NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

Məqsədyönlü fəaliyyət uğurların artmasına imkan verib

...

Naxçıvan Dövlət Universitetinin ölkəmizin ali təhsil müəssisələri sırasında özünəməxsus yeri var. Yüksək biliyə malik mütəxəssislərin hazırlanaraq əmək bazarına yetkin kadr kimi təqdim edilməsi universitetin qarşısında duran ən başlıca vəzifədir. Bunun üçün ali təhsil ocağında hərtərəfli şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə edən tələbə və müəllim kollektivi son illər bir sıra uğurlara imza atır. Həmsöhbətimiz Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubovdur. Müsahibimizə ilk sualımız belə oldu:
- Naxçıvan Dövlət Universiteti tələbələrə hansı sosial imkanları təqdim edir?
- Naxçıvan Dövlət Universitetində ali təhsilin yalnız tədris prosesi ilə məhdudlaşmadığını, tələbənin sosial rifahı, yaşayış şəraiti və şəxsi inkişafı ilə birbaşa əlaqəli olduğu diqqət mərkəzində saxlanılır. Məhz bu yanaşma ilə tələbələrin sosial təminatı və rahatlığı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
İlk növbədə, tələbə yaşayışı üçün yaradılmış şəraitdən danışmaq istərdim. Universitetimizin yataqxana kompleksi müasir standartlara cavab verir və burada tələbələrin rahatlığı üçün hər cür imkan yaradılıb. Yataqxana otaqları istilik sistemi, daimi isti su, sürətli internet, təmirli sanitar qovşaqları və oxu guşələri ilə təchiz olunub. Binada yeməkxana, camaşırxana, istirahət otaqları və mühafizə xidməti fəaliyyət göstərir. Tələbələrin rahat və təhlükəsiz mühitdə yaşamaları üçün nəzarət və dəstək sistemi daim aktivdir.
İkinci vacib məqam tələbələrin sosial müdafiəsidir. Universitetimizdə aztəminatlı ailələrdən olan, valideyn himayəsindən məhrum olmuş, şəhid övladları və əlilliyi olan tələbələrə xüsusi diqqət göstərilir. Onlar üçün həm dövlət, həm də universitet daxili təqaüd və güzəşt sistemləri mövcuddur. Bundan əlavə, yüksək akademik nəticə göstərən tələbələr üçün həm dövlət təqaüdləri, həm də əlavə motivasiyaedici təqaüdlər nəzərdə tutulub. Bu sistem tələbələrin həm sosial, həm də intellektual inkişafını stimullaşdırmaq məqsədi daşıyır.
Tələbələrin sağlam həyat tərzi keçirməsi və sosiallaşması üçün də geniş imkanlar yaradılıb. Ali təhsil ocağında fəaliyyət göstərən idman kompleksi, açıq hava idman meydançaları, həmçinin müxtəlif idman dərnəkləri gənclərin fiziki sağlamlığı və sosiallaşması üçün əhəmiyyətli platformadır.
Bununla yanaşı, universitet daxilində psixoloji dəstək xidməti, karyera planlaşdırması mərkəzi, tələbə təşkilatları, könüllülük platformaları və sosial layihələrdə iştirak imkanı tələbələrin həm fərdi inkişafına, həm də cəmiyyətə inteqrasiyasına şərait yaradır.
Universitetdə tələbənin yalnız savadlı deyil, eyni zamanda sosial cəhətdən təmin olunmuş, özünə güvənən və aktiv vətəndaş kimi formalaşması hədəfə alırıq. Sosial imkanlarımız da məhz bu yanaşmanı əks etdirən fundamental dayaqlardan biridir.
- Universitetin ictimaiyyətlə əlaqələr sahəsində gördüyü işlər barədə nə deyə bilərsiniz?
Naxçıvan Dövlət Universitetində ictimaiyyətlə əlaqələr sahəsi strateji və sistemli şəkildə həyata keçirilir. Bu istiqamətdə fəaliyyət yalnız informasiya yayımı ilə məhdudlaşdırılmır, eyni zamanda təhsil ocağının cəmiyyətlə dayanıqlı və açıq ünsiyyətinin təmini diqqətdə saxlanılır.
Universitetin rəsmi internet saytı və aktiv sosial media platformaları – “Facebook”, “Instagram”, “YouTube” və digər kanallar vasitəsilə ictimaiyyətə gündəlik yeniliklər, elmi və mədəni tədbirlər, tələbə uğurları barədə məlumatlar təqdim olunur. Bu kontentlər təkcə informativ deyil, həm də interaktiv, vizual baxımdan cəlbedici və ictimaiyyətlə qarşılıqlı əlaqəyə əsaslanan şəkildə hazırlanır.
Eyni zamanda universitetin “Yeni fikir” adlı qəzetinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Bu nəşr universitetin rəsmi qəzetidir və burada həm tələbə-müəllim fəaliyyətləri, həm də elmi-ictimai mövzular əks olunur. “Yeni fikir” universitetin daxili həyatını, nailiyyətlərini və ideoloji istiqamətini geniş oxucu auditoriyasına çatdıran mühüm platformadır. Qəzet həm çap, həm də elektron versiyada yayımlanır və daim yenilənən formatda oxuculara təqdim olunur.
