NAXÇIVAN :

02 May 2026, Şənbə

Mirzə Qədim İrəvani kimdir?

...

Azərbaycan mədəniyyətinə daim böyük diqqət və qayğı göstərən görkəmli dövlət xadimi Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasətə həmişə ehtiramla yanaşan ölkə başçısı cənab İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında 2025-ci il 14 fevral tarixli Sərəncamı Azərbaycanın bu görkəmli rəssamının sənətinə və şəxsiyyətinə hörmətin ifadəsi kimi bütün sənətsevərlərin sevincinə səbəb oldu. Sərəncamda deyilir: “Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır”.
Bəs kimdir Mirzə Qədim İrəvani? Bu barədə oxucularımıza da ətraflı məlumat vermək məqsədilə onun əsərlərinin araşdırmaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimovla telefon əlaqəsi saxladıq. İstəyimizi səmimiyyətlə qarşılayan alim adıçəkilən Sərəncamın böyük əhəmiyyəti olduğunu vurğulayaraq qeyd etdi ki, Mirzə Qədim İrəvaninin yaradıcılığı haqqında bir çox sənətşünaslar tədqiqatlar aparmış və qiymətli fikirlər söyləmişlər. Telman müəllimin sözlərinə görə, Mirzə Qədim İrəvani, əsasən, nəqqaş kimi tanınsa da, amma onun, eyni zamanda mahir xəttat olması çoxlarına məlum deyildi. Alim qeyd edir ki, İncəsənət Muzeyində Mirzə Qədimin xəttatlıq sənətini əks etdirən bir neçə kalliqrafik lövhə saxlanılır. Bunlardan biri xəttatlıq sənətində nadir və olduqca mürəkkəb sayılan “kalliqram” üslubunda yazılmışdır. Kalliqram yaratmaq bacarığı xəttatlığın ən yüksək peşəkarlıq səviyyəsini əks edərək vaxtilə sufi təriqətlərində zikrin növlərindən biri kimi meydana gəlmişdir. Telman İbrahimovun sözlərinə görə, “Zahir-batin” (Aşkar-gizli) münasibətləri əsnasında “İlahi məhəbbət” anlayışını ifadə edən xəttat Mirzə Qədim – sufi sevgisinin simvolu olan “Gül və bülbül” motivini kalliqram şəklində yaratmışdır. Belə ki, kalliqramın mətni “təliq” xətti ilə yazılaraq “Qurani-Kərim”in “İxlas” surəsi ayələrinin yazılışı nəticəsində “Gül və bülbül” həm dünyəvi, həm də mistik məhəbbətin simvolu sayılır.
Telman müəllim mahir rəssamla bağlı belə bir faktı da diqqətimizə çatdırır ki, onun fırçasına məxsus unikal sənət əsəri – güzgü qapaqlarını bəzəyən “Gül və bülbül” rəsmi Rusiyanın Ermitaj Muzeyində saxlanılır. Həmin rəsm əsəri 1936-cı ildə rəssamın ailə üzvü tərəfindən muzeyə bağışlanıb. 
Telman müəllim deyir ki, XIX əsrin sonları və XX əsrin əvvəlində Azərbaycanda maddi imkanı olan insanların evlərinin divarından asılan iki tay qapılı güzgülər dəbdə idi. Balaca qapılar vasitəsilə açılıb-bağlanan güzgülərin şüşəsi Rusiya və Avropadan gətirildiyinə görə çox baha başa gəlir, hətta elit əşya sayılırdı. Mirzə Qədim İrəvani həmin güzgü qapaqlarında təsvirlər yaradarkən artıq İrəvan şəhərinin məşhur rəssamı idi. Məhz bu səbəbdən İrəvan Quberniyasının hərbi qubernatoru general Nikolay Nikolayeviç Karmalin öz evi üçün güzgü qapaqlarını bəzəməyi xüsusi olaraq Mirzə Qədimə sifariş etmişdi. Gənc rəssam da hər iki qapağın astar səthində ən sevdiyi “Gül və bülbül” motivi təsvir etmişdi. Mirzə Qədim İrəvaninin “Gül və bülbül” janrında təsvir etdiyi güzgü qapaqları rəssamın realist portretçi – rəssam olması ilə bərabər, mahir nəqqaş və xəttat olmasını da sübut edir. 
Söhbətimiz zamanı Telman müəllim Mirzə Qədimin fransız və rus dillərində sərbəst danışa bildiyini də vurğulayır, digər sənətşünasların da araşdırmalarına toxunaraq Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi mərhum Ziyadxan Əliyevin Mirzə Qədim İrəvaninin  genişşaxəli yaradıcılığı ilə bağlı tədqiqatlarını yüksək dəyərləndirir. 
