NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Mühüm beynəlxalq tədbirlərin ev sahibi AZƏRBAYCAN

...

Bir həftə sonra 2024-cü ilin ən böyük beynəlxalq tədbirinə – COP29-a ev sahibliyi edəcək Azərbaycanın təkcə Cənubi-Qafqazın lider ölkəsi kimi deyil, eləcə də dünya miqyasında nüfuz sahibi kimi tanınması dünyanın analitika mərkəzlərini düşündürməkdədir. Özlərinin erməni yanlısı davranışları ilə BMT-nin bu mühüm tədbirinə qara yaxmaq istəyən və onun ev sahibi kimi Azərbaycanın əleyhinə təbliğat aparan Qərbin ikiüzlü siyasətçilərinin əksinə olaraq müstəqil ölkəmizin gücünü, xalqımızın qonaqpərvərliyini və dövlət başçımızın qətiyyətini yaxşı tanıyanlar burada keçirilən bütün beynəlxalq tədbirlərin böyük uğurla başa çatdığını da gözəl xatırlayırlar. Odur ki, COP29 ərəfəsində öz siyasi maraqları naminə hay-küy edib ölkəmizin nüfuzuna kölgə salmaq istəyənlərin mənasız çıxışlarına  baxmayaraq,  bu böyük  beynəlxalq tədbirə  çox  ciddi  hazırlaşan Azərbaycanın bu  sahədəki  təcrübəsinə bir  də  qısa nəzər  salmaq yerinə  düşərdi.

Bugünkü müstəqil dövlətimizin iqtisadi və hərbi uğurlarının əsasında dayanan neft strategiyasının başlandığı 1994-cü ildə “Əsrin müqaviləsi” bağlandığı zaman dünya işğala məruz qalmış, iqtisadiyyatı zəifləmiş Azərbaycanın əsl gücünü gördü. O dövrdə müstəqil dövlətmizin memarı olan Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu və siyasi müdrikliyi sayəsində dünyanın 8 ölkəsindən 13 ən böyük neft şirkəti Bakıya, “Gülüstan sarayına toplaşdı. Azərbaycanın milli maraqlarına cavab verən bu müqavilənin bağlanılması zamanı yaradılmış yüksək təşkilatçılıq tədbirləri hələ 20 il əvvəl ölkəmizin bu sahədə gələcək gücündən xəbər verirdi. O zaman aparıcı dövlətlərin və iri şirkətlərin təmsilçilərini bir araya gətirən Azərbaycan daha sonra ev sahibliyi edəcəyi digər mötəbər beynəlxalq tədbirlər üçün zəmin formalaşdırmışdı.

Azərbaycanda indiyə qədər keçirilən beynəlxalq səviyyəli tədbirlər, ümumilikdə, ölkəmizi həm siyasət, həm biznes, həm də idman və sənət dünyasının mərkəzinə çevirmişdir. İdman sahəsində 2015-ci ildə keçirilmiş Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları ilə yanaşı, ölkəmiz müxtəlif  illərdə şahmat, güləş, voleybol, bədii gimnastika, çimərlik futbolu, taekvando üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi etmiş, futbol üzrə dünya çempionatından sonra ən çox populyarlığa sahib olan formula 1 yarışları keçirilmişdir. Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın Qarabağ futbol klubunun ilk dəfə UEFA Çempionlar liqasının qrup mərəhələsindəki çıxışı və sonrakı illərdə Avropa liqinin qrup mərhələlərindəki davamlı çıxışları zamanı minlərlə avropalı azarkeş Bakıya səfər etmişdir.

