Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Bəzən dönüb geriyə baxdıqda zamanın çox sürətlə keçdiyini və bizim nə narahatçılıqlarımızın, nə də sevinclərimizin fayda verdiyini görürük. Düşündüyümüz, sadəcə, acılı-şirinli xatirələrdir. Bu xatirələrin arasında bizi ən çox xoşbəxt edən məsum olduğumuz anlardır. Bəli, məsum olduğumuz anlar.
Hər şeyin nisbi olduğu bu xəyali dünyada ömür, sadəcə, səhvlə düzün arasında keçir. Bir-birimizlə savaşa-savaşa, didişə-didişə bizə verilən zaman payının sonuncu kuponunu bu savaşda uduzuruq. Bir az da dərin düşünəndə özümüzün qurban olduğunu görürük. Necə? Əlbəttə, izah edəcəm. Mən Əhmədov Fariz evin tək oğluyam. Özümü tanıdığım qədər yaxşı mütaliəm var, amma və lakin evin tək oğlu olduğum üçün ata-anamı buraxıb xaricə və yaxud dünya turuna çıxıb daha yaxşı bir ədəbiyyat ortaya qoya bilmirəm. Çünki mən qurban seçilmişəm.
Bütün ailələrdə mütləq ki, qurbanlar var. Kimisi bu missiyaya layiq görülüb, kimisi isə özü seçib bu “şərəfli” missiyanı. Hər birimiz yüz faiz xoşbəxt görünməyə çalışırıq, fəqət bu göründüyü kimi deyil. Başımızı qoyduğumuz yastığın islanmış tərəfini, sadəcə, biz görürük. Sanki göz yaşlarımız da kimisə incitməmək, kiməsə görünməmək üçün heç kəsin görmədiyi tərəfə axır.
Bəzən dediyimiz, bəzən də demədiyimiz sözlər bizi qocaldır. 30 ildə qazandığımız etibarı elə bir andaca, bir sözlə, Everest zirvəsindən heç nə olmamış kimi atmağı bacarırıq. Bəzən də qarşımıza çıxmayanlara tələsərkən bizi gözləyənlərə çox gecikirik. Düşünün, bir insanı şüşə kimi sındıra bilsək, qarşımıza çıxan mənzərə heç də o şüşədən fərqli olmayacaq. Şüşə necə əlimizdən saldığımız zaman parça-parça olursa, insan da məhz bu cür sınır. Və bir müddət sonra heç nə olmamış kimi çalışırıq ki, o qırıqları toplayaq yenidən həmin insanı yaradaq. Fəqət düşünmürük ki, biz onun ruhunu öldürdük, yerinə düzəldib qoyduğumuzun isə bir maketdən fərqi yoxdur.
Elə də olur ki, bir insana dəyər verib ona qəlbimizi açırıq. Sonra onu bu halı ilə çox sevdiyimizi və ona nə qədər dəyərli olduğunu xatırladırıq. Bir müddət sonra hacətimiz qəbul olduqda isə onu qırıb, parçalayıb ondan böyük bir “mən” düzəldirik. “Mən” istəmirəm filan tədbirə gedəsən. Mən” istəmirəm belə olasan. Beləcə, “mən” istəmirəmlərin ardı-arası heç bitmir. Adını da qoyuruq sədaqət. Bəs həqiqətdə bu adam qurban deyil? Hər şeyini bizə qurban verən bu adamı lazım gəldikdə çox asanlıqla əvəz edə, dəyişə bilirik.
Mənim düşüncəmə görə insan kamil varlıq deyil. Mütləq ki naqisliyi var. Gəlin düşünək əgər biz kamil olsaydıq, yer üzündə nə müharibə, nə fitnə, nə də bizi yaradana ehtiyac qalmazdı. Zənnimcə, hər birimizə bərabər paylanan ağıl payını fərqli istifadə etdiyimizə görə fərqliliklər ortaya çıxır və biz bunun adını naqislik qoyuruq. Məsələn, mənim mütaliəm çoxdu, amma içimdəki uşaq heç böyüməyib. Mən uşaqlığımdan yarım qalmışam. Başqası uşaqlığını yaşayıb, amma qabiliyyəti yoxdu. Yəni bütün enerjisini o uşaqlığı tam yaşamağa həsr edib. Bəs siz nədən yarım qalmısız həyatda? İnanıram ki, hər kəs bu yazıda özünü tapacaq.
Mən özümə çox sual verirəm ki, “Kiməm mən”, – deyə? Əvvəl daha çox Fariz idim, mütaliəm artdıqca “Dumanlı Təbriz”də Həsən bəy, “Dahi”də Yuşin, Amin Mooalfın “Səmərqənd”ində Ömər Xəyyam, “Ovod”dakı Rivaris, “Diriliş”dəki Nexlyudov, “Bilqamıs”dakı hər şeyi bilən adam, “6 nömrəli palata”dakı Andrey Yefimiç, “Sergi ata”dakı Kasatski oldum. İndi mən özüm də bilmirəm kiməm. Bəlkə, batan ulduz, sönən şamam. Bəlkə də, hamının getdiyi, heç kəsin qalmadığı yarım adam, yarımçıq adamam indi. Ən azından mən artıq bilirəm ki, kiməm mən. Bəs siz kimsiniz?
Fariz ƏHMƏDOV
Naxçıvan televiziyasının baş redaktoru
Digər xəbərlər