Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat el...
15:40 12.11.2025
0
0
0
NAXÇIVAN :
12 Noyabr 2025, Çərşənbə
5 oktyabr təkcə təqvimdə sadə bir tarix deyil. Bu gün bütün dünyada qələm tutan əllərə, gələcəyin işığını yandıranlara, ömrünü məktəb yollarında şagirdlərinin gözlərindəki ümidə sərf edən müqəddəs insanlara, bir sözlə desək, müəllimlərə həsr olunub. Müəllim peşəsinin dəyərini daha yaxşı anlayanlardan biri də, bəlkə də, mənəm, çünki özüm də müəllim ailəsində böyümüşəm. Uşaqlıqdan evimizin havası kitab qoxusuna, qələmin cızıltısına, riyaziyyatın dəqiqliyinə, fizikanın sirlərinə bələnmişdi. Babam Didivar kənd tam orta məktəbinin fizika-riyaziyyat müəllimi olub. Eşitdiyim qədəri ilə, kəndin sayılıb-seçilən qocaman müəllimlərindən idi. Təəssüf ki, mənim bir yaşım olarkən dünyasını dəyişib. Onun canlı siması gözlərimdə canlanmasa da, nənəmgilin evində böyük salonun divarından asılmış fotosu hər zaman mənə onu tanıdırdı. Mənim üçün babam bir şəkil çərçivəsində yox, bütöv bir nəsil yaddaşında yaşayan elm fədaisi oldu. Babamın yolunu anam davam etdirir. O da babam kimi fizika-riyaziyyat müəllimidir. Mən böyüdükcə gördüm ki, bizim ev təkcə ailə ocağı deyil, həm də bir məktəb idi. Kəndin, rayonun müxtəlif yerlərindən şagirdlər anamın yanına hazırlığa gələrdilər. Eyni ilə babamın etdiyi kimi… Uşaq gözlərimlə onların dəftər tutub misal həll etməsini, gün boyunca hesablara baş qoşmasını seyr edirdim. Sonra o şagirdlər böyüdü, tələbə oldu, universitet bitirdi, vəzifələr qazandı. Amma onların hər biri yenə anamı “müəlliməmiz” deyə sevgi ilə xatırladı.
Bizim evdə qazanılan pul da başqa cür idi. Çünki o, müəllimin alnının təri ilə, şagirdin qəlbində açılan bir işığın bərəkəti ilə qazanılmışdı. Hər dəfə yemək süfrəsinə oturanda sanki bilirdik, bu çörəyin mayasında zəhmət var, elm var, hörmət var. Ona görə də müəllim ailəsində böyümək, başı dik, alnıaçıq yaşamaq öz-özlüyündə bir fəxarət idi. Müəllimlik, sadəcə, bir peşə deyil, nəsildən-nəslə ötürülən müqəddəs bir bayraqdır. Mən hər dəfə müəllim adını eşidəndə Bəxtiyar Vahabzadənin bu misraların xatırlayıram:
Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.
Ömür elə gətirir ki, müəllim həyatı, bəzən fədakarlıqla başlayan və gözlənilməz bir qəmli notla tamamlanan bir hekayəyə də çevrilir. Mən bunu öz ibtidai sinif müəllimimdə gördüm. O mənə 4 il boyunca dərs demişdi. Hər addımımı izləyər, ən kiçik uğurumu belə sevinclə qarşılayardı. İllər keçdi, mən böyüdüm, orta məktəbin son siniflərinə gəldim. Düzünə qalsa, ibtidai sinif müəllimimi çox sevir, hər zaman uca tuturdum. İbtidai sinif müəllimi insanın ilk qələm tutan əlini işığa aparan şəxsdir, ona görə də bu hörmət ömürlükdür. 11-ci sinifdə oxuyarkən məktəbdə qəribə bir canlanma gördüm. Hər kəs məktəbin zirzəmisindəki balaca bufetə toplaşmışdı. O gün ibtidai sinif müəllimimizi təqaüdə yola salırdılar. Masalar bəzənmiş, tortlar kəsilmiş, müəllimlər təbrik sözləri söyləyirdi. Hər kəsin gözündə bir sevinc vardı, çünki o, ömrünü şagirdlərinə həsr etmiş, indi isə bir az rahat nəfəs almalı idi. Mən də sevinirdim ki, müəllimim layiq olduğu ehtiramı görür. Amma həmin günün sevinci çox çəkmədi. Bir həftə sonra xəbər gəldi ki, müəllimim dünyasını dəyişib… Bu xəbər ruhumu sarsıtdı. Təntənə ilə təqaüdə yola salınan, tort kəsilən, gül çələngləri ilə qarşılanan müəlliməm axşam artıq başqa bir aləmə qovuşmuşdu. O an anladım ki, müəllim ömrü, həqiqətən də, şam kimidir. Onlar işığını bizə verə-verə əriyirlər. Və bəzən elə olur ki, son nəfəsini belə şagirdlərinin gələcəyi uğrunda sərf edir. Müəllimim həyatının son günündə də sevgi ilə, şagirdlərinin duası ilə yola salındı. Bu isə onun ən böyük qazancı idi.
Bəlkə də, müəllimlər elə buna görə əbədidirlər. Onlar ölür, amma yaddaşımızda yaşadıqları qədər, öyrətdikləri qədər, toxunduqları ürəklər qədər yaşayırlar. Mənim müəllimim də indi qəlbimdə ölməz bir qəhrəmandır. Onun ömrü qısa oldu, amma izi dərin qaldı.
Həqiqətən də, müəllim öz ömrünü şam kimi əridərək başqalarının yoluna işıq saçır. Onun ömrü bəzən görünmür, amma işığı hər tərəfi nurlandırır. Müəllimlik, əslində, ölməzlikdir, çünki hər bir şagird müəllimin yaşadığı ömrün davamıdır. Bu gün Müəllimlər Günündə mən həm babamı, həm anamı, həm də həyatını məktəb divarlarına, şagird ürəklərinə həkk etmiş bütün müəllimləri ehtiramla anıram. Çünki hər birimizin həyatında bir müəllim izi var. O iz silinmir, zamanla dərinləşir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər