NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Müqəddəs şəhidlik zirvəsi

...

Röyal Fərmail oğlu Ələkbərov 

(23.06.1994-16.10.2020)

Hərbçi ailəsi olmuşuq. Röyalın əmisi, dayısı da hərbçi idi. Onların söhbətlərinə maraqla qulaq asırdı. Oğlumun hərbiyə sevgisi, marağı belə yaranmışdı. Öz arzusuna da çatdı. Sənədlərini hazırlayıb Heydər Əliyev adına Hərbi Liseyə vermişdi. Yaxşı da oxuyurdu. Hərbi liseyi  bitirdikdən sonra Bakı şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldu. Əla qiymətlərlə bitirdi. 4 il Murovdağda qulluq etdi. Ailədə tərbiyəsi, mərifəti ilə könlümüzdə taxt qurmuşdu. Müharibədə də öz yoldaşları arasında belə hörmət qazanmışdı. Biz də çox sevinirdik onun belə hörmət qazanmasına. Şəhidlik zirvəsinə yüksələndən sonra da eləcə qürur hissi keçiririk. 

Müharibəyə gedəndə mənə bildirməmişdi ki, narahat olaram. Atası, əmisi, dayısı ilə danışaraq demişdi ki, anama heç nə deməyin, fikri yanımda qalmasın. Özüm imkan olduqca zəng vurub danışacağam. Telefonla elə gülə-gülə danışırdı ki, müharibədə olmağını hiss etməyim. Bunu sonralar başa düşdüm. Elə bilirdim, Gəncədədir. Bəzən danışanda görürdüm ki, kefsizdir. Səbəbini soruşanda deyirdi ki, yoldaşlarım müharibədədir, mən isə Gəncədə könüllülərə təlim keçirəm. Sən demə, balam müharibədədir. Odun, alovun içərisində döyüşür.
Röyal mənimlə sonuncu dəfə ayın 14-ü danışdı, dedi ki, ana, narahat olma, mən yaxşıyam. Görürsən, kefim necə yaxşıdır. Bir-birinizdən muğayat olun. Atası ilə də belə danışmışdı. Ona da deməmişdi müharibədə olduğunu. Danışarkən məni çox arxayın saldığından heç hiss etmirdim, döyüşdədir. 
Ayın 16-sı axşam şəhid olub. Mənə dedilər ki, yaralıdır. İnanmadım. Kim fikirləşərdi ki, müharibənin qızğın vaxtı gülüşlə, sevinclə danışasan, müharibədə olduğunu büruzə verməyəsən. 
Bir yerdə getdiyi hərbçilərdən sağ qayıdanlar gəlib əllərimi öpürlər. Deyirlər ki, biz sağ qayıtmışıqsa, komandirimizin hesabınadır. Bir şəhid anası kimi elə oğul böyütdüyümə görə qürur duyuram.
Bu gün tək Röyaldan danışmıram. Bu, haqsızlıq olar. Mən şəhidlərimizlə, qazilərimizlə, döyüşdə iştirak edən bütün vətənpərvər oğullarımızla fəxr edirəm. Fəxr edirəm ki, Azərbaycanımızda belə qeyrətli oğullar vardır. Analarla fəxr edirəm ki, onlar belə oğullar böyütdü, onlar qanları, canları hesabına işğalda olan torpaqlarımızı azad etdilər.
Şəhidlərimizin məqamı uca olsun! Allah xalqımızı qorusun!
 

Nəşr edilib : 06.10.2024 18:20