Naxçıvan Muxtar Respublikasında Qurban bayramı mün...
09:30 06.06.2025
0
0
0
NAXÇIVAN :
06 Iyun 2025, Cümə
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Sahibə Qafarova ötən həftə Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri, eləcə də dövlət başçılarının işğaldan azad olunmuş Laçın şəhərində Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Zirvə Görüşünün keçirilməsi barədə məmnunluqla danışıb. O, bu zirvə görüşünün qardaş ölkələrimiz arasında möhkəm əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Pakistan səfiri Qasım Mohiuddin iki xalq arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu qeyd edib. O, Pakistan-Hindistan münaqişəsi barədə geniş məlumat verib və Azərbaycanın bütün sahələrdə Pakistana dəstəyini yüksək qiymətləndirib.
Sahibə Qafarova Azərbaycanın münaqişənin beynəlxalq hüququn normaları və BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun dialoq və sülh yolu ilə həllini dəstəklədiyini, Pakistanla həmrəylik nümayiş etdirdiyini vurğulayıb. O, həmçinin Pakistanın Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı ədalətli mövqeyinə dəstəyini yüksək qiymətləndirib.
Görüşdə parlamentlərarası əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsiri qeyd olunub. Sahibə Qafarova 2021-ci ildə Pakistana rəsmi səfərlərini və beynəlxalq tədbirlərdə həmkarları ilə keçirdiyi görüşləri xatırladıb. Həmçinin qanunvericilik orqanlarının ikitərəfli, üçtərəfli və çoxtərəfli platformalarda sıx əlaqələrinin mövcudluğu, o cümlədən Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Digər xəbərlər