NAXÇIVAN :

07 Oktyabr 2026, Çərşənbə

Müəllim əməyinə verilən yüksək qiymət

...

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri ilə seçilən təhsil işçiləri təltif olunub. Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrlə Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində çalışan bir sıra müəllimlər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunublar. Müəllimlər təəssüratlarını “Şərq qapısı” ilə bölüşüblər.

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunanlar arasında 33 illik pedaqoji təcrübəsi olan Müşfiq Fərzəliyev də var. Hazırda Aşağı Əylis kənd tam orta məktəbi ilə yanaşı, Region Tədris Mərkəzində də riyaziyyat fənnini tədris edən müəllimin uzun illər ərzindəki fəaliyyəti müxtəlif mükafat və Fəxri fərmanlarla qiymətləndirilib. Sertifikasiya imtahanlarında yüksək nəticə göstərən Müşfiq Fərzəliyev sertifikasiyanın birinci mərhələsində 49, 2026-cı ildə keçirilən ikinci mərhələdə isə 56 bal toplayıb. Müəllimlik fəaliyyətinə verilən bu dəyəri böyük sevinc hissi ilə qarşılayan M.Fərzəliyev adının təltif olunanlar sırasında yer almasından məmnunluğunu ifadə edib.

Pedaqoji fəaliyyətində qazandığı nəticələrlə seçilən təhsil işçilərindən biri də Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə biologiya fənnini tədris edən Türkanə Seyidbəylidir. Şagirdlərinin müxtəlif istiqamətlərdə uğur qazanması, ali məktəblərdə təhsillərini davam etdirməsi və biologiya elminə maraq göstərməsi onun üçün pedaqoji əməyinin ən dəyərli nəticələrindəndir.

Türkanə Seyidbəyli 2021-ci ildə keçirilən sertifikasiya imtahanının test mərhələsində 52, 2026-cı ildə isə 58 bal toplayıb. “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülməsini pedaqoji fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirən müəllim  bu xəbəri böyük sevinclə qarşıladığını bildirib. O göstərilən etimadın məsuliyyətini daha da artırdığını vurğulayaraq bundan sonra da öz üzərində çalışmağı və peşəsinə yeni uğurlarla töhfə verməyi qarşısına məqsəd qoyub.

Şahbuz rayon Sələsüz kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən Züleyxa Cəbiyeva da təltifə layiq görülən müəllimlərimizdəndir. Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan müəllim ali təhsilini başa vurduqdan sonra pedaqoji fəaliyyətə başlayıb. 29 illik müəllimlik fəaliyyəti ərzində onun üçün əsas meyar şagirdlərinin qazandığı nəticələr olub. O hesab edir ki, müəllim əməyinin ən böyük göstəricisi yetişdirdiyi şagirdlərin gələcək uğurlarıdır. Çoxsaylı şagirdin təhsilinə və inkişafına töhfə verməsi də onun pedaqoji yolunun əsas məqamlarından biridir. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmasını pedaqoji fəaliyyətinə göstərilən diqqətin ifadəsi kimi dəyərləndirən Züleyxa Cəbiyeva bu xəbəri böyük qürur və sevinc hissi ilə qarşılayıb. O göstərilən diqqətin gələcək fəaliyyətinə daha böyük stimul verəcəyini vurğulayıb.

Təhsil sahəsində daim öz üzərində çalışmağın və yenilənməyin vacibliyini vurğulayan müəllimlərdən biri də Xatirə Əhmədovadır. Ali təhsilini başa vurduqdan sonra 2012-ci ildən Şəkərabad kənd tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərən X. Əhmədova 14 illik pedaqoji fəaliyyəti ərzində mühüm nəticələr əldə edib. Onun uğurlarından biri də sertifikasiya imtahanında 60 bal toplamasıdır. Bununla yanaşı, savadlı və bilikli şagirdlər yetişdirməyi də özünün əsas uğurlarından hesab edir. Xatirə Əhmədovanın fikrincə, müəllim üçün əməyinin nəticəsini şagirdlərinin uğurlarında görmək xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunması xəbəri isə onda böyük məsuliyyət hissi yaradıb. Təltif xəbərini ilk olaraq həmkarından eşidən Xatirə Əhmədova bu diqqəti yalnız mükafat deyil, gələcək fəaliyyətinə verilən etimad kimi də qəbul edib.

Beynəlxalq Müəllimlər Günü münasibətilə təqdim olunan bu təltiflər naxçıvanlı müəllimlərin illər ərzində təhsilin inkişafına verdikləri töhfəyə göstərilən diqqətin ifadəsidir. Hər birinin pedaqoji fəaliyyətində fərqli bir yol, fərqli təcrübə və uğur hekayəsi olsa da, onları birləşdirən əsas məqam müəllimlik peşəsinə bağlılıq və şagirdlərinin uğuruna verdikləri töhfədir. Aldıqları təltiflər keçdikləri yolun qiymətləndirilməsi ilə yanaşı, müəllimlərin şərəfli fəaliyyətlərini bundan sonra da eyni məsuliyyət və əzmlə davam etdirmələri üçün mühüm stimul olacaq.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 07.10.2026 10:45