NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Möhtəşəm 100 gün

...

Fevralın 14-də dövlətə və xalqa sədaqət andı içən cənab İlham Əliyevin növbəti müddət üçün prezidentlik fəaliyyətinə başlamasından 100 gün ötür. Yeni seçilmiş prezidentin fəaliyyətinin ilk 100  gününün nəticələri isə onun dövlət rəhbəri kimi missiyasının qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu qiymətləndirmə istər dövlət, istərsə də hökumət başçısının gələcək fəaliyyətinin proqnozlaşdırılması ilə bağlı beynəlxalq praktikada öz təsdiqini tapmış mühüm politoloji yanaşma hesab olunur. 

    Etimadın təcəssümü

Növbədənkənar prezident seçkiləri azad, ədalətli, şəffaf, demokratik meyarlar çərçivəsində keçirilməklə ölkəmizin tarixinə növbəti mühüm siyasi-tarixi    hadisə kimi həkk olundu. Ən əsası bu seçkidə möhtərəm İlham Əliyevin növbəti inamlı qələbəsi, ölkə üzrə səsvermədə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanması Azərbaycan xalqının hazırkı siyasi kursa, böyük  Heydər Əliyev yoluna etimadının və sədaqətinin növbəti təcəssümünə çevrildi. 
Növbədənkənar prezident seçkilərində Azərbaycan xalqının seçimini  müəyyən edən, bu seçimin təməlində dayanan olduqca mühüm fundamental əsaslar var idi. Prezident cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin nəticəsi kimi 2003-2023-cü illərdə yaranmış bu əsaslar zəncirvari şəkildə bir-birini tamamlayaraq Azərbaycanın öz tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəlməsini şərtləndirib. Bu mənada olduqca qürurvericidir ki, artıq uzun illərdir, beynəlxalq miqyasda Azərbaycanın adı çəkiləndə Cənubi Qafqazda lider, dünyada söz sahibi kimi çıxış edən, qlobal məsələlərdə öz mövqeyi ilə fərqlənən, kosmik kluba daxil olan, tamamilə müstəqil siyasət yürüdən bir dövlət göz önündə canlanır. Bütün bu reallıqları təmin edən Prezident cənab İlham Əliyev isə öz əməlləri ilə xalqımızın qüruruna çevrilən siyasi liderdir, böyük şəxsiyyətdir.

Azərbaycan xalqı növbədənkənar seçkilərdə bu reallıqlara istinad etdi, əldə edilən bu kimi nailiyyətlərin davamına səs verdi. Bu seçimi ilə xalqımız bir daha göstərdi ki, böyük Heydər Əliyev yoluna və İlham Əliyev siyasi kursuna heç bir alternativi qəbul etmir.
Möhtərəm İlham Əliyevin dövlətimiz və xalqımız qarşısında ən böyük tarixi xidməti isə, əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Azərbaycan torpaqlarında XIX əsrin əvvəllərindən kök atmağa başlamış mənfur erməni separatizminə son qoyulmasıdır. Vətən müharibəsindəki böyük Zəfərimizin, bütün ərazilərimiz üzərində milli suverenliyimizin müəllifi olan Prezident cənab İlham Əliyev bununla Ulu Öndər Heydər Əliyevin arzularını çin etdi, ata vəsiyyətini layiqincə yerinə yetirdi. 
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdə qətiyyəti, Vətən övladlarımızın qanı və canı  ilə qazandığımız bu zəfərlər Azərbaycanın yalnız müasir müstəqillik dövrünün deyil, bütün dövlətçilik tarixinin olduqca möhtəşəm hadisələridir. Bunlar xalqımızın iki əsr idi ki, həyata keçməsinə çalışdığı arzularının ifadəsidir. Buna görə növbədənkənar prezident seçkisinin nəticəsi torpaqlarımızın işğaldan azad edilməsini və ərazi bütövlüyümüzün bərpasını təmin edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə Azərbaycan xalqının sonsuz minnətdarlığının ifadəsi kimi də yaddaşlara köçdü.

