, iqtisadi böhran vəziyyətinə saldı. Eyni zamanda 20 Yanvar faciəsi, Qarabağ müharibəsinin gedişatı, torpaqlarımızın bir-birinin ardınca itirilməsi onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirirdi. Cəmiyyətin üzləşdiyi qeyri-sabitlik və hərc-mərclik insanların gələcəyə olan inamını sarsıtmışdı. Artıq Azərbaycan vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Yaranmış gərgin vəziyyət, hətta dövlət müstəqilliyini də təhlükə altına salmışdı. Belə bir vəziyyətdə ölkəni qaranlıqdan çəkib çıxaracaq sehrli bir ələ ehtiyac var idi. Bu cür çətin və mürəkkəb bir məqamda xalq taleyüklü bir qərar verərək öz gələcək müqəddəratını həll etdi. Görkəmli dövlət xadimi, təcrübəli siyasətçi Heydər Əliyevə üz tutdu. O dövrdə Naxçıvanda yaşayan və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ümummilli Lider xalqın təkidli tələbi ilə iyunun 9-da Bakıya dəvət edildi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.

Tarix hər bir xalqın yaddaşı, milli kimliyi və gələcəyə aparan yol xəritəsidir. Xalqların taleyində elə günlər olur ki, həmin tarixlər yalnız bir hadisəni deyil, bütöv bir dövrün başlanğıcını simvolizə edir. Məhz Heydər Əliyevin qayıdışı ilə Azərbaycan müasir tariximizin uğurlu və sağlam təməllər üzərində yüksələn yeni dövrünə qədəm qoydu. Bu təkcə siyasi bir addım və hakimiyyət dəyişikliyi deyildi. Azərbaycanın gələcək inkişaf strategiyasının formalaşması, müstəqil dövlət quruculuğunun əsaslarının yaradılması demək idi. Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkə, ilk növbədə, üzləşdiyi vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Bu tarix dövlətçiliyimizin möhkəmləndirilməsi və siyasi sabitliyin bərpa olunması ilə bağlı mühüm bir mərhələnin başlanğıcı oldu. Artıq insanlar gələcəyə ümidlə baxır, Heydər Əliyevin səyləri ilə vəziyyətin düzələcəyinə inanırdılar. Xalqımızın Ümummilli Lideri öz liderlik missiyasını uğurla yerinə yetirdi. Onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Xarici investisiyaların cəlb olunması, iqtisadi islahatların aparılması və enerji strategiyasının həyata keçirilməsi ölkənin inkişafına güclü təkan verdi. 1995-ci ilin ortalarında Azərbaycan bütün qeyri-qanuni silahlı qüvvələrdən xilas olmuş, tamamilə möhkəmlənmiş, keyfiyyətcə yeni bir mərhələyə daxil olmuş, dövlət quruculuğunda böyük işlərə başlamaq üçün möhkəm ictimai-siyasi sabitlik və qanunçuluq şəraitinə gətirilmiş dövlətə çevrilmişdi.

Prezident İham Əliyevin sözləri ilə desək, “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Doğrudan da, o dövrdə sürətlə uçuruma doğru gedən ölkə məhz Ulu Öndər, uzaqgörən siyasətçi Heydər Əliyevin gəlişi ilə bu vəziyyətdən qurtuldu, müstəqilliyimiz qorunub saxlandı, dövlətçiliyimiz möhkəmləndi. Bu gün, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın ağır siyasi sınaqlardan çıxaraq sabitlik, inkişaf yoluna qədəm qoymasının rəmzi kimi tarixə həkk olundu. Səriştəsiz rəhbərlərin ölkəni gətirdiyi vəziyyət elə idi ki, buradan geri dönüşü ancaq Heydər Əliyev edə bilərdi və etdi. Onun zəngin dövlətçilik təcrübəsi, praqmatik addımlar atmaq bacarığı, dünya siyasətçiləri içərisində nüfuzu imkan verdi ki, o, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etsin və hadisələrin məcrasını dəyişərək tamamilə yeni bir dövrə –dirçəliş mərhələsinə keçirə bilsin. O öz uğurlu daxili və xarici siyasəti ilə xalqın birliyinə, həmrəyliyinə nail oldu. Bütün dünya azərbaycanlılarını öz ətrafında birləşdirdi.  

Tarix göstərdi ki, ən çətin anlarda milli maraqlar ətrafında birləşmək xalqın ən böyük gücüdür. Azərbaycan xalqı 1993-cü ildə dövlətçiliyin qorunması naminə həmrəylik nümayiş etdirərək ölkənin gələcəyini təhlükədən xilas edə bildi. Bu hadisə milli birliyin və güclü liderliyin dövlətin taleyində nə qədər mühüm rol oynadığını bir daha sübut etdi.

Bu dövrdən sonrakı 10 ildə – Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə ölkəmiz böyük inkişaf mərhələsi keçdi. Atəşkəsin imzalanması ilə müharibə dayandırıldı. Ölkə böyük bir quruculuq mərhələsinə qədəm qoydu. Müstəqilliyimiz möhkəmləndi, dövlətçiliyimizin hüquqi bazası yaradıldı. O dövrdə reallaşacağına bir çoxlarının inanmadığı, lakin bu gün uğurla inkişaf edən enerji strategiyamızın əsası qoyuldu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında tamamilə yeni mərhələ oldu. Bu mühüm layihə Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi, iqtisadi müstəqilliyini möhkəmləndirdi və gələcək inkişaf üçün geniş imkanlar yaratdı. Ordu quruculuğu sahəsində böyük işlər görüldü.

Ümummilli Lider milli dəyərlərə əsaslanan, öz ənənələrini qoruyub saxlamağı bacaran, keçmişindən, soy-kökündən uzaqlaşmayan, eyni zamanda müasir dövlət qurdu. Onun sağlam təməlləri üzərində ucalan o dövlət bu gün regionun, o cümlədən dünyanın aparıcı güclərindən birinə, məhz Heydər Əliyevin görmək istədiyi Azərbaycana çevrilib. Onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub, orada böyük quruculuq işləri həyata keçirilir və uzun illər erməni vandalizminə məruz qalmış Qarabağ, Şərqi Zəngəzur yenidən dirçəldilir. Azərbaycan dinamik inkişaf edən, müasirləşən və beynəlxalq arenada nüfuzu artan bir dövlət kimi tanınır.

 

Nuray ƏLİYEVA

                            Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,   

filologiya elmləri doktoruBottom of Form

 

Nəşr edilib : 13.06.2026 18:30