Buna görə də biz də Ziyadxan müəllimin bu istiqamətdə apardığı araşdırmalarını əldə etdik. Öyrəndik ki, XIX əsrdə ən müxtəlif funksiyalı ictimai tikililərdə monumental-dekorativ rəngkarlığın yer almasını Azərbaycan məkanında qədim bədii ənənənin davam etdirilməsi kimi də dəyərləndirmək olar. Bunun ən yaxşı nümunələrindən biri İrəvan şəhərində yerləşən Sərdar sarayının interyerində yer almış sənət nümunələri sayılır. Sarayın interyerinin tərtibatını təşkil edən ilk divar rəsmləri Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Əbdür Rzanın adı ilə bağlıdır. XVIII əsrin ortalarında sarayın interyerinin yenidən qurulmasına qərar verilmiş və bu işə cəlb edilən yerli gənc rəssam Mirzə Qədim İrəvani burada altı portret işləmişdir. Yeri gəlmişkən, deyək ki, belə bir sifarişin də Mirzə Qədimə həvalə edilməsi, ilk növbədə, gənc rəssamın istedadına olan inamın göstəricisi idi. Xüsusilə o da qeyd edilməlidir ki, Sərdar sarayı 1914-cü ildə erməni vandalları tərəfindən dağıdılmış və sonra Mirzə Qədim İrəvaninin iriölçülü bu portretlərinə gürcülər sahib çıxaraq onları Gürcüstana aparmış və əsərləri saxlamaq üçün Tiflisdəki Hərbi-Tarixi Muzeyə təhvil vermişlər. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, sonradan isə Gürcüstan İncəsənət Muzeyinə verilib. 
Müstəqillik illərində həmin əsərlərin mövcudluğundan xəbər tutan Azərbaycan tarixçilərinin yerli mətbuatda həyəcan təbili çalmaları nəticəsiz qalmayıb. Azərbaycan hökumətinin Gürcüstan rəhbərliyinə müraciətindən sonra Mirzə Qədim İrəvaninin əsərlərinin Bakıda Azərbaycan mütəxəssisləri tərəfindən bərpa olunmasına və sərgilənməsinə icazə alınıb. Bundan sonra Azərbaycan Milli İncəsənət Muzeyinə gətirilən əsərlər bir neçə ay ərzində tanınmış bərpaçı-rəssam, Əməkdar rəssam Natiq Səfərovun rəhbərliyi altında həyata qaytarılıb. 2019-cu ilin mayında isə həmin əsərlər Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adı altında ictimaiyyətə təqdim olunub. Sərgidə Gürcüstandan gətirilmiş – Qacarlar dövrünə aid qədim incəsənət nümunələrinin əksəriyyəti, Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalar da nümayişə çıxarılıb. Sərgidə bu ekspozisiyada hamının nəzərləri bu sərginin keçirilməsində səbəbkar olmuş Mirzə Qədim İrəvaninin portretlərinə zillənmişdi. Belə ki, bu vaxta qədər sənətsevərlər daha çox məşhur fırça ustasının kiçikölçülü qrafika əsərləri ilə tanış idilər.
Oxucularımıza məlumat üçün bildirək ki, rəssamın vəfatından sonra ailə arxivində onun yüzdən çox əsəri qalıbmış. Bizim günümüzə isə onların yalnız 23-ü gəlib çatmışdır. Bunlar da 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı ermənilərin törətdiyi qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildiyi nümunələrdir. Sulu boya və qələmlə çəkilmiş həmin əsərlərin 20 ədədi hazırda Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. 
Son olaraq onu da deyək ki, dövlət başçımızın bu Sərəncamından sonra sənətşünasların görkəmli rəssamın yaradıcılıq irsini daha da yaxından araşdıracaqlarına və təbliğinə vəsilə olacağına, xalqımızın bu mədəniyyət nümunələrini dünyaya tanıdacağına əminik. 

Aidə İBRAHİMOVA
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

 

Nəşr edilib : 24.11.2025 16:01