Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müra...
12:24 22.01.2025
0
0
0
NAXÇIVAN :
22 Yanvar 2025, Çərşənbə
Qəhrəmanlıqla Vətənimizin hər bir qarış torpağı üçün canını fəda edən igid oğullarımız illər ötsə də, daha çox xatırlanır. Onların qəlbindəki Vətən sevgisi o qədər müqəddəs idi ki, öz canlarını fəda etməkdən belə çəkinmədilər. Biz də belə Vətən oğullarını gələcək nəsillərə tanıtmaq üçün onların keçdikləri ömür yolunu qələmə almağı özümüzə borc bilirik. Belə oğullardan biri də 1958-ci ildə Şərur rayonunun Oğlanqala kəndində anadan olmuş, Seyidov Mirhəşim Mirşəmil oğludur. Şəhidimizin evində həyat yoldaşı Sədaqət xanımla həmsöhbət olduq. Sədaqət xanım bildirdi ki, Mirhəşim Seyidov 1977-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmət zamanı döyüş texnikasını mükəmməl öyrənmişdi. Xidməti başa vurduqdan sonra gözətçi işləyir, ailəsinin ehtiyaclarını ödəyirdi.
O, vətənpərvərlik duyğusunu bütün hisslərdən uca tutaraq I Qarabağ döyüşlərində könüllü olaraq iştirak edib, 19 yanvar 1990-cı ildə Sədərək uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Bu gün ondan bizə yadigar qalan üç övladıdır. Mirhəşim Vətən torpağından düşmənə pay verməyən, öz sinəsini düşmənə sipər edən oğullardan olub. Bu gün yoldaşımın adını nəvəm daşıyır. Mən yoldaşımla qürur duyuram. O, şəhid olaraq Azərbaycan xalqının qəlbində əbədi yaşamaq hüququ qazanıb.
Sədaqət xanım bildirdi ki, bu gün Azərbaycanın ərazi bütövlüyü təmin olunubsa, bunun başında Azərbaycan Ordusunun döyüş əzmi, Qələbə ruhu dayanır. Mirhəşimin timsalında bütün şəhidlərimizin ruhu şaddır. Ölkə başçısı cənab İlham Əliyev də şəhid ailələrini daim diqqətdə saxlayır.
Qeyd edək ki, Mirhəşim Seyidovun nəşi 20 yanvar 1990-cı ildə Şərur rayonunun Oğlanqala kəndinə gətirilmiş və Şərur şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Bülbül Quliyeva
Digər xəbərlər