Laçında səyyar "ASAN xidmət" təşkil olunub
11:07 28.07.2026
0
0
0
NAXÇIVAN :
28 Iyul 2026, Çərşənbə axşamı
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edən əsas istiqamətlərdən biri suvarma sistemlərinin təkmilləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadə və müasir texnologiyaların tətbiqinin genişləndirilməsidir. Proqramın prioritet hədəflərindən biri müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin genişləndirilməsidir. Belə ki, hazırda 130 min hektar olan müasir suvarma sistemləri ilə təmin edilmiş sahələrin 2030-cu ilədək 300 min hektara çatdırılması nəzərdə tutulur. Bu, su itkilərinin minimuma endirilməsi, su resurslarından daha səmərəli istifadə və kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət Proqramında müəyyənləşdirilən vəzifələrə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Su ehtiyatlarının səmərəli idarə olunması, suvarma infrastrukturunun yenilənməsi, qapalı suvarma şəbəkələrinin yaradılması, hidrotexniki qurğuların müasirləşdirilməsi və müasir suvarma texnologiyalarının tətbiqi aqrar siyasətin əsas prioritetləri sırasındadır.
Muxtar respublikanın aparıcı kənd təsərrüfatı rayonlarından olan Şərur bu sahədə qabaqcıl mövqeyi ilə seçilir. Xüsusilə kartofçuluq təsərrüfatlarında müasir suvarma üsullarının tətbiqi ildən-ilə genişlənir. Bu texnologiyalar su sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, bitkilərin vegetasiya dövründə optimal su təminatını təmin edir, məhsuldarlığın və istehsalın səmərəliliyinin yüksəlməsinə əlverişli şərait yaradır.
Bu il muxtar respublikada həyətyanı təsərrüfatlar istisna olmaqla 581,6 hektar sahədə kartof əkilib. Əkin sahələrinin 540 hektarı Şərur rayonunun payına düşür ki, bu da rayonun kartofçuluq üzrə əsas istehsal mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir.
Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Abbas Məmmədov bildirib ki, əkinlərdə, əsasən, yüksək məhsuldarlığı ilə seçilən sertifikatlaşdırılmış toxum sortlarından istifadə olunub. Vegetasiya dövründə aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, eləcə də müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına imkan yaradıb.
Abbas Məmmədovun sözlərinə görə, rayonda kartof yığımı sürətlə davam edir. Fermerlər məhsulun vaxtında və itkisiz toplanması üçün sahələrdə intensiv işləyirlər. Müasir suvarma sistemlərinin tətbiq olunduğu əkin sahələrində hər hektardan 600-700 sentnerədək məhsul əldə edilir ki, bu da ənənəvi üsulla suvarılan sahələrlə müqayisədə xeyli yüksək göstəricidir.
Hazırda rayon üzrə kartof əkilən sahələrin, təxminən, 80 faizində, yəni 435 hektarda müasir suvarma sistemləri tətbiq olunur. Su ehtiyatlarından səmərəli istifadəni, məhsuldarlığın artırılmasını və kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edən bu yanaşma 2026-2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Gözlənilir ki, növbəti illərdə müasir suvarma texnologiyalarından istifadə edən fermerlərin sayı daha da artacaq və bu, məhsuldarlığın yüksəlməsinə əlavə töhfə verəcək. Hazırda kartof sahələrinin, təxminən, 30 faizində yığım başa çatdırılıb, digər sahələrdə isə məhsul yığımı mərhələli şəkildə davam etdirilir.
Muğancıq-Müslüm kənd sakini, fermer Hüseyn Cəfərov bildirib ki, hazırda yığımı başa çatdırılan sahələrdən əldə olunan məhsul anbarlara daşınır. “Bu il, təxminən, 15-16 hektar sahədə kartof əkmişdik. Əkin sahələrində müasir suvarma sistemindən istifadə edirik. Bu sistem həm məhsuldarlığı artırır, həm də bitkilərin xəstəlik və zərərvericilərdən, o cümlədən tel qurdunun vurduğu zərərin qarşısının alınmasına kömək edir. Yığdığımız məhsulu qış aylarında bazarın tələbatını ödəmək üçün anbarlarda saxlayırıq. Məhsulumuzu həm yerli bazara, həm də Bakıya və ölkənin digər bölgələrinə göndəririk. Gələcək illərdə əkin sahələrimizi daha da genişləndirməyi planlaşdırırıq”, – deyə fermer bildirib.
Fermer qeyd edib ki, rayonun münbit torpaqları eyni sahədə il ərzində təkrar əkin aparmağa əlverişli şərait yaradır.
“Hazırda 3 hektar sahədə təkrar əkin başa çatdırılıb, yaxın günlərdə isə digər sahələrdə də əkin işlərinə başlanılacaq. Bu il su təminatı yüksək səviyyədədir. Araz çayı üzərində yerləşən nasos stansiyalarının yenidən işlək vəziyyətə gətirilməsi suvarma imkanlarının yaxşılaşmasına mühüm töhfə verib”, – deyə o bildirib.
Hüseyn Cəfərov yaradılan şəraitə görə bütün təsərrüfatçılar adından dövlət başçısına minnətdarlığını ifadə edib. Fermer əlavə edib ki, hazırda 10 hektar sahədə kartof yığımı başa çatdırılıb və hər hektardan orta hesabla 60-65 ton məhsul əldə olunur. “Qalan 7-8 hektar sahədə də yığım işlərini 4-5 gün ərzində yekunlaşdırmağı planlaşdırırıq. Keçən il 12 hektar sahədə kartof əkmişdik, bu il isə əkin sahəsini 18 hektara çatdırmışıq. Məqsədimiz növbəti illərdə də əkin sahələrini daha da genişləndirməkdir”, – deyə təsərrüfatçı vurğulayıb.
Şərurun kartof sahələrində müasir suvarma sistemlərinin tətbiqi bir daha göstərir ki, kənd təsərrüfatında yüksək məhsuldarlığın əsas şərtlərindən biri su ehtiyatlarından səmərəli istifadədir. Əldə olunan nəticələr suvarma sahəsində həyata keçirilən tədbirlərin Naxçıvanda kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və fermerlərin gəlirlərinin artmasına mühüm töhfə verdiyini təsdiqləyir.
Bütün bunlar deməyə əsas verir ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin ardıcıl icrası, suvarma infrastrukturunun daha da müasirləşdirilməsi və fermerlərin innovativ texnologiyalara üstünlük verməsi qarşıdakı illərdə məhsul istehsalının həcmini və keyfiyyətini artıracaq, aqrar sektorun dayanıqlı inkişafını sürətləndirəcək, regionun kənd təsərrüfatı potensialının daha səmərəli reallaşdırılmasına geniş imkan yaradacaq.
Nail ƏSGƏROV
Digər xəbərlər