NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Müstəqil Azərbaycan: “Konstitusiya və Suverenlik İli”nin təntənəsi

...

Hər bir ölkədə olduğu kimi, Azərbaycan Respublikasında da Konstitusiya dövlətin müstəqilliyini və suverenliyini təmin etmək üçün əsas sənəddir. Konstitusiya həm ictimai-siyasi, həm də sosial-iqtisadi sistemlərin əsasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarına təminat verir.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi hələ SSRİ dövrünə təsadüf edir. İlk Konstitusiyamız 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. SSRİ dövrünün son Konstitusiyası isə 1978-ci ilin aprelin 21-də qəbul edilmiş qanunvericilik toplusudur. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

1990-cı illərin əvvəllərində Azərbaycan ağır sınaqlardan keçdi: siyasi qarşıdurmalar, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı müstəqilliyimizi ciddi təhlükə altına saldı.

Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirərək hərbi güc yolu ilə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etdi. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparıldı, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edildi, ölkəmizin təbii resursları talan olundu, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədildi.

Belə bir çətin dönəmdə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı və Azərbaycan dövlətçiliyini, müstəqilliyini möhkəmləndirmək üçün qətiyyətli addımlar atdı. Görkəmli dövlət xadiminin “Müstəqillik bizim ən böyük sərvətimizdir” fikri bu gün də hər bir azərbaycanlının həyat amalına çevrilmişdir. Ümummilli Liderin Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi.

Müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biridir. Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən görkəmli dövlət xadimi bununla bağlı yaradılmış komissiyaya şəxsən  rəhbərlik  etmişdir. Komissiyanın 1995-ci il avqustun 16-da keçirilən iclasında çıxışı zamanı Ulu Öndər demişdir: “Bu gün mən tam qətiyyətlə deyirəm və bütün dünyaya bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün Azərbaycan Respublikasını öz tutduğu yol ilə - demokratiya yolu ilə aparmaq üçün biz ciddi iş görmüşük, böyük addım atmışıq və bununla da müstəqil dövlətimizin hansı yolla getdiyini dünyaya bir daha sübut edirik”.

Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir dövlətin qurulmasına və xalqının müstəqillik arzusunun reallaşmasına nail olub. Məhz Heydər Əliyevin yorulmaz əməyi sayəsində Azərbaycan dünya ölkələrinin strateji tərəfdaşına çevrildi və dünyanın dinamik inkişaf edən ölkələri sırasına daxil oldu. Bugünkü reallıqlar bir daha sübut edir ki, əldə edilən uğurlar məhz dahi rəhbərin Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi yolunda misilsiz xidmətlərinin nəticəsidir. Ümummilli Lider kimi Heydər Əliyevin ömür yolu bu gün hər birimiz üçün Vətənə xidmət etməyin simvoludur. Ulu Öndər ölkədə daxili sabitliyin bərpa edilməsi, pozucu qüvvələrin neytrallaşdırılması ilə yanaşı, işğalçı düşmənlə təmas xəttində atəşkəsə nail olunması, gələcəkdə ölkənin maliyyə-iqtisadi gücünün formalaşdırılması baxımından mühüm əhəmiyyətə malik olan transmilli iqtisadi layihələrin həyata keçirilməsində atdığı mühüm addımlarla bugünkü tarixi zəfərimizin də təməllərini yaratmışdır. Sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı artım tempi, dövlət büdcəsi gəlirlərinin bu günədək davamlı şəkildə artması, xalqın sosial rifahının yüksəldilməsi sabitliyin təmin olunmasının və qlobal iqtisadi layihələrin reallaşdırılmasının əyani nəticələridir. Qonşu və müttəfiq dövlətlərlə strateji əlaqələrin dərinləşdirilməsi, siyasi müstəvidə yeni dost və müttəfiq dövlətlərin əldə olunması Ulu Öndərin dərin diplomatik məharətinin və təcrübəsinin nəticəsi olaraq bu gün də öz bəhrəsini verməkdədir. Diaspor fəaliyyətinin inkişafı və koordinasiyanın təşkili, Azərbaycan həqiqətlərinin dünyada düzgün və davamlı təbliği baxımından Dünya Azərbaycanlılarının I Qurultayının Bakıda təşkil olunması təqdirəlayiq addımlardan biri idi.

Konstitusiyada müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən dəyərlər geniş şəkildə əks olunmuşdur. Belə ki, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquq və azadlıqlarının effektiv müdafiə mexanizmlərinin mövcudluğu, hakimiyyət bölgüsünün təmin edilməsi, sosial ədalətə nail olmaq, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması kimi və digər mühüm müddəalar Konstitusiyada öz əksini tapmışdır.

Bu sənəd Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tamhüquqlu, müstəqil dövlət olduğunu bəyan etdi. Həmin gün xalqımızın çoxəsrlik arzusu reallaşdı, Azərbaycanın taleyi artıq onun öz övladlarının əlində cəmləşdi. Konstitusiya Aktında milli atributların – bayraq, gerb, himn kimi dövlət rəmzlərinin bərpası, öz milli valyutamızın dövriyyəyə buraxılması kimi mühüm qərarlar əks olunmuşdur. 1991-ci ilin dekabrında ölkəmizdə ümumxalq referendum keçirildi və əhalinin mütləq əksəriyyəti müstəqilliyi dəstəklədi. Beləliklə, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət tərəfindən tanınmağa başladı və Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü oldu.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan olunub. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

Bu gün o gündür ki, ölkəmiz müstəqildir, suverendir və ərazisi bütövdür. Bunu bizə bəxş edən isə Ulu Öndər və onun layiqli davamçısı cənab Prezidentdir! Liderlər üçün qalibiyyətin alternativi yoxdur. Onlar qələbə yolunu əvvəlcədən görür, düzgün siyasət yürütməklə qoyulan hədəflərə doğru irəliləyirlər.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Bu baxımdan, cənab Prezidentin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizdə hüquqi bazanın daha da möhkəmləndirilməsinə, dövlət idarəetməsində şəffaflığı artırmağa yönəlmiş strateji bir addımdır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə silsilə tədbirlər, elmi-praktiki konfranslar, ictimai müzakirələr və digər təşəbbüslər həyata keçirilir. Bu tədbirlər həm gənc nəslin hüquqi biliklərinin artırılması, həm də vətəndaşların Konstitusiya dəyərlərinə bağlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Suveren dövlət-beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Dövlətin suverenliyi anlayışı müstəqil siyasət həyata keçirmək hüququnu ifadə edir və sərhədlərin qorunması ilə məhdudlaşmır. Bu həm də ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması deməkdir, yəni suveren olmayan dövlətin vətəndaşları öz hüquqlarından istifadə edə, azad ola bilməz. Bu məsələlər isə məhz Konstitusiya ilə təsbit edilir. Azərbaycan hökuməti Konstitusiyaya uyğun olaraq vətəndaşların hüquqlarını qorumaq üçün hüquqi mexanizmlərdən istifadə edir, eyni zamanda sosial rifah proqramlarını həyata keçirərək əhalinin həyat səviyyəsini yüksəltməyi hədəfləyir.

Müstəqillik-xalqın azad və suveren yaşamaq haqqıdır. Bu haqqın hüquqi əsası isə Konstitusiya və dövlətin suverenliyi ilə qorunur. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da məhz müstəqilliyimizin əbədiliyinə verilən dəyərin göstəricisi və milli suverenliyimizin hüquqi və siyasi cəhətdən möhkəmlənməsinin simvoludur. Bu qərar bir daha təsdiq edir ki, müstəqilliyimizin hüquqi dayaqları olan Konstitusiya və dövlətimizin siyasi əsasları olan suverenlik prinsipləri daim diqqət mərkəzindədir və milli inkişaf kursunun təməlini təşkil edir.

Bu həm Konstitusiyamızın qəbul edilməsinin 30 illiyi ilə bağlıdır, həm də suverenliyimizin bərpasının 5 illiyi münasibətilə xalqımıza və gənc nəslə verilən mühüm mesajdır: müstəqillik təsadüfi deyil, hüquqi və siyasi əsaslara söykənən möhkəm iradənin nəticəsidir.

Konstitusiya hüquqi müstəqilliyimizin əsas təməlidir. Bu yalnız bir hüquqi hadisə deyil, həm də müstəqil Azərbaycanın xalq hakimiyyətinə söykənən, hüquqi dövlət modelinin formalaşması baxımından dönüş nöqtəsidir.

Konstitusiyamızda əks olunan əsas prinsip çox sadə, lakin fundamental mahiyyətə malikdir: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır”. Bu prinsip suverenliyin və müstəqilliyin əsasıdır. Bu sənəd, eyni zamanda vətəndaşların hüquq və azadlıqlarını təmin edən, dövlət qurumlarının səlahiyyətlərini və vəzifələrini müəyyən edən qanunvericilik çərçivəsidir. Əgər Konstitusiya hüquqi əsasdırsa, suverenlik bu əsasın tətbiq edildiyi real siyasi müstəqillikdir. Suverenlik – dövlətin daxili və xarici siyasətdə tam müstəqil şəkildə hərəkət etmək hüququdur. Bu hüquq heç bir kənar qüvvənin müdaxiləsinə tabe deyil.

Son  beş il ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda möhtəşəm bərpa-quruculuq işləri həyata keçirmiş, bölgəyə həyat, inkişaf və sabitlik gətirmişdir. Günü reallığıdır ki, bu gün Azərbaycan yalnız regionun deyil, dünyanın nüfuzlu və güclü dövlətlərindən biridir. Neft-qaz strategiyası, “Cənub Qaz Dəhlizi”, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, beynəlxalq tədbirlərin təşkili, Qarabağda aparılan bərpa-quruculuq işləri bizim müstəqil siyasətimizin və dövlət suverenliyimizin konkret nəticələridir.

Prezident İlham Əliyevin “Azərbaycanın suverenliyi heç bir halda müzakirə mövzusu deyil!” fikri artıq yalnız siyasi bəyanat yox, reallıqdır, möhkəm əsasdır və gələcək strategiyanın özəyidir.

Müstəqil Azərbaycan – bu, sadəcə, coğrafi ərazi və ya inzibati idarəetmə deyil, bu, milyonlarla insanın arzusu, əzmi, qanı və canı bahasına formalaşmış azadlıq simvoludur. Bu gün biz bu müqəddəs irsi qoruyur, sabaha daha güclü, daha əmin addımlarla irəliləyirik. Qoy bu müstəqillik – hüquqa söykənən, suverenliyə əsaslanan və xalqın iradəsi ilə möhkəmlənən dövlətimiz üçün daim yol göstərən bir mayak olsun.

Günel Nəcəfova

Naxçıvan Muxtar Respublikası 

Dövlət Statistika Komitəsinin sektor müdiri, 1-ci dərəcə dövlət qulluqçusu

Yazı “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: “Konstitusiya və Suverenlik İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir

Nəşr edilib : 08.10.2025 14:29