Haqqınız sizin təminatınızdır!
10:00 15.03.2025
0
0
2
NAXÇIVAN :
15 Mart 2025, Şənbə
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixdə imzaladığı Fərmanla Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb. Agentlik fəaliyyətini media sahəsinin inkişafının dəstəklənməsi, media sahəsində peşəkar mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və orada çalışan jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də sözügedən sferada yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində qurub.
Bununla bağlı MEDİA-nın Naxçıvan Regional İdarəsinin rəhbəri Vəfa İsgəndərova bildirdi ki, agentlik fəaliyyət göstərdiyi müddət ərzində nəinki mərkəzi media subyektlərinin və jurnalistlərin, həmçinin regional medianın inkişafı üçün də bir sıra layihələr və çoxşaxəli tədbirlər həyata keçirib.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən media subyektləri və jurnalistlər də bu baxımdan istisna deyil. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən media subyektləri üçün inkişaf proqramlarının hazırlanması məqsədilə MEDİA-nın Naxçıvan Regional İdarəsi tərəfindən Naxçıvanda media sisteminin cari vəziyyətinin qiymətləndirilməsi aparılmışdır. Fəaliyyət göstərdiyi bir ilə yaxın müddət ərzində idarə tərəfindən “Regional medianın inkişafı” layihəsi də daxil olmaqla bir sıra tədbirlər, könüllülük proqramı həyata keçirilib. Muxtar respublikanın media subyektləri agentliyin gerçəkləşdirdiyi müxtəlif səpkili müsabiqələrdə aktiv iştiraka cəlb olunub. Bunlardan başqa, jurnalistlərin peşəkarlıqlarının artırılması istiqamətində bir sıra təlim və seminarlar da həyata keçirilib.
Vəfa İsgəndərova onu da bildirdi ki, Medianın İnkişafı Agentliyi olaraq növbəti dövr ərzində də həm aktual, həm də medianın inkişafını dəstəkləyən müasir və innovativ proqramların reallaşdırılması istiqamətində işlərimizi davam etdirəcəyik.
Mətbuatın 150 illik yubileyi ilə bağlı agentlik tərəfindən hansı işlərin görüləcəyi barədə sualımıza cavab verən müsahibimiz deyir ki, Həsən bəy Zərdabinin əsasını qoyduğu zəngin tarixə malik Azərbaycan mətbuatının bu il 150 illik yubileyidir. Jurnalistikanın davamlı inkişafını təşviq edən Medianın İnkişafı Agentliyi bununla bağlı bir çox layihələr həyata keçirəcək. Bu tədbirlərdə digər dövlət və özəl qurumların da iştirakı nəzərdə tutulur. Həmçinin əhalinin media savadlılığının artırılması və digər maarifləndirici işlərin həyata keçirilməsi yönündə tədbirlərin icrası da planlaşdırılır.
Media könüllüləri layihəsi haqqında danışan Vəfa xanımın sözlərinə görə, bu günədək Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin təşkilatçılığı ilə Media könüllüləri və “MediaLab” proqramları çərçivəsində efirdə nitq mədəniyyəti, televiziya və radioda xəbər, effektiv PR-in əsas elementləri, mediada yeni trendlər, stres və böhran şəraitində ünsiyyət strategiyaları, media etikası, effektiv ünsiyyət bacarıqları, medianın hüquqi tənzimlənməsi, mediada iqtisadi məlumatların təhlili, media savadlılığı və başqa mövzularda təlim və seminarlar təşkil olunub. Bundan başqa, Naxçıvan media könüllüləri, Naxçıvan Televiziyası və “Şərq qapısı” qəzetinin nümayəndələrinin Bakıda keçirilən Media Savadlılığı Konfransında iştirakı təmin edilib. Media könüllülərimiz muxtar respublikamızda təşkil edilən digər dövlət tədbirlərində də aktiv iştirak ediblər. Naxçıvan media könüllülərinin Bakı media könüllüləri ilə şəbəkələşmə tədbirləri reallaşdırılıb. Fevralın 2-də Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə keçirilən Gənclər Gününə həsr olunmuş “Könüllü təşkilatlarının dayanıqlı inkişaf Forumunda Naxçıvan könüllülərindən ikisi fəxri fərmanla təltif olunub.
Ümumən, alınan müsbət rəylərə görə, Naxçıvanda media könüllülərinin fəaliyyətini çox yüksək dəyərləndirmək mümkündür. Artıq layihənin davamını böyük ümidlərlə gözləyən çoxlu sayda gənclər qeydiyyatdan keçib.
Müsahibimiz onu da diqqətimizə çatdırdı ki, Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsi bu il də müxtəlif istiqamətlərdə işlərə davam edəcək. Buraya həm jurnalistlər, həm də könüllülərin peşəkar və fərdi inkişafı üçün nəzərdə tutulan maraqlı təlim və seminarlar daxil olacaq. Mətbuatın 150 illiyi, “Konstitusiya və Suverenlik İli” ilə bağlı olan mövzular diqqət mərkəzində saxlanılacaq. Jurnalistlərin hüquqi biliklərinin artırılması yönündə silsilə tədbirlər həyata keçiriləcək. Media savadlılığı həftəsi çərçivəsində əhalinin bütün seqmentinə yönəlik maarifləndirici layihələr icra olunacaq. Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası ilə qarşılıqlı münasibətlərin genişləndirilməsi, Jurnalistika ixtisasında dərs keçən müəllim kollektivi və orada təhsil alan tələbələrlə faydalı görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Biz də Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin rəhbəri Vəfa İsgəndərovaya maraqlı söhbətinə görə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Bülbül Quliyeva
Digər xəbərlər