NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Müasir dövrün səssiz düşməni – diabet

...

Həyatda ən dəyərli nemət cansağlığıdır. Sağlamlıq təkcə xəstəlikdən uzaq olmaq mənasına gəlmir. Sağlam insan həm də daha enerjili, daha pozitiv və həyat dolu olur. Yəni sağlam bədən sağlam ruh deməkdir. Bəzən sağlamlığımıza ciddi nəzarət etmir, onun qeydinə qalmırıq. Belə ki, gündəlik həyatda qarşılaşdığımız problemlər, keçirdiyimiz mənfi emosional hallar, stress və sair sağlamlığımızı ciddi təhlükə qarşısında qoyur. Lakin bəzi xəstəliklər də var ki, onlar sonradan qazanılmaqla yanaşı, həm də irsi olaraq insanlar arasında yayıla bilir. Hazırda dünyada və ölkəmizdə sürətlə artan sağlamlıq problemlərindən biri, bəlkə də, birincisi məhz diabetdir. Qanda şəkərin miqdarının çox olması ilə xarakterizə olunan bu xəstəliyə uşaqlarda və gənclərdə də tez-tez rast gəlinir. Hər il 14 noyabr tarixinin “Ümumdünya Diabet Günü” kimi qeyd olunması da səbəbsiz deyil.Ümumdünya Diabet Günü 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib. Bu günün təsis edilməsində məqsəd ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, əlamətləri, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

Muxtar respublikamızda da bu xəstəliyin daşıyıcıları az deyil. Bəs nədir diabet? Daha çox kimlər bu xəstəliyə tutulur? Müalicə üsulları nələrdir? Bu kimi sualların cavabını Naxçıvan Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu Gülxar Əliyevadan alırıq. Xəstəlik haqqında məlumat verən müsahibim bildirir ki, şəkər xəstəliyi pankreasın, yəni mədəaltı vəzin yetəri qədər insulin sintez etməməsi və yaxud sintezlənən insulinin hüceyrələr tərəfindən qəbul edilməməsi nəticəsində yaranan və qan şəkərinin yüksək seyr etməsi ilə nəticələnən metabolik xronik xəstəlikdir. İnsulin vücudun ana enerji mənbəyidir. Bunun yetərsizliyi nəticəsində yaxud hüceyrələr tərəfindən qəbul edildikdə şəkər qanda yüksəlir. Çünki toxumalar tərəfindən qəbul edilə bilmir. Bu da bir çox həyati önəm daşıyan orqanların fəsadı ilə nəticələnir. Məsələn, böyrəklər, göz, ürək, beyin, damarlar və sair.Xəstəlik özünü poliure, yəni normadan artıq sidiyə çıxma, polidipsi, yəni normadan artıq su qəbuletmə səbəbi bilinməyən çəki itkisi, yorğunluq, bulanıq görmə, sidik yolu infeksiyaları və sair kimi şikayətlərlə büruzə verir.

Şəkər xəstəliyinə daha çox kimlərdə rast gəlinir? Kimlər risk qrupundadır? Gülxar xanımın sözlərinə görə, yaş faktoru 40 yaş üzəri və artıq çəkisi olan insanlar, polikistik over sindromu olanlar, gestasional diabet keçirən qadınlar (hamiləlik vaxtı yaranan şəkər xəstəliyi) bunlar tip 2 diabetdir.Tip 1 diabet isə 6-14 yaş arası uşaqlarda görülür. Xüsusilə genetik faktor, hər hansı bir xarici faktorlar, məsələn, viruslar, uşaqların bakteriyalarla infeksiyalara yoluxması nəticəsində yarana bilər.

O bildirir: “Şəkər xəstəliyi irsidir. Əgər birinci dərəcəli qohumlarda şəkər xəstəliyi varsa, o insanlar risk qrupuna daxildir. Bu xəstəlik infeksion olmasa da artıq epidemiya halını alıb. Bütün dünyada olduğu kimi, Naxçıvanda da bu xəstəliyin daşıyıcılarının sayı durmadan artır”.

Adı şirin səslənsə də, çox acı nəticələr doğura bilən bu xəstəlikdən qorunma yolları müxtəlifdir. Endokrinoloq həkim qeyd edir ki, bildiyimiz kimi, şəkər xəstəliyi son dövrlərin ən böyük bəlasıdır. Demək olar ki, Ümumdünya Səhiyyə Təşkilatının belə həyəcan təbili çaldığı xəstəlik olmaqla bərabər, durmadan arealı artır və qarşısı alınmayacaq şəkildə artmaqda davam edir. Biz həkimlərin üzərinə isə insanları məlumatlandırmaq düşür. İdeal çəkini nəzarətdə saxlamaq, daim fiziki aktiv olmaq, zərərli vərdişlərdən – siqaret çəkmək, zərəli içkilərdən kənar durmaqvə stress faktorundan uzaq olmaqla xəstəlikdən qorunmaq mümkündür. Həmçinin müayinəyə gələn bütün xəstələr maarifləndirilməlidir. Bundan əlavə, məktəblərdə də aksiyalar keçirilir, uşaqlar və valideynlər bu barədə məlumatlandırılır.

Müsahibim deyir ki, dövlətimizin şəkər xəstələrinə qayğısı çox böyükdür. Respublikamızda bu xəstəliyin daşıyıcılarının müntəzəm olaraq poliklinikalarda, dövlət xəstəxanalarında müayinələri keçirilir və hər bir şəkər xəstəsi dövlət qeydiyyatına götürülür və onlar ehtiyacı olduğu şəkərsalıcı dərmanlarla, insulinlərlə təmin olunurlar. Davamlı şəkildə 3-6 aydan bir xəstənin ehtiyacı olduğu vəziyyətlərdə icbari tibbi sığortanın ödəməsi ilə xəstə stasionar şəraitdə, yataraq müalicə alır. Bundan əlavə, respublikamızın bütün rayonlarında davamlı şəkildə diabetlə bilgiləndirmə kursları keçirilir. Ucqar kəndlərə, rayonlara ixtisaslı həkimlərin göndərilməsi ilə qeydiyyatda olmayan şəkər xəstələri aşkarlanaraq qeydiyyata alınır və müntəzəm olaraq nəzarətdə saxlanılır.

Sonda şəkər xəstəliyinin durmadan, sürətlə yayıldığını nəzərə alaraq demək istərdim ki, bu xəstəlikdən qorunmaq öz əlimizdədir. Bunun üçün həyat tərzimizə diqqət etməli, fiziki aktiv olmalı, qidalanmamıza nəzarət etməli, fast foodlardan uzaq olmalı və stresslə mübarizə aparmalıyıq.

Sağlamlıqdan böyük sərvət yoxdur. Bu sərvəti əlimizdə saxlamaq isə məcburidir. Çünki itirilən sərvəti bir daha geri qaytarmaq mümkün deyil.

Türkanə ƏSƏDOVA  

Nəşr edilib : 14.11.2025 10:20