NAXÇIVAN :

08 Oktyabr 2024, Çərşənbə axşamı

Müstəqil Azərbaycanın dövlətçilik tarixini Ümummilli Lider Heydər Əliyev yaradıb

...

Ümummilli lider Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Bu münasibətlə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində tədbir keçirilib. 
İcra hakimiyyətinin, sahə və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və mənzil istismar idarələrinin kollektivlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli liderin Naxçıvan şəhərindəki abidəsi ziyarət olunub.
Heydər Əliyev Muzeyində davam edən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev çıxış edərək bildirib ki, XX əsrin sonlarında yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi, idarəçilik yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər.
1991-ci il sentyabrın 3-də müharibənin davam etdiyi, ərzaq məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı bir vaxtda, blokada şəraitində Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü işlər sayəsində muxtar respublikada sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Naxçıvanı, bütövlükdə Azərbaycanı geniş tərəqqi yoluna çıxarmağı bacardı. Bu gün xalqımız ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin ətrafında sıx birləşib, onun siyasətini dəstəkləyir.
Tədbirin davamında ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olan iştirakçılara ulu öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Nəşr edilib : 03.09.2024 20:47