    20 ilin uğur hesabatı və yeni dövrün yol xəritəsi

100 gün əvvəl – fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindən sonra isə dövlətimiz və xalqımız Prezident cənab İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə tarixdən süzülüb gələn dövlətçilik ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, müstəqilliyimizin buna qədərki böyük Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əldə edilmiş möhtəşəm nailiyyətlərə, Vətən müharibəsindəki Zəfərə və ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin olunduğu tarixi gerçəkliyə söykənərək yeni inkişaf və yüksəliş mərhələsinə daxil oldu.
Prezident cənab İlham Əliyevin Milli Məclisdə etdiyi çıxışı televiziya ekranlarından böyük qürur və fəxarət hissi ilə izlədik.  Cənab Prezidentin proqram xarakterli olan çıxışının məzmunu əhatəli idi və təsadüfi deyil ki, geniş siyasi-ictimai marağa səbəb oldu, xalqımızın tarixi baxışları, ölkəmizin bugünkü nailiyyətləri və gələcək milli hədəfləri ilə vəhdət təşkil etdi.
Ən əsası, bu çıxış Müzəffər Ali Baş Komandanın ötən 20 illik fəaliyyətinin qədirbilən xalqımızın zəfər tarixində həmişə yaşayacaq uğur hesabatı idi. Hansı ki bu hesabat 20 illik yüksəliş və inkişaf mərhələsinin möhtəşəm nailiyyətlərini və tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın şərəf salnaməsini gözlərimiz önündə bir daha canlandırdı. Cənab İlham Əliyevin “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!” sözləri ötən 20 illik dövrün bütün uğurlarının, xalqımızın uzun illərdən bəri arzu və istəklərinin ümumiləşdirilmiş möhtəşəm ifadəsinə çevrildi. 
Bu çıxış qeyd etdiyim kimi proqram xarakterli olmaqla Azərbaycanın daxil olduğu yeni inkişaf və yüksəliş mərhələsinin düşünülmüş və əsaslandırılmış yol xəritəsi idi. Dövlətimizin başçısının hər bir fikri, hər bir cümləsi respublikamızın etibarlı gələcəyinə, xalqımızın firavanlığına və rifahına aydın və konkret notlar üzərində baxış idi. 
Dövlətimizin başçısının çıxışını dinlədikcə həm də görürdük ki, möhtərəm İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi dövlətimizi və xalqımızı gələcəyə də qalibiyyət ruhunda aparır. Yəni qədəm qoyduğumuz yeni dövrdə əldə edəcəyimiz hər bir uğurun təməlində, kökündə Vətən müharibəsindəki zəfərimiz, erməni separatizminə son qoymağımız dayanacaq. Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu digər məsələlər də milli ruhla və dövlətçilik dəyərləri ilə əlaqələndirildi. Bununla da tarixi dövlətçilik ənənələrimiz, milli dəyərlərimiz, döyüş və Zəfər ruhumuz, qurub-yaratmaq potensialımızdan ibarət yeni bir mərhələyə qədəm qoyuldu. 
Böyük qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan bu yeni dövrə bir zamanlar həlli hər birimizə müşkül görünən tarixi problemlərimizi milli maraqlarımız çərçivəsində tam həll etmiş, ötən 20 ilin zəngin inkişaf və yüksəliş təcrübəsi ilə güclənmiş, milli haqqını, qürurunu, ləyaqətini təmin etmiş şəkildə – başıuca daxil olur. 

