Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Oruc...
11:02 14.06.2026
0
0
0
NAXÇIVAN :
14 Iyun 2026, Bazar
Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu.
Xalqımız artıq bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi, qələbə ovqatı ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla və özünəxas uzaqgörənliklə söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”. Ulu Öndər Heydər Əliyevin arzuları artıq reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu gün əminliklə deyə bilərik ki, respublikamızın tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynayıb və zaman keçdikcə, dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaq. İllər ötsə belə , Azərbaycan xalqı 15 iyun tarixini yenə də qürur və şərəf günü kimi qəbul edəcək. O tarixi bizlərə bəxş edən dahi insanı eyni sevgi, hörmət və ehtiramla xatırlayacaqdır.
Xalqımız üçün çox məsuliyyətli və əhəmiyyətli dövr olan dövlət müstəqilliyinin yenidən bərpa edilməsi ərəfəsində Heydər Əliyevin Azərbaycana qayıdışı mühüm tarixi hadisə idi. Bu, görkəmli dövlət xadimi Heydər Əliyevin Kreml tilsimini sındıra bilməsi, SSRİ dövlətinin siyasi təqib və təzyiqlərini yıxmağı bacarması və yenidən Vətənə qayıdışı demək idi. XX əsrin doxsanıncı illərinin başlanğıc dövrünün mürəkkəb ictimai-siyasi şəraitində Azərbaycana qayıdış müstəqilliyin yenidən qazanılması, qorunub saxlanılması və inkişaf etdirilməsi üçün xüsusi əhəmiyyətə malik hadisə idi. Bu həm də böyük siyasətə qayıdış idi. Buna görə də Milli Qurtuluş Böyük Qayıdışdan başlanır.
Müasir tariximizə dövlətçiliyimizin xilaskarı kimi daxil olan Ulu Öndər Heydər Əliyev indi böyük qürurla bayram – “Milli Qurtuluş Günü” kimi qeyd etdiyimiz 15 iyun 1993-cü ildə xalqın istəyinə əsasən ikinci dəfə xilaskarlıq missiyası ilə hakimiyyətə gəldikdən sonra ölkəmizi müstəqilliyini itirməkdən, xaosdan, vətəndaş qırğınından, müharibədən dövlət çevrilişlərindən qurtardı. Ulu Öndər Heydər Əlİyеvin dediyi kimi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Qürurla demək olar ki, Ulu Öndərin bizə əmanət qoyub getdiyi Azərbaycan, Onun əbədiyyət qazandığı dövlət müstəqilliyi bu gün etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Əgər Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü və müstəqilliyinin tamlığını bərpa etdi.
Ötən müddətdə Ulu Öndərin qarşısına qoyduğu milli prioritetləri onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev müvəffəqiyyətlə reallaşdırdı. Ən ümdəsi Heydər Əliyev amallarının zirvəsində yer alan Qarabağın azadlığı da qətiyyətlə gerçəkləşdirildi.
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər