Paşinyan: Azərbaycanla normallaşma üzrə konstrukti...
12:58 15.01.2025
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2025, Çərşənbə
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da deyildiyi kimi: “Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir”.
“Konstitusiya və Suverenlik İli” kimi tariximizə həkk olunacaq 2025-ci ildən ötən 30-35 illik zaman çərçivəsinə boylananda bugünkü qüdrətə, qalibiyyətə, ərazi bütövlüyü və dövlət suverenliyinə gələn yolun çətinliyi, keşməkeşliyi daha bariz şəkildə gözlərimiz önündə canlanır. Bir qədər yaxın keçmişə ekskurs etsək, görərik ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, o zaman ölkəyə rəhbərlik edənlərin naşılığı, yarıtmaz fəaliyyəti nəticəsində xalqımız nəinki öz konstitusion hüquqlarını əldə edib, hətta varlığını belə itirmək təhlükəsi ilə üzləşib. Lakin Ümummilli Liderimiz Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvanda Ali Məclisin Sədri kimi dövlətçiliyin bərpası yönündə həyata keçirdiyi tədbirlərin davamı olaraq 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı ilə ictimai-siyasi sabitliyi təmin etdi, müstəqil dövlət quruculuğu həyata keçirdi. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Konstitusiyada Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq əsas niyyətlərdən biri kimi bəyan edilib. Bu xüsusda onu qeyd etmək yerinə düşər ki, həmin niyyətlərə nail olmaq üçün həm dövlətimiz, həm də xalqımız birlik göstərərək 30 ilə yaxın haqq-ədalət mübarizəsi apardı. Nəhayət ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə əzəli, əbədi torpağımız olan Qarabağ azadlığına qovuşdu. 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində isə ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olundu. Bu proseslərin məntiqi davamı kimi, ölkə başçısının 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi...
Yuxarıda qeyd etdiyimiz fikirlər əsasında yola çıxaraq deyə bilərik ki, Prezident cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bir neçə vacib nüansları özündə ehtiva edir. Ali qanunun “Xalq hakimiyyəti” adlanan birinci fəslində bildirilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Məhz bu baxımdan, eyni zamanda da Konstitusiyanın ümumxalq referendumu nəticəsində qəbul olunduğunu nəzərə alsaq, atılan mütərəqqi addım başlıca olaraq xalqın milli ideyasına, iradəsinə, seçiminə hörmətin əlamətidir. 2025-ci ili əlamətdar edən digər vacib məqam isə tarixi Zəfərimizin 5-ci ilinin tamam olmasıdır. Həmçinin 2023-cü ildə ölkəmiz dövlət suverenliyini də tam bərpa etdi və 2025-ci ilin həm Konstitusiya, həm də Suverenlik İli kimi də qeyd olunması, bu mənada, olduqca mühümdür. Dövlət başçısının bu Sərəncamı tarixi Zəfərimizin, ərazi bütövlüyü və suverenliyimizin bərpa olunması prosesində əsas hərəkətverici qüvvə sayılan, vaxtilə Ulu Öndər tərəfindən irəli sürülən və bu gün ən ali keyfiyyətləri özündə cəmləşdirən, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirən həmrəylik ideyasının təntənəsidir...
Bu gün Azərbaycan dövləti xalqımızın milli maraqlarını əsas tutaraq yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla həyata keçirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Regional və beynəlxalq müstəvidə kifayət qədər söz və nüfuza malik olan ölkəmiz tarixi nailiyyətlərə imza atır, xarici təhdidlərə qarşı ideoloji təhlükəsizliyini etibarlı şəkildə təmin edir, hərbi qüdrətini artırır, Qarabağın, Şərqi Zəngəzurun bərpası prosesini uğurla reallaşdırır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyada dövlətin əsasları kimi müəyyənləşdirilən demokratik, hüquqi, dünyəvi, unitar respublika prinsipləri üzərində nümunəvi idarəçilik modeli formalaşdırılıb. Respublikamızda yaradılan tolerantlıq mühiti burada yaşayan ayrı-ayrı xalqların öz dini bayramlarını, ayinlərini sərbəst şəkildə həyata keçirmələrinə əlverişli imkanlar açır, onların hüquqları ən yüksək səviyyədə təmin edilir.
Dövlətimiz Konstitusiyada da qeyd olunan, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi kimi ali məqsədi daim üstün tutur. Bu məqsədlə yeni iş yerləri açılır, sosial layihələr icra olunur, əhalinin həssas qruplarının, o cümlədən şəhid və qazi ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. 2003-cü ildən bu günə kimi ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. Strateji inkişaf kursunun uğur göstəricisidir ki, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.
Hər il dövlət büdcəsinin təsdiqi zamanı büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. 2018-2023-cü illərdə isə 4 milyondan çox vətəndaşı əhatə edən, 7 milyard manatlıq 4 sosial islahat paketi icra olunub, minimum əməkhaqqı 2,7, pensiya məbləği isə 2,5 dəfə artıb. Yenicə qədəm qoyduğumuz 2025-ci ildə də minimum əməkhaqqı və pensiyanın məbləği artırıldı. Eyni zamanda Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərarlarında dəyişiklik edərək əməkhaqqılara yeni artımları təsdiqlədi. Verilən son rəsmi açıqlamalara görə minimum əməkhaqqının artırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min, ümumi sosial paket isə 3 milyon vətəndaşı əhatə edəcək...
Artıq 5-ci ildir, qalib ölkə, müzəffər xalq olaraq təqvimin yeni ilinə böyük ruh yüksəkliyi, mühüm nailiyyətlər qazanmaq əzmiylə qədəm qoyuruq. Tariximizin “Konstitusiya və Suverenlik İli” adlanan 2025-ci ilində də bizi bu günümüzə qovuşduran, ilk Milli Konstitusiyamızın banisi Ulu Öndərin yoluna sədaqətlə dahi şəxsiyyətin aktuallığını daim qoruyan kəlamlarını hörmət və ehtiramla xatırlayaraq yolumuza inamla davam edirik: “Biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar. Məhz bunun üçün illərlə ac qalmaq olar. Çünki əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq”. Bəli, bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyevlə birgə biz müstəqil olmaqla bərabər həm də qalibik, suverenik. “Konstitusiya və Suverenlik İli”nin ölkəmiz və xalqımız üçün xeyirli-uğurlu, yeni tarixi qələbələr ili olması diləyi ilə...
Nail ƏSGƏROV
Digər xəbərlər