Sülhməramlılar Azərbaycan ərazilərini vaxtından tez tərk etdilər

Prezident cənab İlham Əliyevin yeni müddət üçün fəaliyyətinin ilk 100 gününün ən mühüm hadisələrindən biri Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsidir. Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən bir vaxtlar separatçıların mövcud olduğu ərazilərimizdə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdi. Bəyanata əsasən sülhməramlı kontingentinin qalma müddəti 5 il idi. Ötən il Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin nəticəsində Qarabağdakı erməni separatçılarının mövcudluğuna son qoyulub, bütün ərazilərimiz üzərində milli suverenliyimiz təmin edilib. Buna görə rus sülhməramlılarının Azərbaycan ərazilərində qalmalarına da zərurət qalmamışdı və onlar vaxtından da tez ölkəmizi tərk etdilər. Bu həm də qalib ölkənin vətəndaşlarının haqlı gözləntisi idi.
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsi yeni tariximizin mühüm hadisələrindən biridir. Bu, Azərbaycanın milli mənafelərinin qorunması müstəvisində strateji uğurumuz olmaqla həm də onu göstərir ki, Qarabağ problemi tam həll olunub. Bu mənada, sülhməramlıların Azərbaycanı vaxtından tez tərk etməsi Prezident cənab İlham Əliyevin qətiyyətli və strateji baxımdan dərindən düşünülmüş olduqca uzaqgörən siyasət yürütdüyünü bir daha nümayiş etdirdi. 
Bu proses həm də Ulu Öndər Heydər Əliyevin müdrikliyi nəticəsində keçmiş sovet qoşunlarının 1992-ci ildə Naxçıvanı tərk etməsini yadımıza saldı. Və bir daha əmin olduq ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi yol, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi alternativsiz siyasət milli maraqlarımızın ən etibarlı təminatçısıdır. 
Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi daxildə və xaricdə olan qaragüruhların, sapı özümüzdən olan baltaların səsləndirdikləri cəfəng “proqnozlar”ın və iddiaların nə qədər çürük, əsassız olduğunu göstərdi, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. Çünki onlar belə bir iddia irəli sürürdülər ki, Rusiya qoşunları daxil olduğu ərazilərdən çıxmır və sülhməramlı kontingent Azərbaycan torpaqlarını da heç vaxt tərk etməyəcək. Lakin Prezident, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev qaragüruhçuların, Qərbdə mənzillənmiş “beşinci kolon”un bütün əssasız iddialarını və arqumentlərini alt-üst etdi. Bu hadisə Qərb siyasi dairələrinin də regionla bağlı məkrli niyyətlərini gözlərində qoydu. Çünki sülhməramlıların Azərbaycanı tərk etməsindən sonra onların Rusiyanı “etibarsız müttəfiq” adlandırmaları ondan xəbər verdi ki, Qərb əsl niyyətində ərazilərimizdə rus qoşunlarının mövcudluğuna Azərbaycanla Rusiya arasında hər zaman böhran yarada biləcək məsələ kimi baxırmış.

    4 qeyri-anklav kənd Azərbaycana qaytarıldı

Rusiya sülhməramlı kontingentinin ölkəmizi tərk etməyə başlamasının ardınca Azərbaycan ictimaiyyəti daha bir xoş müjdə aldı. Belə ki, Azərbaycanla Ermənistan arasında aprelin 19-da keçirilən dövlət sərhədinin delimitasiyası üzrə görüşdə delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin keçmiş sovetlər  ittifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırdılar. Bu o demək idi ki, hazırda Ermənistanın işğalı altında olan bu 4 qeyri-anklav kənd Azərbaycana qaytarılır. Və hamı bilir ki, bu proseslər məhz qəhrəman xalqımızın dünyaya bəxş etdiyi böyük sərkərdə, dünya lideri Prezident cənab İlham Əliyevin ölkəmizə ləyaqətlə rəhbərlik etməsi, xidmət göstərməsi sayəsində baş verir.
Prezident cənab İlham Əliyev hələ bu il may ayının 10-da yerli televiziya kanallarına müsahibəsində bu barədə suala cavabında demişdi: “Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”. Aprel ayında həmin qeyri-anklav 4 kəndin işğaldan azad edilərək Azərbaycana qaytarılması barədə razılığın əldə olunması Prezident cənab İlham Əliyevin həmin müsahibədə ifadə etdiyi qətiyyətli mövqenin öz təsdiqini tapmasıdır.
Qazax rayonunun 4 kəndinin işğaldan azad edilməsi Vətən müharibəsindəki Zəfərin, ərazilərimizdə erməni separatizminə son qoyulmasının məntiqi davamı kimi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılan mühüm tarixi uğurdur. Və bu uğurun müəllifi də məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Bu qürurverici hadisə bir daha göstərdi ki, dövlətimizin başçısı Azərbaycanın, xalqımızın  milli maraqları mövzusunda istənilən məsələdə qətiyyətli, dönməz və prinsipialdır.

