NAXÇIVAN :

03 Oktyabr 2024, Cümə axşamı

Mikayıl Cabbarov: Qalıq yanacaq subsidiyaları davamlı enerji həllərinə keçidə əsas maneədir

...

Bu gün Azərbaycan dünyanın prioritet hesab etdiyi yaşıl keçidin əsas iştirakçılarından biridir. Ölkəmizin iqlim dəyişikliyi məqsədlərinin qlobal çağırışlarla uzlaşdırılması, bizim üçün dəyərli bir təcrübə yaradıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, böyük enerji şirkətləri ilə həyata keçirilən “yaşıl layihələr” ölkəmizi təmiz enerji dövlətinə çevirmək və ekoloji dayanıqlığı dəstəkləyən investisiyaları təşviq etmək məqsədi güdür.

“Bununla əlaqədar biz müəyyən öhdəliklər götürmüşük. “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elektrik enerjisi istehsalı üçün bərpaolunan enerji mənbələrinin payının artırılması və tullantıların təkrar emalı proseslərinin genişləndirilməsi məqsədi müəyyən edilib. SOCAR-ın COP28 çərçivəsində 2050-ci ilə qədər karbonsuzlaşdırma strategiyasını həyata keçirmək və sıfır metan emissiyasına nail olmaq üzrə könüllü öhdəliyi isə sevindiricidir. Beynəlxalq Valyuta Fondunun 2023-cü il hesabatına əsasən, qlobal qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb ki, bu da qlobal ÜDM-in təxminən 7,1 faizini təşkil edir. Bu əhəmiyyətli sərmayə yalnız qalıq yanacaqlardan davamlı asılılığımızı vurğulamır, həm də davamlı enerji həllərinə keçidin əsas maneəsini yaradır. Təsəvvür edin ki, bu subsidiyaların yalnız bir hissəsi bərpaolunan enerji, yaşıl texnologiyalar və iqlimə davamlılıq təşəbbüslərinə yönəldilərsə, transformasiya imkanları necə genişlənəcək? Həmin resurslarla təmiz enerjiyə doğru hərəkət sürətləndirilməklə yanaşı, innovasiyalar stimullaşdırıla və yaşıl iqtisadiyyatda milyonlarla yeni iş yeri yaradıla bilər. Müsbət dəyişiklik potensialı böyükdür və bundan daha davamlı bir gələcək üçün istifadə etməyin vaxtıdır”, - deyə M.Cabbarov əlavə edib.

Nəşr edilib : 30.09.2024 11:44