NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında ilk iclası keçirilib

...

Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
“Şərq qapısı” xəbər verir ki, komitənin sədri Səməd Seyidov iclası açaraq nəzərə çatdırıb ki, gündəliyə 11 məsələ – komitədə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı və bir sıra qanun layihələri daxil edilib.
Komitə sədri yaz və növbədənkənar sessiyalarda görülən işlər barədə məlumat verib.
İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülmüş işlər barədə hesabat məqbul hesab olunub, komitənin 2026-cı ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı təsdiq edilib.
Sonra komitə sədri Səməd Seyidov gündəlikdəki digər məsələləri – hüquqi, iqtisadi, nəqliyyat, energetika və strateji əməkdaşlıq sahələrini əhatə edən bir sıra mühüm beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələrini təqdim edib.
Gündəliyin 3-cü məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı bildirilib ki, sözügedən Saziş iki ölkə arasında müntəzəm hava daşımalarının təşkili, aviasiya sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə imzalanıb, Azərbaycan və Monqolustan aviaşirkətləri arasında səmərəli əməkdaşlığın inkişafına xidmət edəcək.
4-cü məsələ - “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumatda təqdim olunan beynəlxalq sənədin insan hüquqlarının qorunması baxımından vacibliyi qeyd edilib, bu sahədə Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi vurğulanıb.
Sonra gündəlikdəki 5-ci məsələ - “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi təqdim edilib.
Növbəti, 6-cı məsələ - “Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.
7-ci məsələ - “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi diqqətə çatdırılıb.
Sonra gündəliyin 8-ci məsələsi – “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin mahiyyəti barədə söhbət açılıb. Sazişin iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olduğu qeyd edilib.
İclasda, habelə gündəliyin 9-cu məsələsi olan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi təqdim edilib. Vurğulanıb ki, sənəd iki ölkə arasındakı ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək - müttəfiqlik səviyyəsində formalaşmasını təmin edir. Qeyd olunub ki, Müqavilədə Azərbaycanla Qırğızıstan arasında bərabərlik, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəalar ehtiva edilir.
Sonra gündəlikdəki 10-cu məsələ - “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Sənəddə iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın tənzimlənməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Daha sonra gündəliyin sonuncu – 11-ci məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Sənəddə investisiya əməkdaşlığının genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi nəzərdə tutulur.
İclasda gündəlikdəki qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Nəşr edilib : 14.09.2026 18:48