    Qayıdışın ünvanları sırasına Şuşa şəhəri və Sus kəndi əlavə olundu

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövlətinin əsas milli hədəflərindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşüdür. İşğaldan azad edilmiş ərazilərin bərpası isə hələ Vətən müharibəsinin davam etdiyi günlərdən sonra başlayıb, ötən 3 il yarım ərzində sürətlə davam etdirilib. Bu qısa dövrdə azad edilmiş ərazilərin yenidən qurulmasının miqyası, həqiqətən, heyrətamiz və qürurvericidir.
Fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində Prezident  cənab İlham Əliyev bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdacağını bəyan etdi: “Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”. 
Ötən 100 gün göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur Prezident cənab İlham Əliyevin böyük zəhməti, əzmi ilə sürətlə yenidən qurulur. Əgər 100 gün əvvələ qədər keçmiş məcburi köçkünlər Füzuli və Laçın şəhərlərinə, Zəngilanın Ağalı, Laçının Zabux, Tərtərin Talış kəndlərinə qayıtmışdılarsa, artıq qayıdışın ünvanları sırasına  qeyrət qalamız olan Şuşa şəhəri və doğma Laçınımızın Sus kəndi də əlavə olunub. Əgər 100 gün əvvələ qədər  Qarabağ və Şərqi Zəngəzura 5,4 min nəfərə yaxın keçmiş məcburi köçkün qayıtmışdısa, bu gün doğma yurduna qayıdanların sayı 7 min nəfəri ötüb. 
May ayının 18-də Prezident  cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin, Zəngilanın Mincivan qəsəbəsinin təməllərinin qoyulması, “Ağalı” hotelinin, “Zəngilan” və “Şayıflı” Su Elekrtik stansiyalarının, Zəngilan məscidinin istifadəyə verilməsi bir daha azad edilmiş  ərazilərin bərpasının yüksək sürətlə davam etdirildiyini göstərdi.

