NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Müəllim, məşqçi və alim

...

Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Elə buna görə də cəmiyyətimizdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Alim də, sərkərdə də, bir sözlə, hər kəs müəllim qarşısında baş əyir, hörmət edir. Çünki onları yetişdirən məhz müəllimdir.

Görkəmli mütəffəkir Lev Tolstoy müəllimə yüksək qiymət verərək yazırdı: “Əgər müəllim yalnız işini sevirsə, o yaxşı müəllim olacaqdır. Əgər müəllim ata-anası kimi yalnız uşaqları sevirsə, o əvvəlkindən də yaxşı müəllim olacaqdır. Əgər müəllim həm peşəsini, həm də şagirdlərini sevirsə, o müəllim əsl müəllimdir”. 

Mən də belə bir müəllim haqqında söz açmaq istəyirəm. Müəllim yoldaşım, həmkarım Məmmədəli Rəhimov haqqında.  Məmmədəli müəllim həm peşəsini, həm də tələbələrini sevən müəllimdir. Ona görə də onun yetirmələri də həmişə onu sevib, onun hörmətini saxlayıb, onu unutmayıblar. Onlar da həyatda, idmanda qazandıqları nailiyyətlərin Məmmədəli müəllimlə bağlı olduğunu qiymətləndirirlər.

Məmmədəli müəllimin peşə qabiliyyəti sferasında akademik, dialektik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi emosonal qabiliyyətlər mühüm yer tutur. O, geniş və dərin biliyə, həm də pedaqoji-metodik ustalığa malik bir müəllimdir. O, yetişdirdiyi saysız-hesabsız idmançılara həm idmanın, həm də bu elmin sirlərini öyrətməklə bərabər hər bir tələbəyə fərdi yanaşma bacarığına malikdir.

Məmmədəli Rəhimov 1951-ci ildə Babək rayonunun Qaraqala kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakültəsini fərqlənmə diplomu ilə  bitirmiş, 1975-1979-cu illərdə həmin rayonun Xalxal, Məzrə və Zeynəddin kənd orta məktəblərində bədən tərbiyə müəllimi işləmişdir. 1979-cu ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Universitetinin “Bədən tərbiyəsi” kafedrasına müəllim təyin edilmişdir. Həmin ildən universitetdə müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 2002-ci ildə universitetin Hərbi bədən tərbiyəsi kafedrasına müdir təyin edilmiş, 2012-ci ilə qədər həmin vəzifədə işləmiş, 2014-cü ildən universitetin İdman klubunun sədri vəzifəsində çalışır.

O, adıçəkilən ali təhsil müəssisəsində işlədiyi müddətdə daim elmi axtarışlar etmiş, respublika daxilində və respublikadan kənarda müxtəlif elmi jurnallarda 52-dən artıq elmi və elmi-metodiki məqalələr dərc etdirmişdir. Təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə Məmmədəli Rəhimov 6 dərs vəsaiti və 4 tədris proqramı hazırlayaraq müəllimlərin istifadəsinə vermişdir.

Məmmədəli müəllim 2013-cü ildə “Fiziki kamilliyin pedaqoji əsasları” mövzusunda dissertasiya müdafiə etmiş və pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Məmmədəli müəllim həm də universitetdə və muxtar respublikada idmanın inkişafında öz əməyini əsirgəmir. O, 1976-cı ildə Naxçıvan şəhərində, o vaxtkı “Dinamo” idman cəmiyyətində, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq “Cüdo” güləşi üzrə  məşğələ təşkil etmiş, bununla da Naxçıvanda bu idman növünün təməli qoyulmuşdur. İndi muxtar respublikada onun çoxsaylı məşqçi və idmançı  yetirmələri fəaliyyət göstərir.

Məmmədəli müəllimin yetişdirdiyi cüdoçular həm respublikada, həm də respublikadan kənarda keçirilən yarışlarda həmişə müvəffəqiyyətlə çıxışlar edirlər. Bunlara tələbələrin dünya universiadasında mükafatçı olmuş Azər Fətullayevi, Sovet İttifaqı Qəhrəmanı  Həzi Aslanovun xatirəsinə həsr olunmuş  Beynəlxalq cüdo turnirinin  qalibi Azər Qənbərovu və  2022-ci ilin sentyabr ayında Amerika Birləşmiş Ştatlarında veteranlar arasında keçirilən Brazilya cüdosu üzrə dünya birinciliyində çempion olmuş, Azərbaycan bayrağını başı üzərinə qaldırmış, şərəfinə Azərbaycan Himni səsləndirilmiş  Səfər Əliyevi misal göstərmək olar.

Məmmədəli müəllim həm də muxtar respublikada “Badminton” idman növünün təməlini qoyub. Onun badminton komandası 4 dəfə Azərbaycan ali məktəbləri tələbələrinin universiadasının və çempionatının qalibi olmuş, 2 dəfə isə mükafata layiq 2-ci yeri tutmuşlar. Bir tələbəsi isə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirin qalibi adına layiq görülmüşdür. Məmmədəli müəllim badminton idman növünü Naxçıvan Muxtar Respublikasında inkişaf etdirmək məqsədilə 2022-ci ildə “Unikal Badminin idman klubu”nu yaratmış və muxtar respublikanın  müxtəlif məktəblərində badminton məşğələləri təşkil etmişdir.

Məmmədəli Rəhimov universitetdə idmanın təbliği sahəsində də yeniliklərə imza atmışdır. Onun muxtar respublikada ilk dəfə olaraq  Naxçıvan Dövlət Universitetində  təşkil etdiyi idman muzeyində universitet tələbələrinin indiyə qədər müxtəlif miqyaslı yarışlarda qazandığı nailiyyətləri əks etdirən kuboklar və diplomlar yer almışdır.    

Qeyd etdik ki, o, bir sıra dərs vəsaitlərinin, tədris proqramlarının və  elmi məqalənin müəllifidir. “Əlbəyaxa döyüş texnikasının öyrədilməsi”, “Cüdo və onun tədrisi metodikası”, “Hərbi vətənpərvərlik tərbiyəsi”, “Uşaqların orqanizminin hərtərəfli, harmonik inkişafında və stresin sabitləşməsində fiziki tərbiyə və idmandan istifadənin yol və vasitələri” kimi əsərləri təlim-tərbiyə prosesi üçün dəyərli vasitələr  kimi qiymətləndirilir.

2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 

Bu günlərdə daha bir sevindirici xəbər aldıq. 45 illik qüsursuz elmi pedaqoji fəaliyyəti nəzərə alınaraq ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən “Professor” elmi adı verilmişdir.

Məmmədəli müəllim bu gün də öz yaradıcılığı, işgüzarlığı ilə fərqlənir. Elmi araşdırmalar aparır,  öyrədir, məşq edir. Ona gələcək həyatında və elmi-pedaqoji fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.

                                                  Həsən BABAYEV

                                                   Naxçıvan Dövlət Universitetinin Bədən

                                                 tərbiyəsi və idman kafedrasının dosenti

Nəşr edilib : 05.10.2024 11:00