2012-ci ildə Azərbaycanda keçirilmiş Avroviziya mahnı müsabiqəsi o dövrdə ölkəmizin beynəlxalq nüfuzunun dünyaya nümayişi baxımından əla fürsət olub yenə də Cənubi-Qafqaz üçün ilklərdən biri idi. Həmin vaxt müsabiqənin qalib ölkəsi kimi Azərbaycanda keçirilən final mərhələsinin möhtəşəm təşkili dostlarımızda qürur yaratmış, düşmənə isə gözdağı olmuşdur. Azərbaycanda keçirilmiş bu mühüm mədəniyyət tədbirinin uğuru isə təsadüfi olmayıb, bundan əvvəl və sonrakı illərdə ölkəmizdə keçirilmiş müxtəlif mədəniyyət tədbirləri ilə taclandırılması  ilə sıx bağlıdır. Bu mənada, təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də böyük maraqdoğuran beynəlxalq muğam və Xarıbülbül festivalları Azərbaycan mədəniyyətinin ən parlaq vitrini olub, bütün dünyanın gözünü qamaşdırmaqdadır.

Bu gün dünyada yaranan yeni iqtisadi ittifaqlar dünyanın 5-dən böyük olduğunu deyən, dünyaya hegemonluq etmək istəyən Qərbin yırtıcı siyasətinə qarşı yeni alternativlərlə çıxış etmək istəyən dövlətlərin mühüm platformalarına çevrilməkdədir. Bu mənada, Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-lə sıx əməkdaşlıq edən Azərbaycan həm də türk-İslam dünyasının layiqli üzvü olub, humanitar inkişaf, tolerantlıq və birgəyaşayış ölkəsi kimi dünyada tanınır. Ölkəmizdə İslami dəyərlərə əməl olunması və yaşadılmasının, İslam mədəniyyətinin dünyaya tanıdılması baxımından 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması və bu tədbirlərin böyük mütəşəkilliklə keçirilməsi ölkəmizə böyük təcrübə qazandırmışdır. Eləcə də 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə toplantısı Bakıda keçirilmiş, Zirvə toplantısı türk-İslam dünyası ilə Azərbaycanın əməkdaşlığını nümayiş etdirməklə, hər formatda beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin əhəmiyyətini bir daha sübut etmişdir. Bu çərçivədə Naxçıvan Muxtar Respublikası üçün də ən yaddaqalan tədbirlər kimi 2009-cu il ilk dəfə Naxçıvan şəhərində keçirilmiş  Türk Dövlətləri Təşkilatının Zirvə toplantısını, xüsusilə qeyd etmək lazımdır. Bu gün 170 milyona yaxın əhalisi və təxminən, 2 trilyon ABŞ dolları həcmində iqtisadiyyata malik olan bu təşkilat üzvləri arasında Azərbaycanın tutduğu rol ölkəmizin nüfuzundan xəbər verir.

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək missiyası daşıyan bu hərəkatın üzvü olan Azərbaycan 2019-cu ilBakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmiş, Bakı Sammiti ilə Hərəkata Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmiş, mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.  Hərəkata  sədrlik dövründə icra olunan mühüm missiya ölkəmizin və onun dövlət başçısı Prezident İlham Əliyevin siyasi nüfuzunun nümayişdir.

Bu gün bütün planeti təhlükə altına alan qlobal iqlim dəyişikliyi problemlərinin həllinə liderlik edən Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. Bu mənada, ölkəmizə göstərilən etimad, onun liderinin mövcud problemlərin həllinə praqmatik yanaşma  bacarığı və dünya liderləri  arasındakı  xüsusi  çəkisi COP29 kimi BMT səviyyəli mühüm tədbirə də Azərbaycanın uğurla ev sahibliyi edəcəyini göstərir. Beynəlxalq tədbirlərin yüksəksəviyyəli təşkilatçılığı ilə yanaşı, ölkəmizdə bərqərar olmuş daxili sabitlik, idarəetmə orqanları arasında yaradılmış dəqiq koordinasiya və ölkə əhalisinin dövlətimizlə həmrəyliyi qarşıdakı  günlərdə  də Azərbaycanı yenidən mühüm beynəlxalq siyasi  mərkəzə  çevirəcəkdir.

Əli  CABBAROV

Nəşr edilib : 05.11.2024 16:22