NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Mizacımızı tanıyaq

...

Yemək seçərkən təkcə dadı nəzərə almamalıyıq. Çünki qəbul etdiyimiz bütün qidalar sağlamlığımıza birbaşa təsir edir. Unutmamalıyıq ki, bəzi qidalar birlikdə qəbul edildikdə, gözlənilməz təhlükələrə səbəb ola bilər. Yəni ayrılıqda yeyildikdə heç bir zərər verməyən bəzi qidalar birlikdə qəbul edildikdə faydasını itirmək və hətta orqanizmdə toksik təsirlər yaratmaq gücündədir. Bu barədə ətraflı məlumat almaq üçün “Şəfa” Özəl Tibb Mərkəzində fizioloq-dietoloq, sağlam qidalanma üzrə mütəxəssis vəzifəsində çalışan Pərvanə Qəhrəmanova ilə həmsöhbət olduq.

O bildirdi ki, qidalanma ilə bağlı uşaqlıqdan böyüklərimizdən eşitdiyimiz bəzi fikirlər var. Məsələn, balıq yedikdən sonra qatıq yemək olmaz, balla qovunu birlikdə yemək məsləhət görülmür, hamama tox qarına getmək, hamamdan sonra soyuq su içmək olmaz və sair. Bütün bu fikirlərin bir elmi əsası olmadığından deyilənlərin nəyə söykəndiyini araşdırmaq lazımdır. Hippokrat və İbn Sina kimi böyük tibb alimləri kainatda canlı və ya cansız varlıqların mizacının olduğunu dəfələrlə öz əsərlərində bildiriblər. Şərq ölkələri Şərq təbabətinin anası sayılır. Mizac isə təbabətin təməlidir. Mizac bir insanın fiziki, zehni davranışlarının özəlliklərini göstərir. Bu sözün hərfi mənası qarışıq deməkdir. 4 təməl mizac vardır. Atəş, hava, su və torpaq. Atəş – öd, hava – dəm, su – bəlğəm, torpaq – sovda deməkdir. Bir insanda bu mizacların hamısı var və onlar mütləq tarazlıqda olmalıdır. Biz mizacımızı pozaraq xəstələnirik.

Pərvanə xanım deyir ki, qidaların da mizacı var. Məsələn, pomidorun mizacı soyuqdur, yaradılış etibarilə yay tərəvəzidir. Yayın mizacı isə quru, isti olduğu üçün bu tərəvəzlər yayda yeyildikdə insanın mizacını tarazlığa gətirib çıxarır, yəni quruluğa meyil etməsinin qarşısını alır. Dünyanın bir çox ölkələrində – Çində, Hindistanda, Pakistanda, Yaponiyada, Rusiyada alternativ tibb adı altında həkimlərə mizac dərsləri keçirilir. Bu ölkələrdə dərslər keçirilsə də, bizdə mizac böyüklərimizdən bizə miras qalıb, illərdir, qanımıza, yaddaşımıza hopan bir elmdir bu. Mizac elminin 6 qızıl qaydası var: düzgün nəfəs almaq, düzgün yemək-içmək qaydaları, qusma və tutma qaydaları, yetərli yuxu və dincəlmə, idman və hərəkət, pozitiv düşünmə və ruh. Bunları tarazlıqda qoruyub saxlayan insan həmişə sağlam olar.

Son dövrdə insanların get-gedə artıq çəki almalarından söhbət gedir. Artıq çəkinin səbəblərindən biri də mizacların normadan artıq soyumasıdır Pərvanə həkim buna açıqlama olaraq bildirir ki, havalar soyuyanda biz qalın geyinirik. Ona görə ki, bədən temperaturunu qoruyub saxlasın. Bədən aşırı soyuduğu zaman piylənmə baş qaldırır. Əgər biz qışın oğlan çağında pomidor-xiyarla arıqlamağa çalışsaq, onda bədənimizi daha da soyutmuş olacağıq. Çünki pomidorun da, xiyarın da mizacı soyuqdur və arıqlasaq belə, biz bu incəlmədən fayda ala bilməyəcəyik, çünki bədəni aşırı soyudub yeni xəstəliklərə qapı açacağıq.

Pərvanə xanımın sözlərinə görə, biz qış vaxtı xəstələndikdə soğan və sarımsaqdan istifadə edərək sağalırıq. Bunun səbəbi isə qışda aşırı soyuyan bədənimizdə bəlğəm artır və bədənin isti, quru qidalara ehtiyacı olur. Soğan və sarımsağın mizacı da isti, quru olduğu üçün aşırıya qaçmış mizacımızı tarazlığa gətirir. Amma yay fəsli soğan və sarımsağı birlikdə yesək, orqanizmimizə ziyandır və bədəni susuz qalmağa gətirib çıxarır.

Tox qarına hamama getmək bədəndə zərərli suyun, bəlğəmin artmasına gətirib çıxardır. Yemək arası, sonra birnəfəsə su içmək də həzmin pozulmasına, artıq suyun çoxalmasına səbəb olur.

Mizac elmində qarışıq proteinləri yemək bəyənilmir. Yemək zamanı mal, qoyun, toyuq və balıq məhsullarının sadəcə birindən istifadə olunmalıdır. Çünki bu qidaların hər birinin həzmi orqanizmimizdə fərqli getdiyi üçün həzm çətinləşir və qara ciyərin yükünü artırır.

Soyuq havalarda, xüsusən də Naxçıvan bölgəsində havanın temperaturu düşdükdə insanlar yağlı, duzlu və xəmir yeməklərinə meyil edirlər. Bunun da səbəbi odur ki, ətraf mühitin soyuqluğunun zərəri aradan qalxsın.

Xəmir yeməklərini, xüsusilə də sirkə, sarımsaqla yemək məsləhət görülür və bu, qan şəkərini stabilləşdirir. Bu yeməklərin mizacı isti, sirkə, sarımsaq, sumağın mizacı soyuq olduğundan bədəni tarazda saxlayır. Bəzi insanlar arıqlamaq məqsədilə sirkəli su içirlər. Qış vaxtı bunu etmək düzgün deyil, çünki bədənimiz aşırı soyuyur və orqanizmimizə fəsad törədir. Əgər içsəniz də, sirkəli suya bal əlavə edərək sirkənin soyuqluğunu tarazlamalıyıq.

Pərvanə həkim ağartı məhsullarından da danışaraq bildirdi ki, pendir və ağartı məhsullarının mizacı soyuqdur. Onunçün məsələn, şorun üzərinə çörəkotu əlavə etmək, çaya kəklikotu qarışdırıb içmək, pendiri qozla yemək məsləhət görülür. Ona görə ki, bu qidaları birlikdə qəbul etmək orqanizmimizi tarazlayır.

Pərvanə həkim sonda onu qeyd etdi ki, əgər insan öz mizacını, qidaların mizacını, ətrafdakı insanların mizacını tanıyarsa və o mizaca uyğun davranarsa, öz dünyasını cənnətə çevirər.

Günay HACIYEVA

Nəşr edilib : 27.11.2024 11:16