    18 ölkənin dövlət və hökumət başçısı ilə görüş

100 günün təhlili Prezident cənab İlham Əliyevin yürütdüyü mükəmməl xarici siyasət kursunun miqyasını  da göstərir. Bu müddətdə Prezident cənab İlham Əliyev 3 dövlətə səfər edib, 6 ölkənin prezidenti, 5 ölkənin hökumət başçısı Azərbaycana gəlib. Ümumilikdə, bu dövrdə Prezident cənab İlham Əliyev beynəlxalq tədbirlərdə keçirilən görüşlər də daxil olmaqla, 18 ölkənin dövlət və hökumət başçısı, o cümlədən ABŞ Dövlət katibi, NATO-nun Baş katibi, ATƏT-in Baş katibi ilə görüşüb. Bu səfərlər və görüşlər, ilk növbədə, Azərbaycanın xarici siyasətinin məzmunundan, bu siyasətin çoxvektorlu və müstəqil olmasından xəbər verir. Ən əsası  Qərb siyasi dairələrinin respublikamıza qarşı qərəzli və məkrli siyasi fəaliyyətləri fonunda Prezident cənab İlham Əliyev öz uğurlu xarici siyasət kursu ilə 100 gündə Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edib. 
Eyni zamanda bu görüşlərin hər biri Prezident cənab İlham Əliyevə olan qlobal ehtiramdan xəbər verir. Fevral ayında andiçmə mərasimindən sonra 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərinə səfər edən Prezident cənab İlham Əliyevin burada keçirdiyi hər bir görüş göstərdi ki, ölkə başçısı beynəlxalq miqyasda dərin ehtiramla qarşılanan siyasi liderdir. Münxen Təhlükəsizlik Konfransındakı görüşlərdən gəlinən başqa bir qənaət bu oldu ki, Azərbaycan Prezidentinin hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır.
Eləcə də Azərbaycana səfər edən dövlət və hökumət başçılarının Prezident cənab İlham Əliyevlə bağlı fikirlərini xüsusi qeyd etməliyik. Məsələn, Bolqarıstan Prezidenti Rumen Radevin Bakıda mətbuata ünvanladığı bəyanatda “Mən Prezident Əliyevlə yeddi ildən artıqdır ki, tanışam və bu dövr ərzində bizim çoxsaylı müzakirələrimiz olub. Mən onun cəsarətli baxışına şahidəm, ona çox gözəl bələdəm” deməsi, Slovakiyanın Baş naziri Robert Fitsonun  “Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətək görüşümüzdə müzakirələrimiz ölkəniz və Sizin haqqınızda düşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətin tərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz” sözləri, Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenkonun “Tanrıya şükürlər olsun ki, bu mürəkkəb regionda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur” sözləri isə Prezident cənab İlham Əliyevin şəxsiyyətinə, fəaliyyətinə, etibarlı tərəfdaş olmasına verilən ali qiymətlərin və  qlobal miqyasdakı nüfuzunun növbəti təsdiqi oldu.
Bu dövrdə tarixdə ilk dəfə olaraq qonşu İran İslam Respublikasının Prezidenti Azərbaycan-İran sərhədinə gəlmiş, Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilmiş, iki ölkə arasında bir çox razılaşmalar əldə olunmuşdur. Həmçinin Azərbaycana gələn Qazaxıstan, Qırğızıstan və Belarus kimi dövlətlərin prezidentləri həm də işğaldan azad edilmiş ərazilərimizə səfər ediblər ki, bu da beynəlxalq ictimaiyyətin Azərbaycanın Qarabağ zəfərini tam bölüşməsinin nümayişi olmaqla yanaşı, Azərbaycanın haqq işinin qlobal müstəvidə daha böyük dəstək tapmasına edilən layiqli dost töhfələridir.