Bununla yanaşı, tələbələrin media sahəsindəki bacarıqlarını inkişaf etdirmək məqsədilə “NDU Media” komandası yaradılıb. Bu platforma tələbələrin öz media layihələrini həyata keçirməsinə imkan verir - reportajlar, sosial çarxlar, müsahibələr və video materiallarla universitet həyatını ictimaiyyətə daha canlı şəkildə təqdim edirlər.
Bütün bu fəaliyyətlər, ümumilikdə, Naxçıvan Dövlət Universitetinin cəmiyyətdə şəffaf, açıq və müasir ali təhsil brendi kimi möhkəmlənməsinə xidmət edir.
- Sosial fəaliyyətlər və tələbə təşəbbüslərinin dəstəklənməsi üçün hansı platformalar mövcuddur?
 - Naxçıvan Dövlət Universiteti tələbələrin sosial fəallığını və təşəbbüskarlığını dəstəkləyən mütəşəkkil və çoxşaxəli bir platforma sisteminə malikdir. Ali təhsil ocağında tələbələrin bilik qazanması ilə yanaşı, həm də liderlik, ictimai iştirakçılıq və sosial məsuliyyət bacarıqları inkişaf etdirilir. Onların təşəbbüslərini və sosial fəaliyyətlərini dəstəkləmək məqsədilə universitetdə müxtəlif platformalar yaradılmışdır. Bunlara Tələbə Elmi Cəmiyyəti (TEC), Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Turizm Assosiasiyası, EMSA (Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən EMSA – Avropa Tibb Tələbələri Assosiasiyası) tələbələrin akademik və peşəkar inkişafına xidmət edən ən mühüm platformalardır. Bu təşkilatlar universitetin beynəlxalq təhsil mühitinə inteqrasiyası və tələbələrin qlobal miqyasda təcrübə qazanmaları baxımından xüsusi əhəmiyyət daşıyır. Bu qurumlar tələbələrin sosial, mədəni və intellektual inkişafını dəstəkləməklə yanaşı, onların liderlik və layihə idarəetməsi bacarıqlarının inkişafını diqqətdə saxlayır. Universitet tərəfindən tələbə layihələrinə maliyyə və təşkilati dəstək göstərilir. Fəal tələbələr universitetin ictimai həyatında aktiv şəkildə iştirak edir və təşəbbüsləri həvəslə qarşılanır.
- NDU-nun son dövrlərdəki imicinin gücləndirilməsi istiqamətində hansı işlər görülüb?
- Son illər universitetdə imicin gücləndirilməsi istiqamətində həyata keçirilən işlər sistemli, ardıcıl və strateji yanaşma ilə icra olunur. Universitet rəhbərliyi bu məsələyə yalnız vizual yenilənmə və reklam priyomları kimi deyil, bütövlükdə, təhsil keyfiyyəti, beynəlxalqlaşma, sosial mühit və ictimaiyyətlə əlaqələr sahələrində aparılan islahatlar çərçivəsində yanaşır.
İlk növbədə, qeyd edək ki,  universitetin brend kimliyi müasirləşdirilmişdir – rəsmi loqo, rəqəmsal təqdimat materialları, dizayn standartları və kommunikasiya dili yenilənmişdir. Bu da universitetin vahid və tanınan vizual üslubla çıxış etməsinə şərait yaratmışdır. Eyni zamanda sosial media platformalarında kontent strategiyası gücləndirilmiş, tələbə uğurları, elmi nailiyyətlər, beynəlxalq əməkdaşlıqlar və sosial layihələr ictimaiyyətə peşəkar formada təqdim olunur.
Universitetin beynəlxalq nüfuzunun artırılması istiqamətində də ciddi addımlar atılıb. Bir sıra Avropa və Asiya ölkələrinin nüfuzlu universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanıb. Bu isə NDU-nun regional universitet imicindən çıxaraq qlobal təhsil ailəsinin fəal üzvünə çevrilməsinə təkan verir.
Bu gün Naxçıvan Dövlət Universiteti təkcə regional yox, həm də beynəlxalq miqyasda tanınan, rəqabətədavamlı, şəffaf və müasir bir ali təhsil ocağı kimi təqdim olunur. Və atılan hər addım bu imicin daha da möhkəmləndirilməsinə xidmət edir.
- Xaricdən tələbə cəlbi istiqamətində hansı PR strategiyalarınız var?
- Xarici tələbələrin cəlb edilməsi Naxçıvan Dövlət Universitetinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə beynəlxalq təhsil sərgilərində aktiv iştirak edirik və universitetin ingilis və rus dillərində təqdimat materialları hazırlanır. Eyni zamanda universitetin beynəlxalq platformalarda iştirakı sayəsində tələbə və müəllim mübadiləsi proqramları genişlənmişdir. PR strategiyamızda rəqəmsal marketinq, beynəlxalq universitet reytinqlərində iştirak və diplomların tanınması ilə bağlı məlumatların effektiv çatdırılması əsas yer tutur. Xarici tələbələr üçün hazırlıq proqramları, mentorluq sistemi və mədəni inteqrasiya tədbirləri vasitəsilə cəlbediciliyi daha da artırmağa çalışırıq.
- Müsahibə üçün sağ olun. 

Söhbətləşdi: 
Aidə İBRAHİMOVA

Nəşr edilib : 08.08.2025 14:57