    Dövləti sevməyin və Vətənə xidmətin nümunəsi

Prezident cənab İlham Əliyevin fəaliyyətinin ötən 100 günü Azərbaycanın tək müasir müstəqillik deyil, bütün dövlətçilik tarixini şərəfləndirən olduqca möhtəşəm hadisələr və uğurlarla əlamətdardır. Hansı ki bu hadisələrin hər biri dövlətimizin və xalqımızın milli maraq və mənafelərini qoruyub və  qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini təsdiq edib. 100 günü ərazi bütövlüyümüzün bərpasından sonra respublikamızın qədəm qoyduğu yeni dövrün  ilk uğurlu mərhələsi də adlandıra bilərik.
Əlbəttə ki, bu mərhələdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Prezident cənab İlham Əliyevin ən böyük siyasi silahdaşı Mehriban xanım Əliyevanın fəaliyyətini, respublikamızda əldə olunan nailiyyətlərə verdiyi dəyərli töhfələri    xüsusi qeyd etməliyik. Hörmətli    Mehriban xanım Əliyevanın istər Birinci vitse-prezident, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi genişmiqyaslı ictimai-siyasi fəaliyyətinin hər bir məqamı müstəqil Azərbaycan dövlətini sevməyin və Vətənə, xalqa xidmətin ən mükəmməl nümunələridir. 
Yaranmasının 20-ci ili tamam olan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini Azərbaycan cəmiyyəti haqlı olaraq xanım Mehriban Əliyevanın vətənpərvərliyinin, öz xalqının milli-mədəni və mənəvi dəyərlərinə olan dərin bağlılığının təcəssümü kimi qəbul edir. Ulu   Öndər Heydər Əliyevin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ötən 20 ildə fondun sosial, mədəniyyət və humanitar  sahələrdə həyata keçirdiyi saysız-hesabsız layihələr Prezident cənab İlham Əliyevin müəyyən etdiyi vəzifələrin yerinə yetirilməsində əvəzsiz rol oynayaraq cəmiyyətimizdə yüksək əhvali-ruhiyyəni, vətəndaş məmnuniyyətini təmin edir. Mehriban xanım Əliyeva hər zaman köməyə, qayğıya ehtiyacı olanın dayağı olub, kimsəsizlərin, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin ümid yeri olub. Zaman-zaman səhhətində problem yaranmış elm, mədəniyyət, incəsənət xadimlərinin ölkəmizdə və xaricdə müalicəsinin həyata keçirilməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların yenidən sağlam həyata qayıdışı üçün Bakıda Psixonevroloji Uşaq Mərkəzinin, Talassemiya Mərkəzinin, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin, Autizm Spektr Pozuntulu Uşaqlar üçün Bərpa Mərkəzinin və onlarla müxtəlif xəstəxanaların inşası, 500-dən artıq orta məktəbin, uşaq evlərinin bərpası, yenidən qurulması Mehriban xanım Əliyevanın elmimizin, mədəniyyətimizin, milli genefondumuzun qorunmasına və inkişafına yönəlik fəaliyyətinin və vətənpərvərliyinin ayrıca nümunəsi və nümayişidir. 
Azərbaycan muğam sənətinin, xalq musiqisinin qorunması, inkişafı, təbliği, mədəni-tarixi abidələrimizin bərpası, milli dəyərlərimizin UNESCO-nun irs siyahısına salınması yönündə fəaliyyəti isə Mehriban xanım Əliyevanın milli dəyərlərimizə dərin sevgisini göstərir. Mehriban Əliyeva yalnız milli mədəniyyətimizin fəal təbliğatçısı deyil, həm də onun əzmkar qoruyucusudur. Bütün bunlarla Mehriban xanım Əliyeva maddi və mənəvi mədəni irsimizin əsl sahiblərinin məhz xalqımız olduğunu dünyaya bəyan edir.
Son onilliklərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi məzmunlu, tutumlu  tədbirlər isə erməni yalanlarının ifşa edilməsində, Xocalı soyqırımının dünyada tanıdılmasında böyük rol oynamaqla, xarici siyasətimizin daha böyük uğur qazanmasına xidmət edib. Bu işdə birinci xanım Mehriban Əliyevanın təşəbbüsləri hər bir azərbaycanlı üçün Vətəni sevməyin əsl örnəyidir.
Son 3 il yarımda isə xalqımız Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin timsalında Mehriban xanım Əliyevanın böyük ürək sahibi olmasına, intəhasız vətən sevgisinə şahidlik edir. Heydər Əliyev Fondunun təşəbbüsləri ilə azad olunmuş ərazilərimizdə, xüsusən Şuşada tarixi və dini abidələrimizin bərpası ilə bağlı həyata keçirilən layihələr    Mehriban xanım Əliyevanın həm də fəal, əsl vətəndaşlıq mövqeyinin ifadəsidir. Bu layihələr, nəticə etibarilə,  azad olunmuş ərazilərimizin daha sürətli və keyfiyyətli bərpasına xidmət edir.
Ümumilikdə isə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti kimi məzmunlu və çoxşaxəli fəaliyyətinin hər bir istiqaməti Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata vəsiqə almasına, möhtərəm Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin daha böyük uğurlar qazanmasına xidmət edir. Cənab İlham Əliyevin yeni müddətə prezidentliyinin ötən 100 gününün reallıqları da məhz birinci xanım Mehriban Əliyevanın Azərbaycanın dövlət siyasətinə hərtərəfli layiqli töhfələr verdiyini tam miqyası ilə təsdiq edir.

    Naxçıvanın inkişafında yeni mərhələ başlayıb

Prezident cənab İlham Əliyevin yeni müddətə dövlət başçısı kimi fəaliyyətinin ilk 100 gününün əsas göstəricilərindən biri də respublikamızda sosial-iqtisadi inkişafın davamlı olması, makroiqtisadi göstəricilərin yüksəlməsidir. 2024-cü ilin ötən dövründə ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunması respublikamızın inkişafı ilə bağlı tam aydın təsəvvür yaradır. 
Bu dövrdə Naxçıvan Muxtar Respublikasında da sosial-iqtisadi sferada yeni nailiyyətlər əldə olunub, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi təmin edilib.  
2024-cü ilin ötən dövründə Naxçıvanda sosial-iqtisadi sahədə əldə olunan bəzi müsbət nəticələrə diqqət yetirsək, təkcə bu ilin ilk aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 200 milyon 800 min 700 manat və ya ötən ilin əvvəli ilə müqayisədə 2,7 faiz çox olması islahatların uğurlu nəticələrindən biri kimi qiymətləndirilməlidir. Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM həcmi 2 faiz artaraq 428,3 manata çatıb.  Bundan başqa, ilin əvvəlindən muxtar respublikada 91 milyon manatdan artıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 27 faiz üstələyir. Bu dövrdə nəqliyyat sektorunda yük və sərnişin daşınması, pərakəndə ticarət dövriyyəsi, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb ki, bütün bunlar muxtar respublikanın həm də bütün digər sahələrində yeni inkişaf mərhələsinin uğurlu olduğunu göstərir.
Təbii ki, dəyişikliklər yalnız iqtisadi deyil, digər sahələrdə də özünü göstərir. Görünən həm də odur ki, Naxçıvanda bütün istiqamətlərdə başlanan yeni islahatlar praktik şəkildə özünü doğruldur və  muxtar respublikanın davamlı inkişafını təmin edən düzgün yol seçilib. Ən əsası Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəhbərliyi ilə burada qısa zamanda əldə edilmiş nailiyyətlər, hər bir yüksəliş nümunəsi təsdiq edir ki, Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və tövsiyələr Naxçıvanda vaxtında və layiqincə icra olunur.

    COP29 Azərbaycanın dünyaya yeni təqdimatı olacaq

Qarşıdakı dövrdə Azərbaycanı milli prioritetlərin yerinə yetirilməsi ilə bağlı mühüm vəzifələr və həm də yeni nailiyyətlər gözləyir. Sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi cənab İlham Əliyevin növbəti prezidentlik müddətinin əsas hədəfləri olacaq. 
Eyni zamanda onu da qeyd etməliyik ki, Azərbaycanın ötən dövrdə  regionda aparıcı dövlətə, dünyada söz sahibinə çevrilməsi nəinki qlobal mövqelərimizi gücləndirib, həm də respublikamıza qarşı olan qlobal ehtiram və etimadı artırıb. Azərbaycanın 2019-2023-cü illərdə BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi də bu etimadın təzahürü idi. 
Bu ilin noyabr ayında isə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. COP29 sıradan bir beynəlxalq tədbir deyil və ona ev sahibliyi etmək dövlətin qlobal nüfuzu və mövqeyi ilə əlaqəli olan bir məsələdir. Bu baxımdan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbulu Prezident cənab İlham  Əliyevin növbəti təntənəli uğurudur. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük nailiyyətidir. Eyni zamanda bu qərar Azərbaycana qarşı çirkin kampaniya aparan siyasi dairələrə və qaragüruhçu qüvvələrə də tutarlı cavabdır.
COP29 Azərbaycanın dünyaya yeni təqdimatı baxımından mühüm siyasi hadisə olacaq. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin uğurlarını, inkişafını, Vətən müharibəsindəki zəfərimizi bir daha dünyaya bəyan edəcək.
Yekunda qeyd etmək istərdim ki, beynəlxalq təcrübədə belə 100 günlük müddət yeni seçilmiş prezidentin həm də özünü təsdiq etməsi baxımından mühüm siyasi qiymətləndirmə hesab olunur. Lakin söhbət cənab İlham Əliyev kimi liderlərdən gedirsə, belə dövlət başçılarının özlərini təsdiq etməsinə qətiyyən ehtiyac yoxdur. Çünki cənab İlham Əliyevin ötən 20 ildəki fəaliyyətinin nəinki hər prezidentlik müddəti və ya hər ili, hər ayı, hər günü belə özünütəsdiqin ən mükəmməl nümunəsidir. 

Bəxtiyar  ƏSGƏROV
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi 
N
ümayəndəliyinin rəhbəri

Nəşr edilib : 25.05.2024 09:01